Xəzərin status problemi kəskinləşir
20 Mart 2013 07:25 (UTC+04:00)
Yeni müstəqillik tarixində Azərbaycanın qarşılaşdığı əsas
problemlərdən biri də Xəzərin hüquqi statusu ilə bağlıdır. Hazırda
sahilyanı ölkələr arasında statusun müəyyən edilməməsi səbəbindən
ən çox zərər məhz Azərbaycan tərəfinə dəyir. Çünki, statusun
qeyri-müəyyənliyi üzündən ölkəmiz İranla mübahisə predmetinə
çevrilən "Araz-Alov-Şərq" yataqlarının istismarını həyata keçirə
bilmir.
Halbuki, yatağın işlənməsi məqsədilə əcnəbi şirkətlərlə müvafiq
müqavilələr də imzlanıb. Eyni sözləri Türkmənistanla sərhəd
yaxınlığında yerləşən "Kəpəz" yatağı barədə də söyləmək mümkündür.
Bu məsələ ətrafında yaxın tezlikdə hansısa razılığın əldə olunması
isə inandırıcı sayılmır.
Daha bir vacib nüans isə ondan ibarətdir ki, geosiyasi və enerji
maraqları da dənizin status probleminin həlli yolunda böyük maneəyə
çevrilib. Məsələn, "Transxəzər" layihəsinin reallaşmasına imkan
verməmək üçün Rusiyanın Xəzərin statusunun yaxın tezlikdə çözümü
üçün ortaya lazımi mövqe qoyacağı qətiyyən inandırıcı deyil.
Düzdür, Rusiyanın özünün dənizdə status problemi yoxdur. Lakin bu
ölkənin status məsələsini problemə çevirən İran və Türkmənistana
təsirləri də az deyil. Yeri gəlmişkən qeyd edək ki, Xarici İşlər
Nazirliyində Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə
ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilib. Görüşdə
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya
Prezidentinin Rusiyanın həmsərhəd olan MDB iştirakçı dövlətləri ilə
dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə xüsusi
nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar
üzrə Səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri
iştirak edib.
Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya
layihəsinin müddəaları, Xəzərdə əməkdaşlıq, o cümlədən
təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər məqamlar
müzakirə edilib. Eyni zamanda mövqelərin yaxınlaşdırılması üçün
məsələlər araşdırılmış, aktual mövzular üzrə geniş fikir mübadiləsi
aparılıb. Görüşün sonunda Xəzər məsələləri üzrə ikitərəfli formatda
keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb və belə
danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib. Lakin
reallıqda Moskvanın hansısa addım atacağı qeyd olunduğu kimi şübhə
doğurur. Əvəzində Rusiya və İran Xəzərə yeni hərbi qüvvələr
cəmləşdirməklə dənizi əsl "barıt çəlləyinə" çevirirlər. Elə 4 gün
öncə İran yerli istehsalı olan yeni anti-raket sistemli hərbi
gəmisini Xəzər dənizinə buraxıb. "Cəmaran-2" adlı gəminin ümumi
uzunluğu 94 metrdir və saatda 56.1 kilometr sürətlə hərəkət edə
bilir. Üzərində helikopter meydanı olan gəmi, eyni zamanda, yerüstü
dağıdıcı raketlə, qırıcı əleyhinə batareyalarla, üstün
kommunikasiya sistemilə, hərəkətli radar sistemilə və müxtəlif
silahlarla təchiz olunub. Gəmi Ənzəli limanından dənizə buraxılıb.
Açılış tədbirində iştrak edən İran prezidenti Mahmud Əhmədinejat
"Cəmaran-2"nin regionda sülh və dostluğa xidmət edəcəyini bildirib.
Onun sözlərinə görə, qərb İranın texnologiya sahəsində
təcrübələrini görərək onun nüvə imkanlarının məhv edilə
bilməyəcəyini anlayır.
Məlumat üçün bildirək ki, "Cəmaran-2"nin gələn ay İran donanmasına
qoşulacağı gözlənilir. İran gəminin prototipini ilk dəfə isə
2010-cu ildə Fars körfəzində işə salıb. Ümumiyyətlə isə İran
1992-ci ildən hərbi sənayedə sıçrayış edərək indiyə qədər yerli
qırıcı təyyarələr, tanklar, raketlər, torpedolar və yüngül sualtı
qayıqlar istehsal etməyə başlayıb. Bunun ardınca isə İranın müdafiə
naziri Əhməd Vəhidinin verdiyi açıqlamalar təhlükəli nüanslardan
xəbər verir. Nazir bildirir ki, İran Xəzərə çıxışı olmayan
ölkələrin bu dənizdə fəaliyyətinə reaksiya verəcək. Onun sözlərinə
görə, Xəzəryanı dövlətlərin icazəsi olmadan digər ölkələrin burada
fəaliyyətinə İran reaksiya göstərəcək və ölkə su, hava və quru
sərhədlərini ciddi şəkildə qorumağı nəzərdə tutub. İranın müdafiə
naziri dənizdə Xəzəryanı dövlətlərin birgə hərbi qüvvələrinin
yaradılmasını təklif edib və ölkəsinin narkotik maddələr,
qaçaqmalçılıq, terrorla mübarizə sahəsində yüksək təcrübəyə malik
olduğunu vurğulayıb.
Xaıtrladaq ki, Xəzəryanı ölkələrdən əsasən Azərbaycan Xəzərə çıxışı
olmayan ölkələr, yəni Qərb dövlətləri ilə dənizdə enenrji sahəsində
sıx əməkdaşlıq edir. Bu isə o deməkdir ki, iranlı nazirin fikirləri
daha çox ölkəmizə qarşı yönəlib. Ekspertlər onu da xatırladır ki,
son dövrlərdə İran Xəzərdə hərbi gücünü durmadan artırır. Bu isə
bilavasitə İrana qarşı mümkün müharibə hazırlığı ilə izah olunur.
Xəzərdə İranın hədəfinin kim olacağına gəlincə, bu xüsusda elə bu
günlərdə ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov maraqlı bir
açıqlama vermişdi. Dünya ölkələrinin İrana qarşı tətbiq etdiyi
sanksiyalara toxunan ARDNŞ rəsmisi bir sıra maraqlı məqamlara
aydınlıq gətirmişdi: "Bizdən İranı "Şahdəniz" yatağından
kənarlaşdırmağı istədilər. İran konsorsiumda iştirak etməsəydi,
Xəzərin mübahisəli ərazilərində neft istehsal edə bilməzdik. Bu gün
İrana qarşı hərbi əməliyyatlar barədə danışılır. Bu əməliyyatlar
başlasa, İran raketləri ABŞ-a gedib çatmayacaq. İsrailin də çox
güclü hava hücumundan müdafiə sistemi var. İran Rusiyanı
vurmayacaq, Ermənistana da toxunmayacaq. O zaman ortada kim qalır?
İran raketlərinin hədəfi "Şahdəniz" yatağı olacaq. Onlar Avropanı
enerji ilə təchiz edən ilkin təbii enerji mənbələrinə zərbə
vuracaqlar".
Bütün bunlar isə dənizin statusun müəyyən olunmasında əsl problemə
çevrilib. Hadisələrin inkişaf istifqaməti, İran ətrafında baş
verənlər isə status probleminin daha da böyüyəcəyini və
kəskinləşəcəyini deməyə əsas verir. Xatırladaq ki, Xəzərin statusu
problemi SSRİ dağıldıqdan sonra İranın 1921 və 1940-cı il tarixli
sovet-İran müqavilələrini tanımaqdan imtina etməsi və dəniz
hissəsinə hamı ilə bərabər iddiaları haqqında bəyan etməsilə
yaranıb. Hərçənd, sovet dövründə mövcud olan Astara-Həsənqulu
bölücü xəttinə əsasən, İranın payı 12% təşkil edirdi. Sonrakı
danışıqlar prosesi zamanı Azərbaycan, Qazaxıstan və Rusiya bütün
tərəfləri dənizin orta xətt prinsipilə bölünməsinə çağırsa da,
Türkmənistan və İran bu yanaşmadan imtina edir. Lakin razılaşma
üçün Tehranın dənizin 5 bərabər hissəyə bölünməsi prinsipindən geri
çəkilməsi lazımdır. Hələlik isə rəsmi Tehran bununla
razılaşmır.