AŞPA-da Azərbaycana qarşı səngiməyən qərəz

1 May 2018 07:00 (UTC+04:00)

 Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana, Türkiyəyə qarşı ikili standartlar sərgilənir. Xüsusən də son proseslərdən göründüyü kimi, AŞPA Azərbaycanı bu müstəvidə daha çox hədəfə alıb. Qeyd edək ki, Azərbaycan sözügedən qurum qarşısında üzərinə götürdüyü öhdəlikləri icra edib. Azərbaycanda demokratik dəyərlərə geniş yer verilir. Amma buna baxmayaraq, AŞPA və digər Qərb qurumları Azərbaycana münasibətdə hələ də qərəzli, əsassız ittihamlarından əl çəkmirlər.  Dəfələrlə, həmin qurumların ölkəmizə münasibətdə bu tip qərəzli fəaliyyətlərinin şahidi olmuşuq. 

AŞPA-nın Müstəqil Araşdırma Qurumunun təşkilat daxilində korrupsiya faktları ilə bağlı ölkəmizə dair hazırladağı əsassız hesabat da bunun təsdiqidir.  
Politoloq Məmməd Əlizadə bildirdi ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, heç kimin diktəsilə oturub-durmaması Qərbdəki bir sıra qüvvələri əndişələndirdiyindən, onlar ölkəmizə münasibətdə ikili və qərəzli siyasətlərini davam etdirirlər. Politoloq həmçinin düşünür ki, AŞPA-nın sözügedən əsassız qərarının verilməsində xristian təəssübkeşliyi amili də rol oynayıb: “Avropa Şurası Parlament Assambleyası və bu kimi digər qurumlar əvvəllər də Azərbaycana münasibətdə ikili standartlardan çıxış ediblər. Lakin ölkəmizdə uğurla nəticələnən son prezident seçkilərindən sonra Azərbaycana qarşı Qərb qurumlarının qərəzlə dolu fəaliyyəti daha da genişlənib. Bu da Qərbdəki bir çox dairələrin Azərbaycanın uğurlarından əndişələnməsi, narahat olmalarından irəli gəlir. Belə ki, ölkəmizdə keçirilən son prezident seçkiləri bir daha göstərdi ki, Azərbaycan cəmiyyətində demokratik dəyərlər tam oturuşub. Ölkəmizdə xalqın mənafeyi, onun xoşbəxtliyi hər şeydən üstündür. Ona görə də Azərbaycanda xalqın iradəsi bir nömrəli önəm daşıyır. Xalq isə seçkilər bir daha göstərdi ki, mövcud hakimiyyətin siyasətini daha geniş şəkildə müdafiə edir. Çünki, bilirlər ki, Azərbaycan hakimkiyyəti məhz onların maraqları uğrunda mübarizə aparır. Bu fonda da ölkəmizdə xalqla hakimiyyətin birliyi daha da möhkəmlənir. 
Xalqdan aldığı gücün nəticəsi olaraq Azərbaycan hakimiyyəti həm də müstəqil siyasət yürüdür. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır, eyni zamanda kimlərinsə gəlib ölkəmizib iç işinə qarışmasına, diktə etmələrinə imkan vermir. Lakin görünür, müstəqil siyasət yürütməyimiz və cəmiyyətlə iqtidar arasında birliyin olması xaricdəki Azərbaycanı sevməyən qüvvələri qıcıqlandırır. Çünki, bu halda onlar ölkəmizə istədiklərini diktə edə bilmirlər. Onların istədikləri isə odur ki, Azərbaycan da bəzi dövlətlər kimi Qərbdən asılı olsun, məhz onların istəyilə oturub-dursun. Buna nail olmadıqda da, ölkəmizə qarşı ikili standartlardan çıxış edərək, qərəz və yalanlar uydurur, heç bir əsası olmayan hesabatlar qəbul edirlər. Belə hərəkətlərilə guya Azərbaycanı ram etməyi, onu özünün müstəqil yolundan sapdıracaqlarını düşünürlər. Amma bir daha vurğulayıram, yanılırlar. Azərbaycanla güc və hədə-qorxu müstəvisində danışmaq heç bir halda onlara xeyir gətirməyəcək.  
Başqa bir tərəfdən, AŞPA-nın sözügedən qərəzinin kökündə xristian təəssübkeşliyi də dayanır. Bir sıra digər qurumlarda olduğu kimi, burada da məsələlərə münasibətdə xristian amili təəssüf ki,  özünü göastərməkdədir. Bu səbəbdəndir ki, Türkiyə ilə Azərbaycan kimi sivil müsəlman ölkələri daim həmin qurumun yersiz hədəfində olur. Belə qərəzli mövqeləri ilə onlar çalışırlar ki, Azərbaycana təsir etməklə ölkəmizdən nələrisə qoparsınlar. Amma yenə də qeyd edirəm, əbəs yerə can-fəşanlıq edirlər. Azərbaycanın öz yolu var. Bu yolda müstəqillik və dövlətin, xalqın maraqlarının hər şeydən üstün tutulmasından keçir. Heç kim bizi bu yoldan döndərə bilməz”. 
Rüfət NADİROĞLU