1992-ci ildə banklara qoyulan əmanətləri almaq mümkündür

28 Mart 2013 15:11 (UTC+04:00)

Son dövrlərdə cəmiyyətdə xüsusi diqqət mərkəzinə çevrilən məsələlərdən biri də 1992-ci ildə və ondan sonra Əmanət Bankına qoyulmuş əmanətlərin də qaytarılmasının mümkünlüyü ilə bağlıdır.

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət Komissiyasının üzvü Vahid Əhmədov bu məsələyə toxunaraq deyib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində kommersiya banklarında batan əmanətlərin qaytarılması istisna olunmur.

Millət vəkili qeyd edib ki, müstəqilliyin ilk dövründə - 1992-ci və sonrakı illərdə vətəndaşların banklarda olan əmanətlərinin qaytarılması məsələsi nəzərdən keçirilə bilər: "Bu, hazırda hökumətin gündəliyində olmasa da, gələcəkdə məsələyə baxıla bilər. Artıq bununla bağlı istər Milli Məclisə, istərsə də hökumətə müraciətlər daxil olmaqdadır. Sadəcə, biz əmanətlərin miqdarını, həcmini hələ müəyyənləşdirməmişik".

V.Əhmədov bildirib ki, bu gün Azərbaycanın iqtisadi potensialı vətəndaşların bu əmanətlərini də qaytarmağa imkan verir: "Bu əmanətlər onsuz da SSRİ dövründə batan əmanətlərdən qat-qat azdır. Həlli lazım olan yeganə məsələ bunun həcmini hesablayıb tapmaqdır".

Lakin qeyd edək ki, "KapitalBank" ASC-nin idarə heyətinin sədri Elmar Məmmədov bildirmişdi ki, qeyd olunan əmnatələrin qaytarılması heç bir respublikada yoxdur: "Postsovet ölkələrindən heç birində 1 yanvar 1992-ci ildən sonrakı dövrə aid əmanət qalıqlarına görə hər hansı indeksləşdirmənin aparılması təcrübəsi mövcud deyil. O dövrdə baş verən güclü inflyasiya səbəbindən 1 yanvar 1992-ci ildən sonra həmin pullar qısa müddət ərzində dəyərdən düşdüyündən bu əmanətlər bankda qalmışdı. Lakin nə Əmanət Bankının, nə də hazırda həmin bankın hüquqi varisi sayılan Kapital Bankın fəaliyyəti dövründə bu əmanət qalıqlarının götürülməsində heç bir məhdudiyyət yox idi. Vətəndaşlar istənilən vaxt Kapital Bankın müvafiq filialına müraciət etməklə öz əmanət qalıqlarını ala bilərdilər. 1 yanvar 1992-ci ildən 2012-ci ilin martına qədər olan dövr ərzində əmanətçilərin müraciətləri əsasında minlərlə hesabın bağlanması da elə buna nümunədir. Keçmiş Əmanət Bankında 1 yanvar 1992-ci ildən sonra açılmış hesablardakı qalıqlara fərdi birdəfəlik ödəmələrin verilməsi müzakirə mövzusu deyil".

Məsələyə yenidən münasibət bildirən millət vəkili Vahid Əhmədov da Mövqe.az-a açıqlamasında 1992-ci ildən sonra banklara əmanətçilər tərəfindən qoyulan əmanətlərin hal-hazırda qaytarılmasının mümkün olduğunu bildirir: "Bəli, əmanətlər verilir. Heç bir təsdiqlənməyə, yeni mexanizmə ehtiyac yoxdur. Kim istəyir, gedib əmanətini ala bilər. 1992-ci ildən sonra pul islahatı olmayıb ki, o əmanətlərin qaytarılmasında nəsə problem yaşansın".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev isə məsələ iəl bağlı bildirir: "Ümumiyyətlə 1992- ci ilin yanvar ayından qoyulmuş əmanətlərin qaytarılması gündəmdə mühüm əhəmiyyət kəsb edir. Bir sıra insanlar 1990-1992 ci illərdə öz vəsaitlərini sovet banklarından çıxarıb, yeni yaranan Azərbaycan banklarına qoydular. Ancaq onlar sonrakı dövrdə məlum olduğu kimi öz fəaliyyətini dayandırdılar. Ümumiyyətlə 1992-ci ildə qoyulan əmanətlərin qaytarılmasına Milli Məclisdə baxılmalıdır, müvafiq sənədlər hazırlanmalıdır və qanun qəbul edilməlidir. Maliyyə Nazirliyinin müvafiq icrası əsasında da hesab edirik ki, dövlət büdcəsindən əvvəlki sovet dövründə olan əmanətlərin qaytaqrılması mexanizminə və təcrübəsinə uyğun, mərhələləli şəkildə həmin vəsaitləri hissə-hissə qaytarmaq olar. Amma mütləq indeksləşmə aparılmalıdır".

Ekspert bildirir ki, 1992-ci ildə qoyulan əmanətlər hal-hazırda banklar tərəfindən verilmir: "Qeyd edim ki, 1992-ci ildə qoyulan əmanətlərin qaytarılması real deyil. Əmanətçilər banklara gedərək o əmanətləri ala bilmirlər. Bu, böyük problemdir. Həmin vəsaitlər sığortalanmadığına və belə anda bank heç bir öhdəlik daşamadığın görə də əmanətçilərə ödənişlərin edilməsində maraqlı deyillər. Belə olduğu üçün dövlət öz vəsaiti ilə əhaliyə yardımçı olmalı, konpensasiya ödəməlidir".