80 həkim imtahanda qalib gəldi
2 Aprel 2013 18:15 (UTC+04:00)
"Mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan verən həkimlərin
80 nəfəri imtahanda müsbət nəticə göstərib. 70 nəfəri isə
imtahandan kəsilib. İmtahanda ümumi 150 həkim iştirak edib".
Bu məlumatı Movqe.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Anar Qədirli verib. A. Qədirli test imtahanında uğur
qazanan 80 həkimin müsahibə mərhələsinə buraxıldığını, aprelin
4-də
müsahibədən keçiriləcəklərini söylədi.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında
təşkil olunan qəbul imtahanında iştirak etmək üçün həkimlərin
sənədlərinin qəbulu fevralın 18-dən martın 19-dək aparılıb. Bir ay
ərzində 2000-dən çox vakant yerdən yalnız 100-nə 150 nəfər sənəd
verib. Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə
50 sualla imtahana çəkiliblər. Bunun 40-ı sırf ixtisasla, 10-u isə
müvafiq qanunvericiliklə bağlı olub. Xatırladaq ki, bu ildən
etibarən "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Səhiyyə Nazirliyi
Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına
əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində
vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş
qaydada aparılır.