Paytaxtdakı masaj salonlarında yetkinlik yaşına çatmayan qızlar seks xidməti göstərir
29 Mart 2013 17:35 (UTC+04:00)
"Paytaxtda yerləşən bir sıra masaj salonlarında yetkinlik yaşına
çatmayan qızlar tərəfindən seks xidməti göstərilir". Bu sözləri
Movqe.az-a Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova
Söyləyib. Onun sözlərinə görə, masaj salonlarında bu xidməti təklif
edən yetkinlik yaşına çatmayan qızların mütləq əksəriyyəti
təhlükəli xəstəliklərin daşıyıcılarıdır: "Bizim əməkdaşlarımız
paytaxtdakı masaj salonlarında müşahidələr aparıblar. Məlum olub
ki, masaj salonlarında son vaxtlar yetkinlik yaşına çatmayan qızlar
tərəfindən seks xidməti göstərilir. Bu salonlarda əvvəlcə
müştəridən masaj üçün 20 manat alınır. Daha sonra seks xidməti
təklif edilir. Buna görə isə müştərilər əlavə olaraq 20 manat
ödəyirlər. Bizim əməkdaşlarımıza həmin qızlar bildiriblər ki, seks
xidməti üçün alınmış 20 manatın 10 manatı onların özünə, 10 manatı
isə masaj salonunun rəhbərliyinə çatır".
M. Əzizova ərazi sahə müvəkkillərinin masaj salonlarına nəzarət
etmədiyini, bu səbəbdən də, bu tip obyektlərdə yetkinlik yaşına
çatmayan qızların istismar olunduğunu söylədi: "Həm ərazi sahə
müvəkkilləri, həmçinin də yetkinlik yaşına çatmayanlarla iş üzrə
inspektorlar bu qanunsuzluğa qarşı mübarizə aparmalıdırlar".