Əhali hər il 3 milyard dollar alır
30 Mart 2013 07:38 (UTC+04:00)
Son dövrlər Azərbaycanda manata tələbat artıb. Bunun nəticəsidir
ki, dövriyyədə manatın kütləsi durmadan artır. Adətən pul
kütləsinin dövriyyəyə çox buraxılması müəyyən təhlükələrə yol aça
bilər. Belə proseslər inflyasiyaya, manatın dəyərdən düşməsinə
rəvac verər. Onu da qeyd edək ki, qanunvericiliyə görə dövriyyədə
olan nağd pulun miqdarı ümumi daxili məhsulun 12-13 faizindən çox
olmamalıdır.
Digər tərəfdən, əvvəllər depozitlərin əhəmiyyətli hissəsi dollarla
saxlanılırdısa, indi isə əksinə, manatla saxlanılan depozitlərin
həcmində artımlar var. Belə vəziyyətin özü də istər-istəməz
bütövlükdə manata tələbatın artmasına gətirib çıxarır. Bu mənada
birmənalı şəkildə manata tələbatın artması müşahidə edilir.
Tələbatın artması baş verdiyindən Mərkəzi Bank dolların
stelizasiyasını, manatın isə emissiyasını artırır. Yəni praktik
olaraq Mərkəzi Bank artıq dövriyyədən dolları çıxarıb, əvəzində
dövriyyəyə manat buraxır ki, tələbatı ödəyə bilsin. Əvvəllər isə
proses əks istiqamətdə gedirdi.
Başqa bir məqam isə ondan ibarətdir ki, hesablamalara görə
Azərbaycan vətəndaşları il ərzində banklardan, valyutadəyişmə
mənqətəqələrindən 3 milyard dollar alır. Özü də bunun dolların
manatla müqayisədə zəifləməsi fonunda edirlər. Görəsən, manatın
kütləsi nədən artır? Digər tərəfdən, dolların zəif olmasına
baxmayaraq, əhalinin banklardan xeyli miqdar dollar götürməsi nə
ilə bağlıdır?
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin
fikrincə, əhalinin banklardan daha çox dollar götürməsi avronun
kursunun aşağı düşməsilə bağlıdır: "Əhalinin banklardan daha çox
dollar almasının əsas səbəbi bu valyutanın birinci rəqibi olan
avronun zəifləməsidir. Həqiqətən də son zamanlar avro zəifləməyə
doğru gedir. Bu da avrozona ölkələrinin iqtisadiyyatında baş verən
problemlərlə bağlıdır. Kiprdə baş verən hadisələr də avronun
kursuna böyük zərbə vurdu. Artıq bir avro 1,3 dollardan da aşağı
səviyyəyə enib. Ona görə də əhali avroya deyil, daha çox dollar
almağa üstünlük verir. Təbii ki, turizm səfərləri və xariclə
alqı-satqı əsasən dollarla aparıldığına görə bu gün xarici
ticarətdə də avronun payı cüzidir. Amma neft amilini çıxdıqdan
sonra da yerdə qalan ticarət dövriyyənin böyük hissəsi məhz
dollarla realizə olunur. Belədə ölkəmizdə dollara geniş tələbat
yaranır və düşünürəm ki, həmin tələbat uzun müddət qalacaq".
Manatın kütləsinin artmasına gəldikdə həmsöhbətimiz bildirdi ki,
Azərbaycanda nağd pul kütləsi getdikcə artır: "Əvvəlki illərlə
müqayisədə bu proses əhəmiyyətli dərəcədə artıb. Bu zaman sual
çıxır. Bir tərəfdən hökumət elan edir ki, nağdsız pul kütləsinin
həcmi artır. Amma digər tərəfdən nağd pul kütləsi artmaqda davam
edir. Belədə proses ziddiyyət təşkil edir. Əslində nağd pul
kütləsinin artmasının bir səbəbi ölkəmizdə nağdsız dövriyyənin
deyildiyə qədər inkişaf etməməsilə bağlıdır. Sadəcə olaraq həmin
addım müəyyən dövr üçün kampaniya xarakteri daşıyaraq qısa müddətli
effekt verdi. Bu gün araşdırsaq görərik ki, postterminalların
əksəriyyəti yenə də işləmir. Manatın kütləsinin artmasının əsas
səbəbinə gəldikdə bu təbii ki, inflyasiya ilə bağlıdır. Ölkədə
qiymətlər artır, əhalidə isə pul çatışmır. Belədə Mərkəzi Bank da
məcbur olub əlavə pul çap edir. Son vaxtlar çap olunan pul kütləsi
də əsasən 100 manatlıq əskinaslardır. Mərkəzi Bank da açıqlama
vermişdi ki, 70 faiz pul kütləsi 100 manatlıq əskinaslardan
ibarətdir. Ona görə ki, əlavə pul çap olunmalıdır və bu pul üçün 2
ədəd 50 manat çap etməkdənsə bir ədəd 100 manatlıq çap etmək daha
ucuz başa gəlir. Həmçinin 100 manatlıq pul daha çox qorunma
imkanlarına malikdir. Bu baxımdan manatın kütləsinin artması
inflyasiyanın olması, qiymətlərin bahalaşması və dövriyyənin
prioritet olaraq hələ də nağd pulla aparılmasının
göstəricisidir".
İqtisadçı ekspert Nazim Məmmədov isə düşünür ki, manatın kütləsinin
artmasının əsasında nağdsız ödənişlərin hələ də cüzi faiz olması
dayanır: "Azərbaycan iqtisadiyyatının güclənməsinə baxmayaraq,
nağdsız ödənişlərin artım dinamikası cüzi olaraq qalır. İnvestisiya
layihələrinin həyata keçirilməsi, dövlət investisiyaları vasitəsilə
iqtisadiyyata yaxşı mənada müdaxilələr nəticəsində nağd pul
kütləsinə tələbat artır. Hazırda investisiyalar dövlət büdcəsinin
yarısı qədərdir. Onunda 7 milyard manata yaxını birbaşa dövlət
investisiyalarıdır. Bunların hamısı əlavə manat kütləsinin bazara
çıxması və yığım üçün vasitəyə çevrilməsinə rəvac verir. Mərkəzi
Bank nağd pulun az olmasını əlavə pul çapı ilə həll edir. Ölkəmizdə
əsas xarici valyuta dollardır. Dolların ucuzlaşması isə banklardan
əhalinin çox miqdarda dollar almasına səbəb olur".