Azərbaycan dünya enerji bazarında yenə də əsas oyunçulardan biri olacaq

10 Aprel 2018 08:00 (UTC+04:00)

"Neftçilərimiz "Qarabağ”, "Ümid-Babək”, "Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatının sabit saxlanılması, qaz hasilatının isə artırılması əzmindədirlər. Yeni yataqların işlənməsi ilə bağlı artıq bir çox mühüm qərarlar verilib". Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. 

Onun sözlərinə görə, Abşeron yatağında Total şirkəti ilə birgə işlərə start verilib, "Ümid” yatağının işlənməsinə başlanılıb. R.Abdullayev əlavə edib ki, "Qarabağ” neft-qaz yatağının işlənmə planları üzrə əsas layihələndirmə mərhələsinə başlanıb. Ekspertlərin fikrinicə, SOCAR prezidentinin açıqlması göstərir ki,  Azərbaycan bundan sonra da uzun müddət dünya enerji bazarında əsas mövqelərdən birinin sahibi olaraq qalacaq. 
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanın qaz hasilatında getdikcə ciddi artımlar qeydə alınacaq: “Çünki həm daxili tələbatı ödəmək, həm də xaricə satmaq üçün kifayət qədər qaz ehtiyatlarımız var. Azərbaycan 2020-ci ildən sonra Avropaya 10 milyard kub metrdən çox qaz satmağa başlayacaq. Bundan başqa, 7 milyard kubmetrə qədər Türkiyəyə, 2 milyard kub metr qaz isə Gürcüstana qazın satılması nəzərdə tutulub. Yəni, yaxın üç ildə satılacaq ümumi qaz həcmi 20 milyard kubmetrə qədər artırıla bilər. Bu da kifayət qədər böyük perspektivdir. Çünki qazın perspektivi daha çoxdur. Ancaq neft sahəsində isə hasilatın arıtırılması yox, hasilatın sabitləşdirilməsindən söhbət gedir. Yəni, böyük yataqlarda böyük ehtiyatların çıxarılması prosesi dayandırılmaq üzrədir. Son üç ildə neft hasilatı azalmaqdadır. SOCAR-ın xarici şirkətlərlə bağladığı müqavilələrin əsas məqsədi ondan ibarətdir ki, neft hasilatında sabitlik yaransın. Bu da yaxşı prerspektivlər vəd edir. O mənada ki, neft hasilatının aşağı düşməsi Azərbaycanın əsas gəlir mənbəyi olan xam neftin xaricə satılmasını azaldacaq. Ümumiyyətlə, prosesər neftin dünya bazarındakı qiymətindən asılı olacaq. Düzdür, dünya bazarında Azərbaycanın nefti də, qazı da azdır. Lakin coğrafi mövqeyimiz önəmlidir. Yeni layihələrdə Azərbaycanın iştirak etməsi, Avropanın enerji təminatında rol oyması o deməkdir ki, Azərbaycan enerji bazarında öz rolunu qoruyub saxlayacaq. Lakin həcm olaraq digər neft və qaz istehsal edən ölkələrdən daha az neft və qaz hasil edirik. Sadəcə, coğrafi olaraq stareji mövqedəyik”.
Enerji məsələləri üzrə ekspert Fuad Rəsulov da Azərbaycanın bundan sonra uzun müddət dünya enerji bazarında mövqelərini qoruyacağını düşünür: “Düzdür, Azərbaycanın əsas “Azəri-Çıraq-Günəşli” yatağında  hasilatın həcmi azalıb. Bu da təbii prosesdir. Müqaqvilələrin uzadılmasına baxmayaraq, orada yeni texnologiyalarla yeni platformaların tikilməsi zaman tələb edən prosesdir. Yataqların tükənməsi o demək deyil ki, bütün neft oradan çıxıb. Adətən təxminən 65 faiz neft yataqda qalır. Yeni texnologiyalar isə daha çox neft hasil etməyə imkan verir. Bu müddət ərzində isə kiçik yataqlarımızda hasilatı artırmaq vacib şərtdir. Bununla da bazarda öz mövqeiyimizi qoruyub saxlaya bilərik”.
Mübariz BAYRAMOV