Yaz fəsli ilə əlaqədar uşaqlarda maya göbələkləri çoxalıb, allergik xroniki xəstəliklər kəskinləşib

28 Mart 2013 15:49 (UTC+04:00)

  "Uşaqlar arasında toksiki allergik xəstəliklər və göbələk xəstəlikləri artıb. Yaz fəsli ilə əlaqədar isə maya göbələkləri çoxalıb, eləcədə allergik xroniki xəstəliklər kəskinləşib."
Bu məlumatı Movqe.az-a 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserininin şöbə müdiri Hürriyyə Qarayeva verib. H. Qarayeva deyir ki, yaz fəsli ilə əlaqədar bəzi ağacların çiçəklərinin qoxusu da bəzən uşaqlarda allergiyaya səbəb olur. Onun sözlərinə görə, uşaqlar arasında pullu dəmirov dəri xəstəliyinin də artımı müşahidə olunur: "Ən geniş yayılan dəri-zöhrəvi xəstəliklər arasında stafilotodermiya və göbələk xəstəlikləri də var".
Şöbə müdiri bildirib ki, dəri-zöhrəvi xəstəliklər yaş qrupuna görə də dəyişir: "Atopik dermatit, dermatit, ekzema, allergik dermatit kimi xəstəliklərə əsasən 0 yaşdan 8 yaşadək uşaqlarda rast gəlinir".
Həkim dəri-zöhrəvi xəstəliklərdən əsasən göbələk və qoturluğun yoluxucu olduğunu söyləyir. Onun sözlərinə görə, bu xəstəliklər əsasən təmas zamanı keçir.  Zöhrəvi xəstəliklər isə, cinsi yolla ötürülür. Şöbə müdiri deyir ki, küçə uşaqlarının da mütləq əksəriyyəti dəri-zöhrəvi xəstəliklərin daşıyıcılarıdır. Həkim küçə uşaqlarında əsasən yoluxucu dəri-zöhrəvi xəstəliklərin müşahidə olunduğunu bildirdi: "Küçə uşaqları arasında qoturluq, göbələk, bitliliyə daha çox rast gəlinir. Eyni zamanda küçə uşaqları düzgün həyat şəraitində yaşamadıqlarındam sifilist, qonoruya xəstəliyinə də mübtəla olurlar". Şöbə müdiri dəri-zöhrəvi xəstəliklərin erkən təyininin və müalicəsinin uğurla sonuclandığını söyləyir. Onun sözlərinə görə, həkimə vaxtında müraciət edəndə qoturluq bir həftəyə, göbələk bir-iki aya müalicə edilir.