Bələdiyyə haqqında ümumi məlumat

19 Aprel 2018 16:20 (UTC+04:00)

1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkisindən xeyli müddət keçsədə bir çoxları hələdə bələdiyyə haqqında tam və dolğun məlumat sahibi deyillər.Xüsusən bələdiyyənin fəaliyyət sferasının nə olduğu və yerli özünü idarəetmə anlayışı hələdə cəmiyyətimiz üçün tam olaraq aydınlaşmayıb və bəzi hallarda bələdiyyə yanlış olaraq dövlət qurumu kimi anlaşılır. Yerli özünü idarəetmə nədir, hansı əsaslarla fəaliyyət göstərir, strukturu və idarəçilik forması hansı prinsiplərə əsaslanır? Bələdiyyələr fəaliyyətlərində nə dərəcədə müstəqildirlər və bələdiyyə qərarları hansı prinsiplər əsasında qəbul edilinr? Bizim üçün bələdiyyə sistemi yeni yaranmış təsisatdır. Mətbuatda ara-sıra bələdiyyə ilə bağlı marifləndirici araşdırmalara rast gəlinsədə yenədə yetərli deyil. Demək ki, insanlarımızın bələdiyyələr haqqında dolğun məlumatlanmaqları üçün hələ uzun illərə, yüzlərlə araşdırmalara, kitab və məqalələrə ehtiyac vardır. Bu məqsədlə bir bələdiyyə nümayəndəsi kimi bələdiyyə haqqında anlayışları və izahları 15 başlıq altında toplayıb bələdiyyə barəsində ümumi məlumat verməyə çalışacam.
1.    Bələdiyyə nədir?
Bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində (kənd, qəsəbə, rayon və şəhər) yaşayan sakinlər tərəfindən yerli xarakterli seçkilər əsasında formalaşan sakinlərin yerli özünü idarəetmə formasıdır. Bələdiyyələrin funksiyaları yerli əhəmiyyətli problemlərin həllinə dövlətin iştirakı və rolu olmadan müstəqil sürətdə və yerli resurslar vasitəsiylə nail olmaqdir. Azərbayanda  1999-cu il 12 dekabr tarixində keçirilmiş ilk bələdiyyə seçkisində 2700 bələdiyyə formalaşsada zamanla özünü doğruldmayan, ərazi və əhali sayı baxımından kiçik bələdiyyələrin birləşdirilməsi sayəsəində hal-hazırda 1607 bələdiyyə orqanı fəaliyyət göstərməkdədir.
        Bələdiyyə sözü mənşəycə ərəb sözü olub Azərbaycanca tərcüməsi şəhər və yaxud məmləkət mənasını verən  “Beled”  və ya belde sözündən törəmişdir. 
    Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu əsasən Azərbaycanda bələdiyyələri idarəçilik formasına görə qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlardır.
     Bələdiyyə seçkili orqandır və yalnız seçkilərdə səs toplayaq qalib gəlmiş namizədlər bələdiyyə üzvü olmaq hüququ əldə edirlər.
2.    Bələdiyyə seçkiləri:
Bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun keçirilir. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.
    Bələdiyyə işinin təşkili prosesi görüləcək işlərlə əlaqədar qərarların qəbulu (bələdiyyə üzvləri tərəfindən) və işin icrası olaraq (bələdiyyə qulluqçuları tərəfindən)iki ayrı mərhələdən ibarətdir.
3.    Bələdiyyə üzvü:
  Bələdiyyə üzvü bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Yerli əhəmiyyətli məsələlərin həlli ilə əlaqədar qərarlar bələdiyyə üzvlərinin iştirak etdiyi bəzən ümumi yığıncaqda deyilən bələdiyyə yığıncağı (məclisi) tərəfindən qəbul edilir. Bələdiyə üzvləri bələdiyyənin iclaslarında müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır. Bələdiyyə üzvlərinin sayı Azərbaycan Respublikasının seçki məcəlləsinə və Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikasının qanuna əsasən ərazidə yaşayan sakinlərin sayına əsasən müəyyənləşdirilir.
4.    Bələdiyyə qulluqçusu:
      Bələdiyyə qulluqçusu yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxs hesab edilir. Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanuna görə bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər. Qanunvericiliyə əsasən bələdiyyə qulluqçularının fəaliyyətləri vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə öz səlahiyyətləri çərçivəsində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxmaq, yerli icra hakimiyyətinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində çalışmaq kimi geniş sahələri əhatə edir.
    Azərbaycan bələdiyyə sistemində bələdiyyənin işinin təşkil edilməsinəə rəhbərliyi bələdiyyənin sədri, sədr olmadığı hallarda sədr müavini həyata keçirir.
5.    Bələdiyyə sədri və müavini:
       Azərbaycan bələdiyyələri kollegial orqan olsalarda bələdiyyə sədrlərinin səlahiyyəti genişdir. Məsələn yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini Bələdiyyə iclasının qərarına əsasən bələdiyyənin sədri təyin edir. Bələdiyyənin fəaliyyəti ilə əlaqədar əmr və sərəncamlar verir. Bütün bunlarla yanaşı sədr bələdiyyənin fəaliyyətini təşkil edir, aktların icrasını təmin edir, bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında açıqlanmasını təmin edir, üçüncü şəxslərin qarşısında bələdiyyəni təmsil edir Bələdiyyə sədri həmdə icra aparatının rəhbəridir. 
Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir və bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir.
       Bələdiyyələrin icra orqanı həmən bələdiyyənin daxilində fəaliyyət göstərən icra aparatıdır.
6.    Bələdiyyənin icra aparatı:
          Bələdiyyənin icra aparatının tərkibi bələdiyyənin sədrindən, yerli əhaliyə xidmət, iqtisadi, ekoloji, sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan idarə, şöbə və digər struktur bölmələrdən ibarətdir. İcra aparatının fəaliyyəti bələdiyyələrin daxilində daimi və başqa komissiyalarının yaradılması, qanun çərçivəsində informasiya mübadiləsi, bələdiyyənin kargüzarlıq işinin təşkili və bələdiyyənin maddi-texniki təminat məsələlərinə nəzarət etməkdir. Həmçinin İcra aparatı bələdiyyə sədrinin tapşırıqlarının tapşırıqlarına əsasən bələdiyyənin qərarlarının icrasını təmin edir. İcra aparatı fəaliyyəti barədə yəni  icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat verməklə, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verməlidir.
     "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnaməsinin qəbul edilməsi haqqında Azərbaycan Respublikasının qanunda qeyd edilirki, Bələdiyyələr yerli büdcə, yeri sosial və yerli iqtisadi məsələlər, yerli ekologiya və onların fəaliyyətinə aid hüquq məsələləri ilə bağlı daimi komissiyalar formalaşdıra bilərlər
7.    Bələdiyyənin daimi və başqa komissiyaları:
      Azərbaycan Respublikası Konstitusiyasının 143-cü maddəsinə və "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyələr öz fəaliyyətini daimi və başqa komissiyalar vasitəsi ilə təşkil edirlər.
    Buraya bələdiyyə səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və qərar layihələrinin hazırlanması məslələrini, bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət kimi məsələlərdə daxildir. Bələdiyyələr tərəfindən daimi və başqa komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlərin nəzərə alınması mütləqdir.
    Bələdiyyələrin nəzdində təşkil edilmiş komissiyalarının say tərkibi bələdiyyə tərəfindən müəyyən edililməklə, yaradılan daimi və başqa komissiyaların tərkibi azı üç bələdiyyə üzvüdən ibarət olmalıdır. Bir bələdiyyə üzvü eyni vaxtda bir neçə komissiyanın üzvü ola bilər.
       Bələdiyyələr hər nə qədər müstəqil qurum olsalarda fəaliyyətlərinə dövlət    tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda inzibati nəzarət həyata keçirilir.
8.    Bələdiyyələrin fəaliyyətlərinə inzibati nəzarət mexanizmləri: 
   Bələdiyyələrin fəaliyyətlərinə inzibati nəzarət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən  tərəfindən icra edilir. Bələdiyyələrlə iş mərkəzi Ədliyyə Nazirliyi mərkəzi aparatında baş idarə səlahiyyətlərinə malik müstəqil qurumdur. Bələdiyyələrlə iş mərkəzini  öz fəaliyyətini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin haqqında Əsasnamə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat və digər müvafiq qanunvericilik aktları əsasında təşkil edir.
Ədliyyə Nazirliyi tərəfində bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi Bakı şəhərində baş idarə olan Bələdiyyələrlə iş mərkəzi  olmaqla yerlərdə regional Ədliyyə  şöbələri vasitəsilə təmin edilir. 
      Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin iki mexanizmi vardır:
1.    Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunvericilik.
2.    Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan.
     Hər iki qurumun fəaliyyətinin özəyini bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına nail olmaq  və qanunvericiliklə müəyyən edilmiş qaydalar daxilində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirilməsidir.
   Yerli özünü idarəetmə orqanları cəmiyyətin və insanların inkişafı naminə yerli sosial müdafiə və sosial inkişaf proqramları həyata keçirmək hüququna malikdirlər.
9.    Yerli sosial müdafiə və sosial inkişaf proqramları:
      Bələdiyyələr dövlət sosial təminatından əlavə mütəmadi və birdəfəlik sosial təminat, dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi və sair proqramları həyata keçirə bilərlər.Bələdiyyələr tərəfindən həyata keçirilən yerli sosial müdafiə və sosial inkişaf proqramlarında əsas məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Lakin bələdiyyələr qeyd edilən proqramları qəbul və icra edərkən dövlət orqanlarının müvafiq proqramlarının həyata keçirilməsinə müdaxilə edə bilməzlər.
           İstənilən sistemin özünü doğruldması və inkişafa nail olması üçün həmən sistemin sağlam iqtisadi əsaslarıın olması mühüm amildir.
10.    Bələdiyyənin iqtisadi və maliyyə əsasları:
          Bələdiyyə sisteminin iqtisadi əsaslarına bələdiyyə mülkiyyəti, yerli maliyyə, dövlət mülkiyyətində olan və bələdiyyələrin istifadəsinə verilmiş bələdiyyə əhalisinin tələbatının ödənilməsinə xidmət edən əmlaklar daxildir. Bələdiyyə öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni bələdiyyələr əmlaklarına sərbəst olaraq sahiblik etməklə, ondan istifadə edir və əmlakları barədə sərəncam verirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri və digər daşınar və daşınmaz əmlak daxildir. 
        Qanunvericilik icazə verir ki, bələdiyyələr yerli əhalinin maddi mənafeyi və bələdiyyənin inkişafı naminə qanunla müəyyənləşdirilmiş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul olsunlar.
         Hər bir bələdiyyə qurumu və bələdiyyə orqanlarında tutduğu vəzifəsindən aslı olmayaraq çalışan hər kəs fəaliyyətində məsuliyyətli olmalı və qanunlara riayət etməlidir.
11.    Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyətinin əsasları və növləri
         Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri hüquqa zidd hərəkətlərə və hərəkətsizliyə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar, barələrində inzibati qaydada və məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. Eyni zamanda bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər.
             Bələdiyyələr yalnız həmən bələdiyyənin ərazisində hüquqi qüvvəyə malik yerli əhəmiyyətli  qərarlar(aktlar) qəbul edə bilərlər.
12.    Bələdiyyə aktlarının qəbul edilməsi və qüvvəyə minməsi qaydası:
        Bələdiyyə aktlarının qəbul edilmə qaydaları bələdiyyələrin nizamnamələri ilə müəyyənləşdirilir. Nizamnamələrə görə bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu əsasında qəbul edilir.Lakin qərar layihələrinin irəli sürülmə hüququ təkcə bələdiyyə iclasına aid deyil. Yerli özünü idarəetmə orqanınin nizamnaməsinə uyğun olaraq sakinlərində yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək hüququ vardır. Yerli əhəmiyyətli məsələlər barəsində əhalinin bələdiyyələrə verdiyi bələdiyyə aktlarının layihələri hökmən əhalinin nümayəndələrinin iştirakı ilə açıq iclaslarda müzakirə olunmalı və nəticələri rəsmi formada elan edilməlidir.
 Bələdiyyələrin fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını və Nizamnamələrini rəhbər tuturlar.
13.    Bələdiyyə nizamnaməsi: 
          Bələdiyyələrin nizamnamələri hazırlanarkən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 2 iyul tarixli 698-IQ  nömrəli Qanununu və Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsi”nə və digər qanunvericilik aktlarına uyğun olmasına diqqət yetirilir. Bələdiyyə nizamnamələrində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yerli özünüidarənin təşkilinə, bələdiyyələrin və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin səlahiyyətinə və fəaliyyət qaydasına dair bütün müddəalar əksini tapır.
        Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququ olan sakinlərin iştirakı ilə vətəndaş yığıncaqları keçirilə bilər.
14.    Vətəndaşların yığıncaqları:
         Qanunla müəyyən edilmiş hallarda sakinlər yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə vətəndaş yığıncaqlarını keçirə bilərlər.Vətəndaş yığıncağının baş tutması və qərar qəbul etməsi üçün ilk nöcbədə səsvermə hüququ olan sakinlərin 25 faizinin iştirakı lazımdır.Vətəndaş yığıcağının hətta bələdiyyənin nizamnaməsinin qəbul edilməsi, dəyişdirilməsi və qərarların qəbul edilməsi kimi mühüm səlahiyyətləri vardır.
 Əhalisi 500 nəfərdən az olan bələdiyyələrdə yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə həmin bələdiyyə ərazilərində vətəndaşların yığıncaqları bələdiyyə üzvlərinin yığıncağı ilə bərabər hüquqa malikdir.
     Bələdiyyə üzvləri hər altı aydan bir, bələdiyyələr isə qurum olaraq ildə bir dəfə hesabat verməlidirlər.
15.    Bələdiyyənin hesabatı:
Bələdiyyələr iki halda fəaliyyətləri barədə hesabat verməlidirlər.
1.    Aprel ayının 1-nə qədər gördüyü işlər barədə ictimaiyyət qarşısında verdiyi illik yekun hesabat.
2.    Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi  və qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə.
      Yerli özünü idarəetmə orqanlarının əhəmiyyəti yerli problemlərin həllini sakinlərin öz idarəçilikləri vasitəsiylə təmin etməklə dövlət büdəcsinin yükünü azaldaraq dövlətin güclənməsinə nail olmaqdadır.

Hüquqşunas, Fərman Salmanlı