MŞ-dan aksiya iştirakçısı olan jurnalistlərlə bağlı açıqlama
3 Aprel 2013 11:30 (UTC+04:00)
"Keçirilən aksiyalarda jurnalist kimi yox, aksiya iştirakçısı sayaq
davranan jurnalistlərin çalışdığı KİV-lərin rəhbərləri qarşısında
məsələ qaldırılacaq. Nəzərdə tuturuq ki, bu məsələni həmin
jurnalistlərin işlədikləri mətbu orqanların rəhbərliyi ilə
danışaq". Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Mətbuat
Şurasının (MŞ) sədri Əflatun Amaşov söyləyib. Ə. Amaşov bildirib
ki, dünyanın heç bir yerində jurnalistlər aksiyaların keçirildiyi
əraziyə, hadisə yerinə başqa niyyətlə getmirlər: "Aksiya
yerinə gedən jurnalistin bir məqsədi olmalıdır-çalışdığı KİV-i
hadisə yerindən operativ, qərəzsiz materialla təmin etmək. Çox
təəssüf ki, biz aksiyalar zamanı bəzi KİV-lərin əməkdaşı olan
jurnalistlərin aksiyanın içərisində, aksiya iştirakçıları sayaq
davrandıqlarını müşahidə etdik. Biz bununla bağlı öz
tövsiyyələrimizi vermişik. Amma gələcəkdə də belə hallarla bağlı
həmin jurnalistlərin çalışdığı KİV-lərin rəhbərləri ilə
danışacağıq. Aksiyada iştirak edən jurnalistlər unutmamalıdırlar
ki, onlar hadisə yerinə redaksiyanın tapşırığı ilə gəliblər. Və
onların vəzifəsi hadisə yerindən xəbər hazırlamaqdır".
Xatırladaq ki, Azərbaycan Mətbuat Şurası (MŞ) bir müddət əvvəl
Bakının Fəvvarələr meydanında keçirilmiş razılaşdırılmamış aksiyada
jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələri sahəsindəki
vəziyyətin monitorinqini aparmışdı. Qurumun Daxili İşlər Nazirliyi
ilə birgə yaratdığı monitorinq qrupu aksiyanı işıqlandıran kütləvi
informasiya vasitələri təmsilçilərinin əksəriyyətinin üzərində
"PRESS" yazılmış xüsusi göcəkçələrdə olduqlarını müəyyənləşdirib.
Qurumun monitorinq qrupu fərqləndirici geyimdə olan jurnalistlərə
qarşı hər hansı təzyiq faktını qeydə almayıb, qrupun üzvlərinə də
belə müraciət daxil olmayıb. MŞ-nin monitorinq qrupu eyni zamanda
xüsusi gödəkçə geyinmiş bir sıra şəxslərin heç də peşə fəaliyyəti
ilə məşğul olmadıqlarını, digər iştirakçılarla birgə aksiyaçı
qismində çıxış etdiklərini müşahidə edib. Monitorinq qrupunun
üzvləri həmin şəxslərə hərəkətlərinin peşə etikasına zidd olduğunu
bildiriblər. Həmin şəxslərin bəzisi hansı media orqanında
çalışmaları ilə bağlı sualı cavablandırmaqdan imtina edərək, aksiya
yerindən uzaqlaşıblar. Azərbaycan Mətbuat Şurası bir daha kütləvi
aksiyaları işıqlandıran jurnalistlərə üzərində "PRESS" yazılmış
xüsusi gödəkçələrdən istifadə etməyi, ekstremal vəziyyətlərdə
xüsusilə diqqətli olmağı tövsiyə edir: "Jurnalist cəmiyyəti baş
verən hadisə barədə dəqiq, qərəzsiz və obyektiv informasiya ilə
təmin etməyə məsuldur. Buna görə də aksiya iştirakçısı təsiri
bağışlayan hərəkətlərin şəxsi təhlükəsizliyə, informasiya çatdırmaq
missiyasının yerinə yetirilməsinə mənfi təsir göstərə biləcəyi
nəzərə alınmalıdır".