Azərbaycana idxal edilən "Samsung" telefonlarından uşaqlarımıza böyük təhlükə
27 Mart 2013 16:06 (UTC+04:00)
Koreyanın "Samsug" şirkətinin Azərbaycana ixrac etdiyi mobil
telefonlara uşaqlar üçün təhlükəli oyun proqramları yüklənilir.
Movqe.az xəbər verir ki, Azərbaycanda satılan yeni model
"Samsung" mobil telefonlarında intiharı təlqin edən "Hanqman-
Veşelka" http://www.youtube.com/watch?v=HG7EQ5bskFc oyun proqramı
ilə təmin olunub. Bu oyun proqramında azyaşlı uşağı asmağın yolları
açıq-aydın təsvir olunur. Oyuna daxil olan an iplə bağlanmış
asılqanın altında azyaşlı bir uşaq təsvir olunur. Davam et
düyməsini vurduqdan sonra əlifbanın sıralanmış hərflərinin
aşağısında uşağın hərəkətdə olan şəkli görsənir. Həmin
hərflərin üzərinə gəldikdə qələmlə əvvəlcə uşağın ayağının altına
stul , daha sonra asılqan şəkli çəkilir. İstənilən hərfi basdıqdan
sonra asılqana ip bağlanır və həmin ip azyaşlının boğazına
keçirilir. Daha sonra isə növbəti hərfi basdıqda uşağın ayağının
altındakı stul çəkilir və uşağın intihar etməsi mənzərəsi canlanır.
Oyun başa çatdıqdan sonra oyunu oynayan şəxsə hansı sözü qazanması
barədə məlumat verilir. "Veşelka" oyununda beləcə intiharın yolları
açıqca təsvir edilir. Psixoloqlar isə "Samsung" mobil telefonlarına
yüklənilən "Veşelka" oyununun azyaşlıları intihara sürükləmə
təhlükəsi ilə bağlı həyəcan təbili çalırlar. Psy Lab- Psixologiya
və Fərdi İnkişaf Mərkəzinin psixoloqu Orxan Oruc Movqe.az-a
açıqlamasında bildirib ki, "Samsung" şirkətinin Azərbaycana ixrac
etdiyi mobil telefonlara yüklədiyi "Veşelka" oyunu azyaşlıların
psixikasına mənfi təsir edərək onlara intihar etməyin yollarını
öyrədir. Psixoloq deyir ki, hazırda uşaqlar arasında mobil telefon
istifadəçilərinin sayı günü-gündən artır: " Uşaqlar gördüklərini
olmuş hadisə kimi qəbul edirlər. Onlar oyunlarda oyladıqları
obrazları real həyatda canlandırmağa çalışırlar. Uşaqlar beləcə
risk qalmır. Onlarda vərdiş yaranmağa başlayır. Elə hesab
edirlər ki, oyunda olduğu kimi, öldükdən sonra dirilmək mümkündür.
Real həyatda ölüm üçün bir dəfə risk etmək mümkün olduğu halda,
uşaqlar oyunda intihar etdikdən sonra dirilməyin mümkünlüyünü görüb
ölümə risk edirlər. Onlar elə bilirlər ki, oyunda olduğu kimi
intihara bir neçə dəfə çəhd edə bilirlər. Bunu sınaqdan keçirdikdə
isə ölümlə nəticələnir".
Ümumiyyətlə psixoloq deyir ki, bu cür oyunlar uşaqlarda aqressivlik
yaradır: "Virtual olaraq müəyyən düymələri basmaqla bir uşağı asan
uşaq bunu həm özünə, həmçinin də başqasına tətbiq edə bilər. Çünki,
uşaq artıq intihar etməyin yollarını bu oyunla öyrənmiş olur. Bilir
ki, bunun üçün asılqana əvvəlcə ip bağlamaq lazımdır. Daha sonra
ayağın altına bir stul qoymaq, həmin stulu itələmək, yaxud ayağını
çəkməklə intihar etmək olar. Oyunlarda intiharın yollarının təsviri
qəti yolverilməzdir. Bu oyunların mobil telefonlara yüklənilməsi
isə daha pis nəticələrə gətirib çıxarda bilər. Ola bilər ki,
hansısa uşaq internetə daxil olan zaman bu oyunla rastlaşmasın.
Amma bu oyun proqramını mobil telefona yükləməklə sanki, uşaq,
intihara təhrik edilir".
O. Oruc bu təhlükəli oyun proqramının Azərbaycana ixrac edilən
"Samsung" telefonlarına yüklənilməsinin məqsədli olub-olmamasını
söyləməyin çətin olduğunu deyir. Onun sözlərinə görə, bu
araşdırılmalıdır.
"Samsung" şirkətinin Azərbaycanda rəsmi distribüteri İnteqral
şirkəti olduğundan, bizdə suallarımızı həmin şirkətə ünvanladıq.
Şirkətdən bildirdilər ki, Samsung mobil telefonlarını Azərbaycana
İnteqral şirkəti idxal edir. Amma şirkətdən mobil telefonlara oyun
proqramlarının yazılışını onların həyata keçirmədiyini söylədilər:
"Mobil teefon istehsal edilib zavoddan satışa buraxılanda
proqramlar yazılır. Oyun proqramları ilə də mobil telefonu, Samsung
şirkətinin özü təmin edir. Daha bilmirik "Veşelka" oyunu başqa
ölkələrə ixrac olunan telefonlara yüklənilir ya yox? Heç biz buna
fikir də verməmişik. Çünki bizə aidiyyatı olmayan məsələdir. Biz
həmin şirkətin rəsmi distribüteriyik, telefonlarını Azərbaycana
idxal edərək satırıq. Yerdə qalan məsələlərin bizə aidiyyatı
yoxdur. Bu sualınızı Koreyaya "Samsung" şirkətinə ünvanlayın.
"Samsung" şirkətinin rəsmi saytında isə bu şirkətin mallarını
ixrac etdiyi bütün ölkələrin siyahısı olsa da, Azərbaycanın
adı olmadığından suallarımızı göndərə bilmədik.