Prezident İlham Əliyev: "Ermənilər məscidlərimizi dağıdıb, amma onlar başa düşmürlər ki, biz dağılmış məscidləri qəlbimizdə ucaltmışıq"

18 Aprel 2018 14:53 (UTC+04:00)

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü və son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə gedib. Bəzi hallarda bizi tənqid edirdilər ki, nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz? Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat baxımından, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, onu da təmin edirik, ən müasir silahlar alınır və bundan sonra da alınacaq".

İlham Əliyev bildirib ki, ordumuzun gücünü düşmən də gördü: "Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır. İnsanlar qayıdıb, yeni qəsəbə salınıb. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü göstərir, Azərbaycan xalqının yenilməz ruhunu göstərir. Bu onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq və biz öz torpaqlarınmızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq".

Prezident əlavə edib ki, Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib: "Cocuq Mərcanlıya qayıdan həyat hər bir azərbaycanlını ürəkdən sevindirir, onu qürurlandırır. Ermənilər, vandallar, Ermənistan rəhbərliyi bizim tarixi abidələrimizə qarşı da soyqırım törədib, bizim məscidlərimizi dağıdıb. Amma onlar başa düşmürlər ki, biz dağılmış məscidləri qəlbimizdə yaşadırıq, biz dağılmış məscidləri qəlbimizdə ucaltmışıq. Torpaqlar işğaldan azad olunandan sonra vandallar tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıya gətirdik, orada tikdik və bu gün bu torpaqlarda bizim insanlarımız ibadət edə bilərlər. Bu da onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq".