MTRŞ telekanallara xəbərdarlıq etdi
1 Aprel 2013 14:45 (UTC+04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallara xəbərdarlıq
edib. MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun Movqe.az-a verdiyi
məlumata görə, Inzibati Hüquq Pozuntusu hallarına yol verən
telekanallara tövsiyyələr göndərilib: "Telekanallarda yayımlanan
seriallarda gizli reklamlarla bağlı telekanallara tövsiyyələrimizi
göndərmişik. Teleseriallarda müxtəlif tipli şadlıq evləri və
restoranların görüntüləri yayımlanır. Və həmin görüntülərdə
açıq-aşkar həmin restoranın adı göstərilir. Bundan başqa zərərli
vərdişlər də bəzi seriallarda təbliğ olunur. Sükan arxasında
əyləşən şəxsin təhlükəsizlik kəməri taxmadığı, qırmızı işıqda
keçməsi, sükan arxasında mobil telefonla danışması kimi zərərli
vərdişlər təbliğ olunur. Həmçinin siqaretlərin gizli reklamı
aparılır. Biz öz tövsiyyələrimizdə bildirmişik ki, bu cür halların
qarşısı alınmalıdır. Siqaretin adının görünməməsi üçün texniki
vasitə ilə onun adı nəzərəçarpmayacaq qədər
məhdudlaşdırılmalıdır".
T. Məmmədov tövsiyyələrə əməl etməyən telekanalların növbəti
lisenziya müddəti uzadılarkən bu tövsiyyələrə əməl
edib-etmədiklərinə nəzərə alınacaq.