Qarabağ münaqişəsi ilə bağlı intensiv danışıqlar başlanır

20 Aprel 2018 09:24 (UTC+04:00)

Azərbaycanda və Ermənistanda seçki prosesi başa çatdı. Bundan əvvəl fikirlər səslənirdi ki, seçkidən sonra tərəflər arasında Qarabağ münaqişəsinə dair intensiv danışıqlar başlanacaq.

Qeyd edək ki, bu günə qədər davam edən danışıqlarda hər hansı bir real nəticə olmayıb. Ermənistan bütün vasitələrdən istifadə edərək çalışır ki, danışıqlar pozitiv ruhda keçməsin. Amma bununla belə, seçkilərdən sonra prosesdə canlanmanın olacağına dair fikirlər geniş yer alıb.   Belə intensiv danışıqları gözləmək olarmı? Bu baş tutmasa, Qarabağ məsələsində hadisələr hansı istiqamətdə inkişaf edəcək? 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy bildirdi ki, seçkilərdən sonra danışıqların intensivləşəcəyini istisna etməsə də, prosesdə real nəticələrin əldə olunacağını gözləmir: “Qeyd edim ki, iki ölkənin Qarabağ məsələsinə münasibəti çox fərqlidir, bir-birinə daban-dabana ziddir. O baxımdan seçkilərin keçirilib-keçirilməməsindən asılı

olmayaraq, iki dövlət arasında ziddiyyətlər olduğundan problemin həll edilməsi və yaxud danışıqlar prosesinin gedişini seçki dövrü ilə bağlamaq düzgün deyil. Seçki dövrü olsa da, olmasa da hər iki tərəfin məsələ ilə bağlı bir-birinə daban-dabana zidd mövqeləri var. Seçkilər ancaq prosesin müəyyən bir hissəsində prosesə təsir göstərə bilər.

Ermənistan beynəlxalq hüquqa, özünün imzaladığı anlaşmalara zidd mövqe sərgiləyir. Seçkilərdən sonra Dağlıq Qarabağ ətrafında danışıqlarda müəyyən intensivləşmənin olmasına gəldikdə, əslində, Azərbaycanda seçkilərin keçirilmə səbəbinə münasibət bildirən təhlilçilər arasında onu Qarabağ məsələsilə əlaqələndirənlər də oldu. Bu fonda

seçkilərdən sonra danışıqlar prosesində müəyyən intensivləşmənin olması mümkündür. Çünki problemin aktuallığının qorunması, müharibə ehtimalının hər zaman yüksək olması, regional və qlobal mənada rəqabətin bölgəyə yaxınlaşması Qarabağ məsələsinin aktuallığını artıra bilər. Regional mənada Rusiyanın ciddi aktivliyi müşahidə edilir. Həmin ölkənin aktivliyi daha da arta bilər. Bu aktivlik özünü onda da göstərə bilər ki, Moskva Qərbin ona qarşı atdığı addımlara cavab olaraq özünün mövqeyini gücləndirmək istiqamətində səyini daha da artıra bilər. Həmin mövqeyin gücləndirilməsi yolunda isə Cənubi Qafqaz əhəmiyyətli məqamlardan birini təşkil edir. Qarabağ problemi də bu mənada Rusiyaya öz mövqeyini möhkəmləndirmək baxımından müəyyən fürsətlər verir. Ona görə də Rusiya bu fürsətlərdən yararlanmaq üçün danışıqlar prosesini intensivləşdirə bilər.

İkinci bir tərəfdən, Qərbin Rusiyaya yönəlik təzyiqləri fonunda onun Moskva ilə olan gərgin münasibəti daha da kəskinləşir. Bu gərginlik özünü hətta Qarabağda da göstərə bilər. Problemin həllində ATƏT-in Minsk qrupu həmsədrlərindən olan Fransa, ilk növbədə ABŞ-ın da danışıqların intensivləşməsini təmin etmək baxımından aktivlik nümayiş etdirəcəyi istisna edilmir. Rusiya ilə Türkiyə arasında mövcud olan münasibətlər də prosesin intensivləşməsinə müəyyən mənada təkan verə biləcək səbəblərdəndir. Bütün hallarda danışıqlar intensivləşsə də, ondan real nəticə gözləməyin çox tez olduğunu düşünürəm. Bunu gözləmirəm. Danışıqların nəticəsiz davam etməsi isə regionda gərginliyi daha da artıracaq. Burada vəziyyət Ermənistandakı prosesin necə olacağı ilə də bağlıdır.

Hazırda bilirsiniz ki, Ermənistan daxilində müəyyən gərginliklər yaşanır. Bu proseslər də Ermənistanın Qarabağ məsələsində mövqeyinin dəyişməsinə xidmət edərsə, bu halda müəyyən mənada İrəvanın mövqeyində yumşamaların olmasını görmək olar. Ancaq bu da dediyim kimi, işğalçı ölkədə prosesin necə inkişaf edəcəyindən asılıdır. Qarabağ klanı zəifləsə,  o zaman Ermənistanın mövqeyində müəyyən yumşalmalar gündəmə gələr. Amma bütün bunları da Ermənistana Rusiya təsirini nəzər almadan qiymətləndirmək doğru olmaz. Hər halda, Qarabağ məsələsində Ermənistan tərəfdən son sözü deyəcək ölkə Rusiyadır”.

Rüfət NADİROĞLU