"Köhnə qitə"də yaşanan iqtisadi böhran getdikcə miqyasını daha da böyütməkdədir. Yunanıstan, Kipr, İtaliya, Portuqaliya kimi Avropa ölkələrində vəziyyət durmadan ağırlaşır. Almaniyada, İngiltərədə də vəziyyət ürəkaçan deyil.
Elə bunun nəticəsidir ki, nüfuzlu beynəlxalq kredit agentliklərindən olan "Moody's" İngiltərənin AAA olan reytinqini bir pillə aşağı salaraq AA1-ə endirib. Ölkənin reytinq görünüşü isə sabit olaraq təyin olunub. "Moody's" İngiltərədə iqtisadiyyatın orta müddətdə zəif bir görünüş nümayiş etdirdiyi üçün reytinqi aşağı saldığını açıqlayıb. Təşkilat iqtisadi böyümənin dayanması və yüksək borc faizinin İngiltərə iqtisadiyyatına zərər verdiyi xəbərdarlığını verib. "Moody's" İngiltərənin artan borcunun ölkə balansını risklərə qarşı daha zəif hala gətirdiyini bildirib.
Çox maraqlıdır ki, belə bir vaxtda digər qüfuzlu beynəlxalq qiymətləndirmə agentliyi olan "Fitch" Azərbaycanın reytinqini qaldırmağı düşünür. Bildirilir ki, Azərbaycan iqtisadiyyatına kifayət qədər yatırımlar edilib. Ölkənin maliyyə resursları durmadan artır. "Fitch" reytinq agentliyinin suveren reytinqlər üzrə analitik qrupunun rəhbəri Çarlz Sevilin sözlərinə görə tezliklə Azərbaycanın suveren reytinqi yüksələ bilər.
Məlumat üçün qeyd edək ki, kredit reytinqi - fərdi şəxs, müəssisə, region və ya ölkənin kredit qabiliyyətliliyinin ölçü vahididir. Kredit reytinqi yuxarıda göstərilən bazar iştirakçılarının keçən və cari maliyyə vəziyyətinə, eləcə də onların mülkiyyəti və maliyyə öhdəliklərinin həcminə əsaslanır. Müvafiq qiymətləndirmənin əsas təyinatı potensial kreditor və əmanətçilərdə götürülmüş maliyyə öhdəliklərinin vaxtında ödənilməsi ilə bağlı təəssürat yaratmaqdır. Son vaxtlar kredit reytinqlərinin tətbiq olunma sferası da genişlənib: sığorta haqlarının yeni miqdarının, icarə girovları, yeni namizədlərin işə götürülməsi zamanı keyfiyyətin təyin edilməsində istifadə olunur.
Ekspertlər ölkəmizin reytinqinin artırılmasını Azərbaycanda investisiya qoyuluşu imkanlarının və investisiyaların rentabelliyinin yüksəlməsi ilə bağlayırHəmçinin investisiyalar üzrə gəlirlilik göstəricisi artıb ki, bu da şəksiz reytinqin artmasına təsir göstərir. Mülkiyyətin qeydiyyatında vahid pəncərə sisteminin, elektron imzanın və elekitron imzanın tətbiq edilməsi də ölkəmizin reytinqinə təsirsiz ötüşmür. Xatırladaq ki, artıq fiziki şəxslərlə yanaşı ötən ilin yanvarın 1-dən hüquqi şəxslər də vahid pəncərə sistemi ilə qeydiyyatdan keçə bilərlər.
Bundan başqa hazırda Azərbaycanı kreditor ölkəyə çevirlib. Bu o deməkdir ki, artıq ölkə öz daxilində və xaricdə investisiya qoymaq, həm də kreditor kimi çıxış etmək imkanına malikdir. Yəni Azərbaycanın Bakı-Tiflis-Qars kimi regional layihələrin maliyyələşdirilməsinə qatılması, Gürcüstan, Serbiya və Belarus üçün kreditor kimi çıxış etməsi də reytinqin yüksəlməsinə yardım edib.
Qeyd edək ki, bir çox ölkələrin mərkəzi bankları dövlət istiqrazları buraxırlar və yüksək reytinqlər bu qiymətli kağızlara alıcı tapmaqda böyük rol oynayır. Yaxın Şərqin neftlə zəngin ölkələri sərbəst vəsaitlərini, o cümlədən Azərbaycan Dövlət Neft Fondu da öz aktivlərini bu cür istiqrazlara yerləşdirirlər. Ölkələr adətən, öz pullarını gəlirlilik dərəcəsi az olsa belə, reytinqi yüksək olan bazarlara yerləşdirirlər. Bu da o deməkdir ki, reytinqin yüksək olması Azərbaycan üçün də belə vəsaitləri cəlb etmək imkanı yaradır. Bundan başqa dövlətin reytinqi yüksəkdirsə, onun kredit cəlb etmək imkanı artır, həmçinin kredit şərtləri yüngülləşir. Xatırladaq ki, 2012-ci ilin yanvar ayında "Standard & Poor's", aprel ayında "Moody's İnvestors Servises", may ayında "Fitch" beynəlxalq reytinq agentlikləri Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqini investisiya səviyyəsinə qaldırıblar. Bu qərarlar əsasən ölkənin neft gəlirlərinin sürətli artımı və onlardan səmərəli istifadə olunması, eyni zamanda ölkənin kreditor mövqeyinin güclənməsi amilləri ilə izah olunub.
2012-ci ildə Azərbaycanın sürətli inkişaf yolunda olduğu, respublikada biznes mühitinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə liberallaşdırıldığı Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi"ndə bir daha təsdiqini tapıb. Hesabata əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında 46-cı yerdə qərarlaşıb və ötənilki mövqeyini (55-ci yer) yaxşılaşdıraraq 9 pillə irəliləyib.