Ermənistanda “məxməri inqilab” davam edir

27 Aprel 2018 09:40 (UTC+04:00)

Serj Sarkisyanın hakimiyyətdən getməsinə Moskvanın susqunluq göstərməsi belə fikir yaradırdı ki, “inqilabçı” Nikol Paşinyan şimaldan gələn sifarişlərlə işləyir. Lakin hadisələr inkişaf etdikcə sular durulur və kimin kim olduğu barədə daha aydın təsəvvülərin formalaşmasına imkan yaranır. Serjin vəzifəsini itirdikdən sonra parlamentə və partiyadaşlarına məktubla müraciətinin heç bir ciddi reaksiya doğumaması sübut edir ki, bu adamın əlindən hamı cana doyubmuş. Onun müəyyən səhvlərə yol verdiyini etiraf etməsi də göstərir ki, Sarkisyan artıq Ermənistanda arzuolunmaz şəxsə çevrilib. Və onun səhvi güman ki, Moskvadan göndərilmiş Karen Karapetyanı tapdalayaraq baş nazir kürsüsünə yiyələnməsi olub. Bu sadə səhvdən ölkə qarışıb və bu fonda Karapetyan da siyahıdan çıxarılacaq. 

Serjin getməsini səbr və təmkinlə qarşılayan Kreml artıq fəaliyyətə başlayıb. Bəzi ekspertlər Qərbin bu işlərdə əlinin olması barədə fikirlər söyləsə də bu hələlik mümkün sayılmır. Yəni, Qərb ölkələri gözəl bilirlər ki, Rusiya Ermənistan üzərində hansı təsir qüvvəsinə malikdir və bu qüvvə xaricində heç bir ölkə Ermənistanda vəziyyəti qarışdıra bilməz. Moskva politoloqlarından birini açıqladığı “Serj Sarkisyanı erməni diasporu devirdi” fikri daha real düşüncədir. Nikol Paşinyan isə, əgər Rusiyanın kadrı deyilsə, onda sadəcə “hara getdiyini dəqiq bilməyən romantik gəncliyin nümayəndəsi”dir. O, özünü inqilabçı adlandırır. Halbuki etdiyi “inqilab” Ermənistanı müstəqil dövlət etməyə yönəlməyib. Belə görünür ki, məqsəd öz gücünü itirərək siyasi səhnəni tərk etməyə mənən məhkum olan kadrlardan yaxa qurtarmaqdır. Paşinyan da bunun üçün ortaya atılmış alətdir. 
Ancaq köhnələr səhnədən dinməz-söyləməz düşmək fikrində deyillər. Bu cür gediş uzun illər ərzində əldə edilmiş sərvətin böyük bir hissəsinin itirilməsi demək olar. Bu səbəbdən müqavimət güclüdür. Üstəlik, Sarkisyanın dövründə elitadakı mövqelərini itirmişlər (Sarukyan və dəstəsi) mövqelərini qaytarmaq üçün şəraitdən istifadə etməyə çalışırlar. Vəziyyəti gərginləşdirən səbəblərdən biri də budur. 
Ən təhlükəlisi isə artıq hərəkətə gətirilmiş kütlənin özünün kortəbii fəaliyyətidir. Təsadüfi deyil ki, ölkədə özbaşınalığın güclənməsi qazamatda olan cinayətkarları da şirnikləndirib və onlar kütləvi qaçış eşqinə düşüblər. Hələlik polis orqanları bir qazamatdakı özfəaliyyətin qarşısını yarı yolda ala biliblər. 
Bu arada vəzifədə olanların Moskvaya səfərləri intensivləşib. Deyəsən, Kreml Karen Karapetyanın əvəzinə yeni adamını təyin etmək istəyir. Təbii ki, bütün hallarda belə “təyinat”lar seçki yolu ilə həyata keçiriləcək. Bunlar üçünsə vaxt lazımdır. Kütlə isə dəyişiklikləri dərhal və öz istəklərinə uyğun görmək istəyir. Axı, bu cür hərəkatları başlayanlar adətən özlərini vəzifədə olan kimi aparırlar və prosedurları köhnəliyin qalığı qismində görürlər. 
Bir sözlə, Ermənistandakı mövcud ictimai-siyasi vəziyyət ölkənin ictimai həyatını, az-çox olan sənaye müəssisələrini, biznesdən məişətə qədər müxtəlif sferaları iflic edir. Bu isə “inqilab”ın qələbəsini heçə endirir və “inqilab bizə nə verəcək?” sualını aktuallaşdırır. Ermənistanda vəziyyət çox mürəkkəbdir. Ümumiləşdirilmiş halda aşağılar yuxarılardan pay qoparmaq, yuxarılar isə əldə etdiklərindən itirməmək ehtirası ilə qarşıdurmanı gücləndirirlər. Bu isə, mümkündür ki, ciddi, bəlkə də qanla bitəcək vətəndaş qarşıdurmasını körükləyir. 
N.NOVRUZ