LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
4 Aprel 2013 09:00 (UTC+04:00)
Danılmaz həqiqətdir ki, bu gün Azərbaycan iqtisadiyyatı üçün
prioritet təşkil edən qeyri-neft sektorunun inkişafında regionların
xüsusi çəkisi davamlı surətdə artmaqda, bölgələrin məcmu istehsal
prosesində payı artmaqdadır. Heç şübhəsiz ki, bunun ən ümdə
səbəblərindən biri regionların inkişafını özündə ehtiva edən dövlət
proqramlarının hazırlanaraq uğurla icraya yönləndirilməsidir.
Xatırlatmaq yerinə düşərdi ki, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının
sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı
regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat
səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün
aşağıdakı vəzifələr yerinə yetirilməkdədir: ölkənin təbii və əmək
potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun
sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının
yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü
tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da
sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb
olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının
stimullaşdırılması; müasir tipli infrastruktur obyektlərinin
yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara
uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının
yaxşılaşdırılması; əhalinin məşğulluq səviyyəsinin artırılması
istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun
səviyyəsinin azaldılması.
O da məlumdur ki, proqrama əsasən, müəyyən olunmuş iqtisadi
rayonlar üzrə həyata keçirilən tədbirlər artıq öz yüksək
nəticələrini verməkdədir. Bunu Biləsuvar rayonunun timsalında da
görmək mümkündür. 2012-ci ilin yekunları da qeyd olunanların real
təsdiqi kimi çıxış edir. Belə ki, hesabat ilində rayonda
iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 178,9 milyon manatlıq məhsul
istehsal edilib. Bu, 2011-ci illə müqayisədə 16,6 faiz çoxdur.
Həmin dövrdə ümumi məhsul buraxılışı sənayedə 12,7, kənd
təsərrüfatında 84,5, tikintidə 39,5, nəqliyyatda 2,4, ticarətdə
39,4 milyon manat artıb. Göstərilən pullu xidmətlərin həcmi 2011-ci
illə müqayisədə 12,3 faiz çox-27,8 milyon manat təşkil edib. Rayon
üzrə əsas kapitala yönəldilmiş investisiyanın məbləği 40 milyon
manat təşkil edib. Bu da əvvəlki ildəkindən 15 faiz çoxdur.
Ötən il əhalinin gəlirləri xeyli artıb, sosial rifah halı
yaxşılaşıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 39
sahibkarlıq subyektinə 13 milyon manatdan çox güzəştli kreditlər
verilib, 1009 daimi iş yeri açılıb. Hesabat ilində "Azərbaycan
Respublikası regionların 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın icrası ilə əlaqədar rayon ərazisində
tikinti və abadlıq sahəsində də xeyli iş görülüb. Ölkə
Prezidentinin "Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2012-ci il 23
iyul tarixli Sərəncamı ilə 17 min nəfər əhalinin yaşadığı 6 yaşayış
məntəqəsini birləşdirən 21 kilometr uzunluğunda
Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisi
üçün 5,2 milyon manat ayrılıb və həmin vəsait müqabilində yüksək
keyfiyyətli asfalt-beton örtüklü yol çəkilib.
Rayon mərkəzində ərazisi 1,7 hektar olan Heydər Əliyev parkının
müasir üslubda yenidən qurulması, həmin parkın ərazisində Heydər
Əliyev mərkəzi, rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası
Biləsuvar rayon təşkilatı üçün yeni inzibati binaların, ümummilli
lider Heydər Əliyevin abidə kompleksinin, digər çoxsaylı
obyektlərin tikintiləri davam etdirilib. Biləsuvar şəhərinin
H.Əliyev, M.İbrahimov və Nizami küçələrində hasarların tikintisi,
dekorativ üzlük aqlay daşları ilə müasir üslubda üzlənməsi, piyada
səkilərinin üzlük tavalarla üzlənməsi və yeni işıqlandırma
dirəklərinin quraşdırılması işləri də davam etdirilib. Rayon
ərazisində özəl sektorun inkişafında da xeyli işləri görülmüşdür.
Belə ki, şəhər ərazisində müasir tələblərə cavab verən 500 yerlik
şadlıq sarayı tikilib istifadəyə verilib, Xırmandalı kəndi
ərazisində 2 hektar sahədə kənd təsərrüfatı məhsulları
yetişdiriləcək istixananın, kənd təsərrüfatı məhsullarının
saxlanması üçün soyuducu anbar kompleksinin tikintiləri
reallaşdırılmaqdadır.
Hesabat ilində rayon ərazisində özəl sektorun inkişafına da ciddi
fikir verilib. Kəndlərdə yaşayan əhalinin sosial şəraitinin
yaxşılaşdırılması məqsədilə "Modul" tipli sudurulducu qurğuların
tikintisi ötən ildə də davam etdirilib, daha 5 kənddə sudurulducu
qurğu istifadəyə verilib, beləliklə də rayon üzrə bulaqların sayı
16-ya çatdırılıb. Ötən ildə "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na
uyğun olaraq Biləsuvar şəhərinin içməli su və kanalizasiya
sisteminin tikintisinə başlanılıb və bu işlər sürətlə davam
etdirilir.
Ölkə Prezidenti tərəfindən aqrar bölməyə göstərilən diqqət və qayğı
nəticəsində daxili bazarın ərzaqla təminatında yerli istehsalın
xüsusi çəkisi hiss olunacaq dərəcədə artıb, ixrac yönümlü
məhsulların çeşidi genişlənib. Görülən bütün bu tədbirlər
respublikamızda kənd təsərüfatının sürətli inkişafına və bu sahədə
çalışan ölkə əhalisinin maddi rifah halının yaxşılaşmasına səbəb
olub. Biləsuvar rayonunun da aqrar rayon kimi inkişafı, bilavasitə
kənd təsərrüfatındakı işlərin səviyyəsindən asılıdır. Rayonda kənd
təsərrüfatı sahəsində məhsul istehsalının həcmi bütün sahələrdə
əvvəlki illərlə müqayisədə artımla müşahidə olunub. Heyvandarlıq və
quşçuluğun inkişafı sahəsində də irəliləyişlər əldə olunub. Rayon
ərazisində torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması
məqsədi ilə mövcud kollektor-drenaj sistemlərinin təmiri və lildən
təmizlənməsi üçün 2012-2014-cü illə üzrə qrafik hazırlanaraq təsdiq
edilib. Aqrar sahənin daha da inkişaf etdirilməsi bitkiçilik və
heyvandarlıq sahələrinin xəstəlik və ziyanvericilərdən etibarlı
mühafizəsi məqsədilə Baytarlıq idarəsi ilə yanaşı, ən müasir
avadanlıqlarla təchiz edilmiş Bitkiçilik Fitosanitar-Karantin
Məntəqəsi tikilib.
Hesabat ilində rayon əhalisinin təbii qazla təmin edilməsi və qaz
təsərrüfatının yenidən qurulması istiqamətində də xeyli iş görülüb.
Ovçubərə, Təsəkənd, Yuxarı Cürəli, Amankənd, Ağalıkənd, Aşağı
Cürəli, Dərvişli, Çinarlı, Aranlı kəndlərində və Biləsuvar
şəhərinin genişlənən hissəsində salınmış "Təyyarə meydanı" adlanan
yaşayış məntəqəsində təbii qazın verilişi bərpa edilib.
Ümumiyyətlə, Dövlət Proqramının icrası ilə bağlı 2012-ci ildə rayon
əhalisinin təbii qazla təmin edilməsi və qaz təsərrüfatının yenidən
qurulması istiqamətində işlər davam etdirilib. Rayonun Xırmandalı,
Əliabad, Bəydili, Zəhmətabad kəndlərində qaz tənzimləmə məntəqələri
quraşdırılıb. Onu da qeyd edək ki, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən
ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması,
kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər
aparılır, ölkənin qaz təchizatı sistemində mövcud olan problemlər
aradan qaldırılır, uzun müddət təbii qaz almayan yaşayış massivləri
"mavi yanacaq"la təmin olunur. Biləsuvar rayonunun qazlaşdırılması
istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan
xarakterikdir. Qeyd edilən fonda bu ilin martında isə Biləsuvar
rayonunun Çaylı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi
münasibəti ilə tədbir keçirilib. 200 abonenti olan Çaylı kəndinin
qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 35
min metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və
məhəllədaxili qaz xətləri çəkilib, 200 ədəd sayğac və fərdi
tənzimləyici quraşdırılıb.
Biləsuvar Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində enerji
daşıyıcılarının dayanıqlığı möhkəmləndirilib. Ötən ilin son üç
ayında müəssisənin balansına aid olan 10 kilovoltluq xətlərin 11,7
kilometr hissəsində, 0,4 kilovoltluq xətlər üzrə 9,2 kilometr
məsafə əsaslı və cari təmir edilib. Eyni zamanda, 28 transformator
məntəqəsində yenidənqurma işləri aparılıb, ümumi gücü 1,3 meqabayta
yaxın olan 6 transformator təmir edilərək şəbəkəyə qoşulub. Hazırda
şəbəkələrdə yenidənqurma işləri həyata keçirilir və sayğaclar
xüsusi qutularda baxış üçün maneəsiz yerlərdə quraşdırılır ki,
istehlak edilmiş enerjinin uçotu dəqiq aparılsın.
Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına,
gənclərlə işin yaxşılaşdırılmasına diqqət xeyli gücləndirilib.
Təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi ön plana çəkilib. Bu isə nəticədə
həmin sahələrin fəaliyyətinin daha da gücləndirilməsinə səbəb olub.
Respublikamızda təhsil sahəsində aparılan islahatlar rayonun təhsil
sistemində də uğurla həyata keçirilərək müsbət nəticələrini
verməkdədir. Ölkə Prezidentinin təhsil sisteminin maddi-texniki
bazasının möhkəmləndirilməsinə, təhsil ocaqlarının müasir tələblər
səviyyəsində qurulmasına göstərdiyi yüksək qayğı və diqqət
nəticəsində rayonda da mühüm addımlar atılıb. Son illər Heydər
Əliyev Fondunun təşəbbüsü ilə rayonumuzda 9 yeni məktəbin tikilib
istifadəyə verilməsi, 4 məktəbin yüksək səviyyədə əsaslı təmir
olunaraq istifadəyə verilməsi həmin məktəblərdə təhsilin
keyfiyyətinin yüksəlməsində mühüm amil olub.
Təhsildə tədrisin keyfiyyətini yaxşılaşdırmaq, şagirdlərin fiziki
hazırlıq səviyyəsinin yüksəltmək məqsədilə Xırmandalı kənd 1 saylı
tam orta məktəbi və Zəhmətabad kənd tam orta məktəbinin idman zalı
əsaslı təmir olunub.Şəhər 1saylı uşaq bağçasının əsaslı təmir
edilməsi, şəhər 2 saylı və Zəhmətabad kənd uşaq bağçalarının
yenidən tikilməsi dövlətin böyüməkdə olan gənc nəslin inkişafına
göstərdiyi qayğının təzahürüdür. Əhaliyə keyfiyyətli rabitə
xidmətinin göstərilməsi məqsədi ilə rayon mərkəzi ATS-də yeni
elektron ATS-in quraşdırılması işləri tam başa çatdırılıb. Eyni
zamanda rayonun bütün kəndlərində ATS-lər elektronlaşdırılıb.
Əhaliyə keyfiyyətli rabitə xidməti göstərilməsi üçün rayon
kəndlərində və şəhər mərkəzində yerləşən elektron ATS-lərin
ərazilərində xətt təsərrüfatında təmir işləri aparılıb. Əhaliyə
sürətli internet xidmətinin göstərilməsi üçün avadanlıqların
quraşdırılması reallaşdırılıb. Digər sahələr üzrə də sürətli
tərəqqi yaşanır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap
olunub.