Fərdi evlər də bahalaşır

28 Mart 2013 07:52 (UTC+04:00)

Daşınmaz əmlak bazarında aparılan son araşdırmalar bina evləri ilə müqayisədə fərdi evlərin inşasının daha geniş vüsət aldığını göstərir. Mövsümlə əlaqədar olaraq isə artıq fərdi evlərin inşasında yeni canlanmanın başladığı müşahidə edilir.

Tədqiqatlardan o da aydın olur ki, yeni inşa edilən binalarda mənzillər baha olduğundan insanlar daha çox fərdi evlərin inşasına üstünlük verirlər. "MBA" konsaltinq şirkətinin məlumatına görə, Bakının Xəzər, Qaradağ və Sabunçu rayonlarında sotu 300 manatdan da torpaq almaq olar. Amma adamlar belə yerlərə çox meyl etmirlər, çünki onlarda su, işıq və qaz kimi kommunikasiyaların çəkilməsi imkanları çox aşağı olur, şəhərə gəlib getməkdə də problemlər yaşanır. Sotu 1000 manata qədər olan ərazilərdə isə kommunikasiya xətləri nisbətən normal olur və belə yerlərdə fərdi evlərin inşasına xüsusi diqqət yetirilir.

Şəhər ətrafında ucuz qiymətə ev tikdirməyin başqa bir əlverişli tərəfi isə bunun əlverişli kapital yatırımı variantı olmasıdır. Məsələn, 10-12 il öncə Badamdarda və ya Sulutəpədə, yaxud da Masazırda 5-6 min dollar xərc çəkərək ev tikimiş adamlar indi həmin evləri 60-80 min manata sata bilərlər. Təbii ki, bunun üçün sənədləşdirmədə də müəyyən irəliləmələr lazımdır.

Lakin "MBA" konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimovun sözlərinə görə, bir çox adamlar bununla belə şəhər ətrafına getmək istəmirlər: "Çünki iş yerlərinə uzaqdır. Əhali buna görə şəhər ətrafında ev tikməkdənsə, Bakının mikrorayonlarında mənzil almağa daha çox üstünlük verir. Şəhər ətrafında tikilən evlərin başqa problemi onların sənədləşdirməsinə ciddi çətinliklərin olmasındadır. Camaat belə evlərə qeydiyyata düşə bilmir və düşünür ki, nə vaxtsa sökəcəklər".

Bununla yanaşı, araşdırmalar onu da göstərir ki, bir çox tikinti şirkətləri ya fəaliyyətini dayandırıb, ya da şəhərdən kənara çıxaraq ev tikintisini şəhər ətrafında həyata keçirir. Əsas təhsil və iş müəssisələri isə şəhərdə yerləşdiyi üçün təbii ki, sakinlər şəhərətrafı evlərə deyil, şəhərdaxili mənzillərə üstünlük verir. Digər bir problem isə satışda olan bir çox evlərin rəsmi sənədinin, təmir və yaşayış üçün lazımi şəraitinin olmamasıdır. Bütün bunlar təbii olaraq qiymətlərə təsirsiz ötüşmür.

Ekspertlər isə qeyd edir ki, ev probleminin yaranmasının əsas səbəbi kimi, həm də paytaxtın mərkəzində satışa çıxarılan yeni tikililərin azalmasıdır. Elə bu səbəbdən cari ildə mənzillərin qiymətində yeni artımın yaşanması istisna olunmur. Xatırladaq ki, ötən il ərzində mənzillərin qiymətində ciddi artım qeydə alınıb. Hesablamalara əsasən, ötən il mənzil bazarında nisbətən yüksək - 8,5 faiz artım yaşanıb. 2012-ci ildə Bakıda mənzilin 1 kvadratmetri orta hesabla 1314 dollar, 2011-ci ildə isə 1214 dollar olub. Bu il də eyni həddə qədər artımın olması istisna edilmir. Belə vəziyyət istər-istəməz fərdi evlərin inşasına marağı artırır.

Xatırladaq ki, ölkənin inşaat sektorunda, artıq bir neçə ildir ki, fəallığın kifayət qədər aşağı olduğu bir vəziyyət hökm sürür. Tikinti şirkətləri son üç ildə qlobal maliyyə böhranının fəsadlarının aradan qalxması fonunda cari il ərzində vəziyyətin yaxşılaşacağını gözləsə də, proqnozlar bunun əksini göstərir. Ekspertlər cari il ərzində mənzil bazarında aktivliyin aşağı olacağını proqnozlaşdırır. Bu vəziyyət daha bir neçə tikinti şirkətinin bazarı tərk etməsinin qaçılmaz olduğunu göstərir. Əvəzində isə fərdi evlərin inşasına daha çox diqqət yetirilir. Lakin bu diqqət və idxal tikinti materialalrının qiymətində artım da fərdi evlərin inşasını bahalaşdırır.