Uğurlu siyasət iqtisadi artımı təmin edəcək

21 Aprel 2018 10:00 (UTC+04:00)

Prezident İlham Əliyev öz çıxışlarında bildirib ki, 2017-ci il tarixə dönüş ili kimi daxil olub, ancaq 2018-ci ildə daha böyük nailiyyətlər qazanacağıq.  Azərbaycan ötən il nəinki dünya  iqtisadi böhranı nəticəsində baş vermiş gerilikləri bütün sahələr üzrə aradan qaldırmağa nail olub, həmçinin ölkə iqtisadiyyatının rəqabətqabiliyyətlilik göstəricisi üzrə iki pillə irəliləyərək il ərzində əldə etdiyi uğurların t\əsadüfi olmadığını sübut edib. 

2017-ci ildə ölkə iqtisadiyyatının bütövlükdə pozitiv nəticə ilə yekunlaşması, qeyri-neft sektorunda 2,5 faiz, o cümlədən, qeyri-neft sənayesində 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artımın əldə olunması, ixracın 19 faiz, qeyri-neft ixracının isə 24 faiz artması, ticarət balansının müsbət saldosunun 6,2 milyard dollara çatması, valyuta ehtiyatlarının isə 4,5 milyard dollar artımı iqtisadiyyatda baş vermiş ciddi dönüşü əsaslı şəkildə xarakterizə etməyə imkan verən göstəricilərdir. İqtisadiyyatın durumu rəqəmlərlə daha aydın ifadə olunur. 
Ötən il əldə olunmuş bu yüksək nəticələr 2018-ci ildə daha böyük iqtisadi uğurlara imza atmaq üçün yaxşı zəmin yaradıb. Bu il iqtisadiyyatımızın daha sürətli inkişafı ili olacaqdır. Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasında çıxış edən ölkə başçısı cari il üçün gözlənilən yüksəliş barədə deyib: “Əminəm ki, bu il ölkə iqtisadiyyatı öz inkişaf yolu ilə gedəcək. İl ərzində bir çox önəmli layihələrin icrası nəzərdə tutulur. Əlbəttə, biz çalışmalıyıq ki, 2018-ci ildə makroiqtisadi vəziyyət sabit olsun. Mən şübhə etmirəm ki, belə də olacaq. Makroiqtisadi sabitlik hər bir ölkə üçün önəmli amildir. Keçən ilin son aylarında makroiqtisadi vəziyyət sabitləşmişdir, inflyasiyanın səviyyəsi aşağı idi. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək. Manatın məzənnəsi sabitdir. Qeyd etdiyim kimi, 6,2 milyard dollar müsbət saldomuz makroiqtisadi sabitlik üçün çox önəmli amildir”.
İqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı bu il də diqqət mərkəzində olacaq və Azərbaycan iqtisadiyyatının real sektora transformasiya edilməsi sahəsində işlər sürətlə davam etdiriləcəkdir. Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması, Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı, Sumqayıt Kimya Sənaye Parkında bir neçə  müəssisənin istifadəyə verilməsi, on yeni xalça fabrikinin açılışı, iki min kilometrə yaxın avtomobil yollarının çəkilməsi, ötən illə müqayisədə barama istehsalının iki dəfəyə qədər artırılması, pambıqçılığın, fındıqçılığın, tütünçülüyün daha sürətli inkişafı və digər çox mühüm işlər məhz 2018-ci ilin iqtisadi planında yer alıb.
Son 15 il ərzində ölkəmiz misli görünməmiş yüksəlişə nail olub, dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatı kimi özünü təsdiqləyib. Bu illər ərzində iqtisadiyyatın 3,5 dəfədən çox artması, 1,6 milyondan çox yeni iş yerinin açılması sosial inkişaf sosial inkişafın möhtəşəmliyini göstərir. Bu, eyni zamanda hökumətin iqtisadi siyasətinin düzgün, səmərəli və elmi əsaslarla qurulmasına dəlalət edir. Bu səbəbdən uğur görülən işlərin başı üzərindədir. Təsadüfi deyil ki, 2018-ci ilin birinci rübündə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 17,2 milyard manata yaxın təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Demək, verilmiş proqnozlar özünü doğruldur. İlin sonunda veriləcək iqtisadi hesabatların qürurverici olacağı barədə anons sayılan bu rəqəmlərin daha yüksək hədlə ifadə edilməsi indidən bəllidir. 
N.NOVRUZ