İşə qəbul üçün imtahan verən həkimlərin 40 faizə qədəri kəsilib

28 Mart 2013 16:30 (UTC+04:00)
"Mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan verən həkimlərin 60 faizə qədəri imtahanda müsbət nəticə göstərib. 40 faizdən bir qədər azı isə imtahandan kəsilib. 44 həkim bu imtahanda uğursuz nəticə göstərib. İmtahanda 110 həkim iştirak edir. Yerdə qalan 40 həkim isə aprelin 2-də imtahana qatılacaq".
Bu məlumatı Movqe.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli verib.Qeyd edək ki, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında təşkil olunan qəbul imtahanında iştirak etmək üçün həkimlərin sənədlərinin qəbulu fevralın 18-dən martın 19-dək aparılıb. Bir ay ərzində 2000-dən çox vakant yerdən yalnız 100-nə 150 nəfər sənəd verib. Bu gün keçirilən imtahanda birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab veriblər  ki, bunun 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub. Test imtahanında uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Qeyd edək ki, bu ildən etibarən "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.