Sürətli inkişaf iqtisadi siyasətin başlıca məqsədidir

10 Aprel 2018 09:40 (UTC+04:00)

Bu günlərdə Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində İlham Əliyev deyib: “Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir”. Bu faktor ölkənin tərəqqisini “analoqsuz model” kimi səciyyələndirən ekspertlərin əsas alibi kimi çıxış edir. Çünki, müstəqillik yolunda əvvəllər yaradılmış bütün təsərrüfat obyektlərinin dağıdılması fonunda yenidən iqtisadiyyatı dirçəltmək, həm də postsovet respublikalarının önündə getmək asan məsələ deyil. Bir fakta diqqət yetirmək lazımdır, müharibə görməyən, sovet dövrünün təsərrüfat subyektləri olan kolxoz-sovxozu saxlayan Belarus kimi ölkələr belə iqtisadi artım tempinə görə Azərbaycandan geri qalıblar. Mütəxəssisləri də maraqlandıran və yaxı mənada paradoks sayılan inkişafın Azərbaycan modelinin analoqsuz varianta çevrilməsi bu səbəbdəndir. 

Azərbaycan inkişaf etməkdə olan ölkələr cərgəsində addımlayır. Amma bəzi göstəricilər üzrə artıq inkişaf etmişlər səviyyəsində uğurlara imza atır. Dövlətlər arasında iqtisadiyyatın inkişaf barometri sayılan Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci, inklüziv inkişaf indeksinə görə isə inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerdədir. Bu rəqəmlər ölkələrarası iqtisadi yarışın finalı yox, gərgin, ölçülüb-biçilmiş və ağıllı siyasətin nəticəsidir. Azərbaycanın iqtisadi nailiyyətlərinin töhfələrindən biri sovetlərdən miras qalmış yoxsulluğun və işsizliyin təxminən beş faiz həddinə düşməsidir. Çünki, iqtisadi inkişaf dövlət modelinin də yüksəlişinə imkan verib və o, inzibati göstərişlərdən sosial mahiyyətə transfer kimi böyük və humanist çevriliş edib. 
Qərb analitikləri hər hansı ölkənin inkişafına adətən ümumi nəzər salır və iqtisadi faktorları siyası faktorlarla bağlamağa üstünlük verirlər. Məhz bu xüsusiyyət, yəni iqtisadiyyata paralel olaraq  siyasi islahatları həyata keçirmək üsulu qərblilərin diqqətini cəlb edir. Azərbaycanda isə təbii olaraq bu forma əvvəldən siyasətin prioritet istiqaməti olub və hər iki vektor üzrə paralel və qarşılıqlı inkişaf gedib. Başlıca prinsiplərdən biri şəffaflıq və açıqlıq münasibəti bütün hallarda təmin edilib. Hökumət fəaliyyətində nəyinsə gizli saxlanılması və sonradan, iş işdən keçəndən sonra hər şeyi qəfil bəyan edilməsi prinsipini kənara atıb. Hesabatlar dünya üçün açıq olub. İstehsal, məhsuldarlıqla yanaşı telekommunikasıya, başqa sözlə, insanlar üçün idarəetmə resurslarına çıxış imkanları inkişaf etdirilib. Bu gün Azərbaycan internetin azad olduğu ölkədir və əhalinin 80 faizə yaxını internet istifadəçisidir. 
Azərbaycan demokratik inkişaf yolu ilə gedir və bu xətt ildən-ilə güclənir. İnsanların sərbəst toplanma azadlığı, siyasi fəaliyyəti üçün ölkədə şərait var. Hətta siyasi rəhbərlik özü bu işin canlanmasında maraqlıdır. Çünki, ölkə əhalisinin 30 faizini gənclər təşkil edir. Onların fəallığı artdıqca sürətli inkişafa yeni töhfələr bəxş edən yeni ideyalar da çoxalır, yaradıcı və təşəbbüskar fəaliyyət artır.  
Azərbaycanın inkişaf modelində bariz nəzərə çarpan cizgilərdən biri şaxələndirmə siyasətidir. Neft kapitalının yaradıcılıqla insan kapitalına transferi enerji daşıyıcalıq üzərində qapanıb qalmaqdan qurtarmağa və beləliklə, iqtisadi sxematiklikdən qaçmağa imkan verib. Bu gün Azərbaycanın iqtisadi sxeminin başlıca oxları qeyri-neft sektorunun üzərində cəmləşib. Bu sahə getdikcə valyuta gəlirlərinin şəkisində öz payını artırır. Əhalinin kütləvi surətdə məşğulluğa cəlb edilməsində, ölkə üçün ənənəvi sənaye sahələrinin dirçəldilməsində böyük rol oynayır. Ən başlıcası ilə iqtisadi yeknəsəqlik iqtisadi müstəqilliklə əvəzlənir. Bu, ən böyük uğurdur və Azərbaycan dövləti və xalqı bu nailiyyətlə fəxr edir. İndi ölkə daxilində və xaricində Azərbaycan investor kimi çıxış edir. Onun həyata keçirdiyi layihələr yerli və beynəlxalq əhəmiyyəti ilə seçilir. Bu addımlar isə öz qarşılığını verir və xarici investorlar Azərbaycana həvəslə yatırımlar edirlər. Təsadüfi deyil ki, son 15 ildə xarici sərmayədarlar tərəfindən Azərbaycana 230 milyard investisiya qoyulub. Bu, ölkənin müstəqilliyinin və iqtisadi gücünün parlaq təzahürüdür.
N.NOVRUZ