Yunus Oğuzun aprel döyüşlərindən bəhs edən romanı təqdim olundu - FOTO

6 Aprel 2018 16:46 (UTC+04:00)

Bu gün Atatürk Mərkəzində tarixçi-alim Yunus Oğuzun 2016-cı il aprel döyüşlərindən bəhs edən "Ovçu" tarixi romanının təqdimat mərasimi keçirilib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov bildirib ki, bu roman Yunus Oğuzun ən yaxşı əsərlərindədir: "Yunus Oğuz bu vaxta qədər bir çox tarixi romanlar yazıb, tarixi şəxsiyyətləri araşdırıb. Tarixin elə mühüm məqamı yoxdur ki, Yunus Oğuz o məqamı qələmə almasın. O, tarixi araşdırmaqla yanaşı, həm də filosofdur və tarixə fəlsəfi yanaşır. Ona görə də, onun yazdığı romanlar həm də fəlsəfədir.

"Ovçu" romanı da tarixi romandır. Amma bu tarix bizim qədim tariximiz deyil, yaxın keçmişimizdə baş verən aprel döyüşlərindən bəhs edir. Yazıçı bu romanda aprel döyüşlərinin mahiyyətini açıqlayıb. Roman vətənpərvərliyi, qəhrəmanlığı, torpaq uğrunda candan keçməyi aşılayır. Roman xeyli müasir və publisistdir. Bu əsər o qədər publisist yazılıb ki, oxucu oxuduqca oxumaq istəyir. Və ən əsas məqam odur ki, tarixdə ilk dəfə olaraq bu romanda Azərbaycanın Ali Baş Komandanının, müdafiə nazirinin və Prezident Administrasiyasının mühüm vəzifəli şəxslərinin obrazı yaradılıb. Tarixi faktlara söykənən roman bədiilikdən, fəlsəfədən də çıxmayıb".

N.Cəfərov bildirib ki, bu romanın meydana gəlməsinin səbəbi aprel döyüşlərinin Azərbaycanın zəfər döyüşü olmasıdır: "Çünki bu döyüşdə Murad Mirzəyev, Samid İmanov kimi qəhrəman oğullarımız ortaya çıxdı. Bu cür qəhrəmanların hər biri bizim üçün bir tarixdir. Roman Murad Mirzəyevin qəhrəmanlığına həsr edilib".

Aprel döyüşlərini Azərbaycanın zəfər tarixi adlandıran Prezident Administrasiyasının İictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib ki, Azərbaycan ordusu bu döyüşlə bütün dünyaya öz gücünü sübut etdi:

"Azərbaycan əsgəri dünyaya sübut etdi ki, biz istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirik. Aprel döyüşlərində bütün dost ölkələr Azərbaycanın müdafiəsinə qalxdılar. Bu gün aprel döyüşləri beynəlxalq müstəvidə müzakirəyə çıxarılıb. Ermənilər Moskvada xeyriyyə konsertləri keçirərək aprel döyüşlərində ölən ermənilərin ailələrinə yardım toplayır. Azərbaycanın diaspor təşkilatları da xarici ölkələrdə aprel zəfəri ilə bağlı təbliğatlar aparır. Amma bəzi qüvvələr xarici ölkələrdə antiazərbaycan təbliğatı apararaq ordumuzun zəif olduğunu iddia edir, Azərbaycan ordusuna ləkə yaxmaq istəyirlər".

 

Q.Əliyev bildirib ki, "Ovçu" romanı aprel hadisələrindən bəhs etməklə yanaşı, həm də Azərbaycan xalqının, Azərbaycan oğullarının vətənpərvərliyini canlandırıb: "Mən arzu edərdim ki, ölkəmizin xaricdəki diaspor təşkilatları bu romanı müxtəlif dillərə tərcümə etdirib xarici ölkələrdə yaysınlar. Çünki romanda Azərbaycan Ordusunun nəyə qadir olduğu real faktlarla açıqlanıb".

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, roman aprel hadisələrinin mahiyyətindən bəhs edir: "Roman Murad Mirzəyevin simasında milli ruh, vətənpərvərlikdən ibarətdir. Romanın yazılış dili çox sadə və lakonikdir. Müasir romanlarda isə sadəliyə üstünlük verilməsi vacibdir".

Millət vəkili Qənirə Paşayeva da romanla bağlı fikirlərini bölüşüb: "Aprel döyüşlərində elə qəhrəman övladlarımız tanındı ki, onlar özləri həyatları ilə bu romanları yazdılar. Yazarlarımıza isə bu romanları qələmə alıb ictimaiyyətə çatdırmaq qalıb. Yunus Oğuz da bu romanı qələmə alıb ictimaiyyətə çatdıran yazarımız oldu. Aprel qəhrəmanlarımız bir daha sübut etdilər ki, vətəni sözdə deyil, ürəkdə sevmək lazımdır. Bu cür qəhrəmanları gənc nəsilə çatdırmağın özü də bir qəhrəmanlıqdır. Azərbaycan gənci bu cür qəhrəmanları öyrənməli və onlardan nümunə götürməlidir. Mən arzu edirəm ki, Təhsil Nazirliyi bu romanı orta məktəblərə göndərsin, gənc nəsil bu kitabdakı qəhrəmanlıqlardan yararlansın. Bu gün müxtəlif mövzularda seriallar çəkilir. Əsl seriallar bu cür romanlardan çəkilməli, gənc nəsilə vətənpərvərlik aşılanmalıdır".

Tədbirdə çıxış edən şəhid Murad Mirzəyevin atası Emil Mirzəyev tarixi romanı qələmə aldığı üçün Yunus Oğuza minnətdarlıq edib. Bildirib ki, Murad Mirzəyev haqqında bu cür əsərlərin yazılması onu və ailəsini ruhlandırır, oğlunun qəhrəmanlıqları ilə fəxr edirlər.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə bildirib ki, Yunus Oğuzun bu romanı Murad Mirzəyevin qəhrəmanlığı ilə yanaşı, bu qəhrəmanlığın səbəbini araşdırıb: "Yunus Oğuz tərəfindən bu çox gözəl bir cəhddir. Çünki uzun illər bizim yaddaşımızı silməyə çalışıblar. Aprel döyüşlərinə qədər bizə elə gəlirdi ki, bizim gənclərimiz şoulara meyillidir, yaddaşsızdır. Amma aprel döyüşləri göstərdi ki, bizim necə vətənpərvər gənclərimiz var. Demək bu ruh yaşayır. Bu ruhu nə qədər pozmağa çalışsalar da, əgər genində varsa, silmək mümkün deyil".