Mənzil bazarında yenə qiymətlər dəyişir

4 Aprel 2018 08:00 (UTC+04:00)

Bu il ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər aşağı düşüb. Lakin 2018-ci ilin əvvəlindən etibarən Bakıda daşınmaz əmlakın qiymətində artım qeyd alınıb. Hazırda isə qiymətlərdən stabilləşmə müşahidə edilir. Ekspertlərin fikrincə, daşınmaz əmlak bazarında aktivlik paytaxtda həyata keçirilən söküntü işləri ilə əlaqədardır. Yaya doğru isə proses səngiyəcək. 

“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev bildirdi ki, hazırda daşınmaz əmlak bazarında qiymət artımı yoxdur: “Lakin ötən ilin sonu və cari ilin əvvəlində müəyyən koteqoriyalı mənzillərin qiymətində bahalaşma müşahidə edildi və bahalaşma müvəqqəti xarakter daşıdı. İndi isə qiymətlərdə sabitlik müşahidə edilir”.
Ekspertin fikrincə, bahalaşmaya səbəb Bakı şəhərində aparılan söküntü işləri oldu: “Xüsusən də yeni tikililərdəki ikinci mənzil bazarında mənzillərə tələbat artdı. Çünki söküntü işi aktivləşəndən sonra diqqətlər daha çox yeni tikililərdəki mənzillərə yönəlib. Bu da bazara təsir etməyə başladı. Ona görə də yeni tikililərdəki ikinci mənzil bazarında bahalaşma müşahidə edildi”.
Rəşad Əliyev əlavə etdi ki, daşınmaz əmlak bazarında qiymətlərin baha, ya da ucuz olmasını demək yanlış olardı: “Çünki qiymətləri bazar müəyyən edir. Daşınmaz əmlak  bazarı kifayət qədər rəqabətli bazardır. Burada minlərlə satıcı var. Ona görə də manipuliyasiya etmək müəyyən qədər çətindir. Qiymətlər bazar tərəfindən müəyyən edilir. Bu da tələb və təklifə uyğun olaraq formalaşır. Bütün bunlar onu deməyə əsas verir ki, indiki qiymətlər cari vəziyyətə adekvatdır.
Adətən  yay aylarında mənzillərin qiymətləri düşür. Ancaq ötən il bunu əhəmiyyətli dərəcədə müşahidə etmədik. O baxımdan bu yay da qiymətlərin sabit qalacağını proqnoz etmək olar. Əlavə trendin yaranmasını isə payızda müşahidə edə bilərik. Bu da tələbin səviyyəsindən asılı olacaq”. 
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirdi ki, bu ilin əvvəlində daşınmaz əmlak bazarında aktivlik müşahidə olundu: “Nisbi qiymət artımları yaşandı. Ancaq bundan sonra proses dayandı. Hazırda isə bazarda ciddi qiymət artımı yaşanmır, qiymətlər sabitdir. Bazara təsir edəcək, qiymət artımına əsas yaradacaq amillər yoxdur. Vəziyyətin qarşıdakı aylarda da bu cür davam edəcəyi proqnozlaşdırılır”. 
Mübariz BAYRAMOV