Ordumuzun hərbi potensialını gücləndirəcək yeni döyüş texnikaları alınır

27 Aprel 2018 09:50 (UTC+04:00)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli müdafiə naziri general-polkovnik Vei Fenxenin dəvəti ilə aprelin 26-da Pekin şəhərinə gəlib. Rəsmi səfər çərçivəsində ÇXR-nın hərbi-siyasi rəhbərliyinin və digər dövlət strukturlarının rəsmiləri ilə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə görüşlərin keçirilməsi nəzərdə tutulub. Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə nəzərdə tutulan ziyarət zamanı Azərbaycan nümayəndə heyəti ordumuzun hərbi potensialını gücləndirəcək müasir döyüş texnikaları və digər hərbi təyinatlı məhsullar ilə tanış olacaq. Bu fonda Azərbaycanın Çindən də müasir döyüş texnikaları və digər hərbi təyinatlı məhsullar almasını gözləmək olar. 
Ehtiyatda olan zabit, Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı Tərlan Eyvazov bildirdi ki, Çnlə hərbi sahədə əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan digər ölkələr kimi, imkan çərçivəsində Çin kimi nəhənglə də hərtərəfli şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlıq özünü həmçinin hərbi sahədə də göstərir. On ildən çoxdur ki, Azərbaycanla Çin arasında hərbi sahədə də əməkdaşlıq mühiti yaranıb. Bu mənada Azərbaycan digər ölkələrlə yanaşı, Çindən də ehtiyacı olan və ən müasir standartlara cavab verən silah, hərbi sursatları ala bilər. Burada hər hansı bir problemin olacağını düşünmürəm. 
Azərbaycanla Çin arasında yüksək səviyyədə ikitərəfli görüşlər olub. İkitərəfli əməkdaşlıq inkişaf edir. Təbii ki, bu əməkdaşlıq daxilində hərbi sahədə əməkdaşlıq da mühüm yer tutur. Onun da tarixi Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərə gedib çıxır. İqtisadi, strateji və hərbi baxımdan dünyanın ikinci fövqəldövləti olan Çinlə Azərbaycanın təbii ki, digər sahələr kimi hərbi sahədə də əlaqələri labüddür. Çindən bundan əvvəl strateji yaylım atəş silahları almışıq və yəqin ki, almaqda davam edəcəyik. 
Çin hazırda demək olar ki, bütün silah növlərinin istehsalı üzrə dünyanın aparıcı ölkələrindəndir. Bu ölkənin hərbi büdcəsi ötən ildə 107 milyard dolları keçib. Rusiyanın hərbi büdcəsi isə iqtisadi imkanlarının daralması ilə bağlı olaraq aşağı düşüb, 48 milyard dollar. Ona görə də Çinin hərbi sənayesi, istərsə də kadr hazırlığı yüksələn xətlə inkişaf edir.  Ona əsasən də deyərdim ki, yaylım atəş sistemləri sahəsində bu ölkə üstün mövqedədir. Çin dünyada sürətlə inkişaf edən ölkədir. Hətta analitiklərin bildirdiyinə görə, gələcəkdə Çin dünyanın bir nömrəli ölkəsinə çevrilmək iddiasındadır. Bu ölkə həmçinin dünyada hərbi büdcəsinə görə ikinci yerdə gedir. Təbii ki, bu mənada Azərbaycan tərəfi də həmin amili dəyərləndirərək, yetərincə ondan istifadə edir və edəcək”.
Rüfət NADİROĞLU