Hadi Rəcəbli: “Reproduktiv sağlamlıqla bağlı məsələyə mütləq qayıdılacaq”

24 Mart 2013 11:49 (UTC+04:00)

"Bizim-sosial sahəyə aid olan qanunlarımız heç vaxt parlamentdə bir dəfəyə, bir oxunuşda, bir təşəbbüsdə keçmir. Ona görə ki, əhalinin bütün təbəqələrini tərpədir, əhalinin bütün təbəqələrinə bağlıdır və bəzi məsələlər də sırf mentalitetdən asılıdır".


Bunu Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Reproduktiv sağlamlığın təmin edilməsi haqqında" parlamentdə ciddi mübahisə və müzakirələrə yol açmış qanun layihəsinin taleyi məsələsinə aydınlıq gətirərkən bildirib.


Komitə sədrinin qeyd etdiyinə görə, reproduktiv sağlamlıqla bağlı məsələ 5 il öncə parlamentdə ortaya qoyulub, ilk dövrlərdən fərqli olaraq, artıq bunun ətrafında söhbətlər səngiyib:


"Beş il bundan qabaq nədən danışırdılar, bu gün başqa şeydən danışırlar. Yəni, qanun layihəsi ətrafında söz-söhbətlər səngiyib. Adamlar artıq yavaş-yavaş başa düşürlər ki, vəziyyət belədir, bu, lazımlıdır. Buna baxmayaraq, biz cəmiyyətin, sosial sifarişin icrasındayıq. Ona görə biz düşünürük ki, əgər cəmiyyətdə bu məsələ mübahisəlidirsə, qoy cəmiyyətdə bir az da çözülsün".


Mübahisəli məqamlara gəlincə, komitə sədri deyib ki, burada bir neçə mübahisəli məqam var:


"Bunun biri süni mayalanmadır. Bunun adı, əlbəttə, başqa cürdür elmi dildə. Biz də bunu bir az loru dildə süni mayalanma adlandırıblar... Amma dünyada bu geniş yayılmış bir metoddur və burada öz həyat yoldaşının, iki cütlüyün süni mayalanmasından söhbət gedir. Burada, demək, müdaxilə yolu ilə həmin o kişinin o qadınla izdivacının, necə deyərlər, onun təşkil olunmasıdır. Bu məsələnin birinci tərəfidir, amma bunu bəzən heç kim başa düşmür. Deyirlər ki, burada düzgün deyil. İkinci məsələ də, əlbəttə, nadir hallarda, ailələrin razılığı ilə övladlığa uşaq götürmək olar. Başqa addımlar atılır, amma başqa insanın yolu ilə, demək, tamam konfidensial, tamam məxfi belə bir addımın atılması da, dünyada mövcuddur. Amma bizim, necə deyərlər, mentalitetimiz hələlik buna bir qədər imkan vermir. Ancaq məsələn, İranda siğə yolu ilə bu həll olunur, bir başqa yol tapılır. Dünyanın bir sıra ölkələrində bu addımlar atılır. Amma Azərbaycanda bu bir az ağrılı qəbul olunur. Odur ki, biz də bu məsələni hələlik dayandırdıq. Bütövlükdə isə sözügedən qanun layihəsi, düşünürəm ki, önəmli sənəddir, bu, hökmən ortaya gələcək və bunu biz müzakirə edəcəyik. Amma bu gün biz hələlik buna baxmırıq".