Radikalların Milli Şurası da tam sıradan çıxır

18 Aprel 2018 07:00 (UTC+04:00)

Milli Şuranın “Məhsul” stadionunda növbəti mitinqi radikal müxalifət üçün daha bir şou və rüsvayçılıq oldu. Yenə cəmiyyət tərfindən dəstəklənmədi. Bu və seçkilərin başa çatması fonunda gözləmək olarmı ki, radikal düşərgənin mitinq aktivliyi də sona çatsın və bu düşərgə daha süst vəziyyətə düşsün?

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, radikal müxalifət tarixin arxivinə qovuşacaq: “Radikal müxalifət düşərgəsində onsuz da uzun illərdir ki, süstlük hökm sürür. Onlar sadəcə olaraq, bəzi dairələrin diqqətini özlərinə cəlb etmək, gündəmdə qalmaq və adlarının hallanması üçün mitinq kimi aksiyalardan istifadə edirlər. Çalışırlar ki, belə tədbirləri də özləri üçün imic baxımından bir reklama çevirsinlər. Ama bu da alınmır. Çünki qüvvələri həddən çox azdır. Bu istiqamətdə hərəkət etmək üçün isə arxalarında lazımı qədər qüvvənin olması vacibdir. “Məhsul” stadionunda keçirilən son aksiyaları da göstərdi ki, radikal müxalifətin arxasınca gedənlər demək olar yoxdur. Mitinqə gedənlər də sadəcə olaraq, radikal düşərgə liderlərinin yaxınları, qohumlarından ibarət insanlardır. Cəmiyyətdən isə onlara dəstək gəlmir. Belə vəziyyət isə bir daha onu göstərir ki, onlar aksiya keçirməklə şou yaratmaq və bu yolla da adlarının qalmasını istəyirlər. Bu isə mümkün deyil. 
Milli Şuranın keçirdiyi heç bir tədbir, mitinqlər beynəlxalq aləmdə işıqlandırılmayıb. Onlar özlərini hakimiyyətə iddialı kimi təqdim edir. Amma Milli Şuranın heç bir tədbiri xarici mətbuatda belə işıqlandırılmır. Deməli, nə qədər dəridən-qabıqdan çıxsalar da diqqəti özlərinə cəlb edə bilməyəcəklər. Həmin qüvvələr yenidən qurulmalıdır. Partiyalarını müasir Avropa standartlarına uyğun yenidən qurmalı, demokratikliyi təmin etməlidirlər. İndiki halda isə radikal müxalifət partiyalarının heç biri daxilində demokratik dəyərlər yer almayıb. Bir nəfərin qərarı hamı üçün məcburidir. Digər tərəfdən, cəmiyyətə normal mesajlar, cəlbedici alternativ proqramlar verə bilmirlər. Ona görə düşünürəm ki, radikal müxalifət nəinki tam olaraq süst vəziyyətinə düşüb, hətta bu seçkilərədn sonra tarixin arxivinə qovuşacaq”.
BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin fikrincə, radikal düşərgə liderlərinin siyasi səhnədən getməsi indiki halda ən doğru yol olardı: “Milli Şuranın onsuz da seçkidən öncəki fəaliyyəti də hər hansı bir effekt vermirdi. Bu insanlar seçkinin mahiyyətini başa düşsəydi, bilərdilər ki, yeganə çıxış yolu seçkilərə qatılmaqdan ibarətdir. Lakin əks istiqamət götürərək, aktiv şəkildə aksiyalar keçirməyə və bununla da özlərini ifadə etməyə çalışdılar. Amma bu istəkləri də cəmiyyət tərəfindən dəstək qazanmadı. Belədə keçirdikləri mitinqə gələnlərin sayının hər aksiyadan sonra daha da azaldığının şahidi olduq. Onsuz da mitinqlərində həmişə eyni simalar nəzərə çarpırdı. Son mitinq isə göstərdi ki, öz üzvləri belə həmin aksiyaya qatılmaqdan imtina etdi. Onsuz da Milli Şuranın Azərbaycandakı siyasi prosesə hər hansı bir təsir gösərmək mexanizmləri yoxdur. Bu baxımdan da hansısa bir mövqe nümayiş etdirsələr də effektiv nəticəyə gətirib çıxarmayacaq. 

İndiki halda dəfələrlə iflasa uğramış Milli Şura layihəsinin bir kənara qoyulması və uzun illər boyu proseslərdə uğur qazanmayan siyasilərin də siyasi səhnədən getməsi ən doğru çıxış yolu olardı. Prinsip etibarı ilə həmin qüvvələrin hansısa mərhələdə siyasi uğur qazanacağı mümkün deyil”.
Rüfət Sultan