İran ilə Azərbaycan fundamental əməkdaşlığın əsasını qoyublar

3 Aprel 2018 09:47 (UTC+04:00)

Bu günlərdə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri iki qonşu, dost və qohum ölkənin əlaqələri tarixində ən möhtəşəm dövrün başlanmasının təəssüratını təsdiq edib. Azərbaycanın Neftçala şəhərində İranın yardımı və iştirakı ilə tikilmiş avtomobil zavodunun  açılışı və “Şimal-Cənub”, “Cənub-Qərb”  nəqliyyat dəhlizlərinin başa çatdırılması üçün Astara-Rəşt dəmiryolunun tikintisi üzrə sazişin imzalanması iki ölkənin əlaqələrinin dönməz bir perspektivə daxil olmasını stimullaşdırıb. 

Birgə “Xəzər” (Khazar) avtomobillərinin istehsalını nəzərdə tutan zavodun birinci ildə istehsal gücü 5 min avtomobildir. Yaxın perspektivdə isə bu rəqəm 15 minə çatdırılacaq. Məhsulun 30 faizi daxili bazar, 70 faizi isə xarici bazara çıxarılacaq. Məlumdur ki, İranda avtomobil istehsalının tarixi onilliklərlə ölçülür. Bizdə isə bu sənayenin əsasları indi-indi yaranır. Düzdür, Gəncə və Naxçıvan maşınqayırma zavodlarında digər ölkələrdə istehsal edilən bəzi minik maşını markalarının yığılması prosesi həyata keçirilir. Lakin bu, texnologiyanın özününküləşdirilməsi prosesindən çox-çox uzaqdır. Neftçaladakı birgə müəssisə isə profili etibarı ilə Azərbaycanın öz avtomobil sənayesinin müstəqil fəaliyyəti üçün müəyyən əsaslar yaradır və bu, gələcəkdə yeni müəssisələrin açılmasına kömək edəcək.
Nəqliyyat dəhlizləri isə nəinki iki ölkənin iqtisadi-siyasi mövqelərinin inkişafına və daha da yaxınlaşmasına müsbət təsir edəcək, eyni zamanda dünyanın böyük bir anklavında yerləşmiş dövlətləri regional təsərrüfata cəlb etməklə inkişafın üfüqlərini genişləndirəcək. Bu isə sabitlik, sülh və firavanlığa yeni təhfələr bəxş edəcək.  İqtisadi əlaqələrin genişlənməsi və yüksəlişi Cənubi Qafqaz regionunun ictimai-siyasi panoramının konturlarını daha da dəqiqləşdirəcək və dərindəşdirəcək. Belə ki, İran-Azərbaycan əlaqələri Gürcüstana da güclü təsir göstərəcək və bu ölkə güclü qonşularından bəhrələnərək öz iqtisadi qüdrətini və siyası gücünü artıracaq. Türkiyə, Rusiya və Orta Asiyadan keçməklə Çin və Çənub-Şərqi Asiya ölkələrinin, habelə Hind okeanı hövzəsinin nəqliyyat dəhlizlərinə qoşulmaları vəziyyətin indikindən daha yaxşı istiqamətdə büsbütün dəyişiləcəyini hədəfləyir. Amma bütün bu inkişaf fonunda kiçik, lakin dəyərli bir nüans da güclənəcək. Bu, Ermənistanın aqibəti ilə bağlıdır.
Bu vaxtadək Ermənistan regionda özünün ikinci böyük və güclü saydığı İranı getdikcə itirir. Söhbət heç də çografi relyevin mürəkkəbliyinə görə bəzi layihələrin, məsələn İrandan bu ölkəyə dəmiryol xəttinin çəkilməsinin böyük investisiya səbəbincə kağız üzərində qalmasından getmir. Niyyət olan yerdə hər cür maliyyəni tapmaq mümkündür. Amma gərək niyyətin real əsaslar üzərində qurulsun və tarizi reallığa, haqq-ədalətə söykənsin. Bəzi erməni politoloqlar yeri gələndə özlərini iranlılarla qohum xalq çıxarmağa çalışırdılar. Amma süni əsaslara söykəndiyindən belə fikirlər doğrulmadı. Üstəlik, erməni hakimiyyətinin regional siyasəti də təcavüzkar olduğundan, zorakılığa əsaslandığından gələcək perspektivlərini qeyb etdi və acınacaqlı duruma düşdü. Bu gün Ermənistan Azərbaycan torpaqlarının işğalına görə və məhz Azərbaycanın siyasəti ilə iqtisadi təcriddədir. Başqa sözlə, Cənubi Qafqazın heç kimə lazım olmayan gərəksiz dövlətidir. Onun son ümidləri İrana idi ki, artıq bu inam da torpağa gömülüb. 
İran böyük və zəngin dövlətçilik ənənəsinə malik dövlətdir, o öz gəlirini-çıxarını hesablamağı bacarır. Xüsusilə, dünyanın ən qüdrətli dövləti olan ABŞ-ın bu ölkəyə tətbiq etdiyi ciddi sanksiyaların qüvvədə olduğu indiki dövrdə İranın yeni miqtisadi layihələrinhəyata keçirilməsinə, strateji tərəfdaşlarının artırılmasına ehtiyacı var. Bu mənada gərəksiz Ermənistanla regionun lideri olan, hər hansı layihənin həyata keçirilməsinə iqtisadi qüdrəıti çatan Azərbaycan arasında seçim etməli olan dövlət hansı ölkəni seçər? Hər bir siyasi xadim düşünmədən Azərbaycanı nişan verər. İran da bu yolla seçimini edib və yanılmayıb. Astara-Rəşt dəmiryol xəttinə 500 milyon kredit ayırmaqla Azərbaycan iqtisadi cəhətdən Ermənistanın mövcudluğunu artıq şübhə altına alıb. Çünki, Ermənistan uzun illərdir İrana dəmiryol xətti çəkdirmək istəyirdi, amma bunu bacarmadı və beləliklə böyük bir qazancdan məhrum oldu.
İran-Azərbaycan əməkdaşlığı bir-birinə doğma və yaxın olan iki xalqın daha da inkişafına təkan verir və regionun taleyində mühüm rol oynayan amilə çevrilir. Çünki, hər iki ölkənin rəhbərliyi xoş məramla, sülh və əmin-amanlıqla nəfəs alırlar.
N.NOVRUZ