“İmmuniteti zəif olan uşağa peyvənd vurmaq olmaz” - Valideynlərin nəzərinə!

13 Aprel 2018 12:36 (UTC+04:00)

“Son vaxtlar Azərbaycanda ağır formada olan astmalı xəstəyə rast gəlinmir”.
Movqe.az azvison.az-a istinadən xəbər verir ki, bunu pediatr-allerqoloq, professor Amaliya Əyyubova deyib. O, bildirib ki, diatezli körpələrin gələcəkdə bu və ya digər allergik xəstəliklərə meyli olur:

“Valideynlər diqqətsizlik edərək övladların mütəmadi şəkildə burunlarının axmasını ciddiyyətə almır. 2025-ci ilə qədər dünyada hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək. Qidalar bu sahədə əsas problemlərdən biridir. Eləcə də iqlim dəyişikliyi buna təsir edən amildir”.

A. Əyyubova bildirib ki, peyvənd tamamilə sağlam uşaqlara vurulmalıdır: “Uşağın immun sistemi zəifdirsə və ya yoxdursa, ona peyvənd vurmaq ümumiyyətlə olmaz. Sağlam olmayan uşaqları peyvəndə cəlb etmək olmaz. Allergiyası olan uşaqlara peyvənd vurmaq olar. Ancaq uşağı iki həftə qabaq hazırlamaq lazımdır. Bu qoruyucu dövr adlanır. Uşağa dərmanlar, vitaminlər verilir. Peyvənd vurulandan sonra yenə də həmin terapiya edilir”.