Latın Amerikası bazarları da Azərbaycanın üzünə açılır

1 May 2018 09:40 (UTC+04:00)

Latın Amerikası ölkələri Azərbaycanla ticarət dövriyyəsinin həcmini artmaq niyyətindəirlər. Artıq Meksika  bildirib ki, Azərbaycanla ticarət dövriyyəsini üç dəfə artırmaq istəyir. Bundan başda Azərbaycanın Latın Amerikasının bir sıra ölkələri, o cümlədən bölgənin aparıcı dövlətləri olan Braziliya, Argentina, Çili ilə də iqtisadi sahədə müəyyən əlaqələri var. Elə həmin ölkələr də Azərbaycanla ticarət əlaqələrini genişləndirməkdə maraqlı olduqlarını bildiriblər. Latın Amerikasından ölkəmizə artan marağın səbəbi nədir və bu, Azərbaycan üçün yeni bazarların açılmasına gətirib çıxara bilərmi?  

Milli Məclisin deputatı Musa Quliyevin fikrincə, Azərbaycanın stabil inkişaf etməsi, istehsal edilən məhsulumuzun keyfiyyət göstəriciləri Latın Amerikasını ölkəmizlə ticarət əlaqələrini yüksəltməyə meylləndirib: “Azərbaycan bilirsiniz ki, özünü dünyaya artıq stabil inkişaf edən dövlət kimi tanıdıb. Ölkəmizi bu mənada dünyada kifayət qədər tanıyırlar. Bu müstəvidə Azərbaycana ciddi maraq da var. 
Digər tərəfdən, məhsulumuzun keyfiyyətli və qiymət baxımından sərfəli olması da Latın Amerikası ölkələrini Azərbaycanla ticarət əlaqələrini genişləndirməyə həvəsləndirib. Təbii ki, Azərbaycanla Latın Amerikası ölkələri arasında qarşılıqlı iqtisadi-ticarət münasibətlərinin yüksəlməsi hər iki tərəf üçün xeyirlidir. Azərbaycan özü daim istehsalı artan məhsulları üçün yeni-yeni bazarlar axtarır. Eyni zamanda, Latın Amerikası ölkələri də öz məhsullarının realizə olunması üçün bazar axtarışındadır.
 Hazırda informasiya texnologiyaları əsrində yaşayırıq və dünyamız çox kiçilib. Ona görə də artıq dünya miqyasında yaxın, uzaq kimi məfhumlar çox nisbi bir məfhuma çevrilib. Bu səbəbdən Azərbaycan da maraqlıdır ki, öz məhsullarını dünyanın müxtəlif ölkələrinə satsın. Azərbaycanın xüsusən də kənd təsərrüfatı məhsuları dünya miqyasında ekoloji və keyfiyyət baxımından çox yüksək səviyyədə qiymətləndirilir. Ona görə də emal sənayesi və istərsə də kənd təsərrüfatı məhsullarımızın daha geniş arenada, o cümlədən Latın Amerikası ölkələrində satılmasında maraqlıyıq. Həmçinin, neft avadanlıqları istehsalı sahəsində də ölkəmiz geniş təcrübəyə malikdir. Bu mənada neft avadanlıqları məhsullarını Latın Amerikası ölkələrinə də sata bilərik. Latın Amerikasinin bir çox ölkələrilə münasibətlərimiz normaldır, dostluq münasibətləri yaradılıb. Hesab edirəm ki, iqtisadi əlaqələri yüksəltməklə həmin münasibətləri daha da inkişaf etdirəcəyik. Ölkəmizin son illər qeyri-neft sektoruna daha çox diqqət ayırması artıq daha çox həcmdə bu məhsularımızın da dünya bazarına yol açmasına zəmin yaradıb. Yəqin ki, bundan sonra daha geniş həcmdə Latın Amerikası və digər ölkələrlə əlaqələr quracağıq”. 
İqtisadçı-ekspert Natiq Cəfərli düşünür ki, Azərbaycan Latın Amerikasına daha çox neft-kimya məhsullarını sata bilər: “Əslində, indiki vəziyyəti nəzərə alsaq, Azərbaycanın Latın Amerikası ölkələrilə ticarət dövriyyəsi kifayət qədər aşağı səviyyədədir. Hətta Meksika ilə ticarət əlaqələrimiz onların istədiyi kimi 3 dəfəyə qədər artsa belə, məbləğ hələ də çox az olacaq. 
Aydın məsələdir ki, Latın Amerikası xam bir bazardır. Ona görə də Azərbaycan Latın Amerikası ölkələrinə çıxış əldə etməkdə maraqlı olmalıdır və fikrimcə, maraqlıdır. Həmçinin, Latın Amerikası ölkələri də Azərbaycanda alıcılıq qabiliyyəti yüksəldikcə ölkəmizə də daha çox mal-məhsul ixrac etməkdə maraqlıdırlar. Bəzi əlaqələr bu günə qədər mövcuddur. Əsasən də, qış fəslində Latın Amerikası ölkələrindən Azərbaycana ekzotik meyvələr, habelə ölkəmizdə də yetişib, ancaq soyuq aylarda bazarlarda olmayan meyvələr gətirilib. Məsələn, Argentinadan gətirilən armudlar həmişə bazarlarda olub. Beləliklə, qarşılıqlı maraq çərçivəsində sözügedən məkanla ticarət əlaqələrini genişləndirə bilərik. Bu mənada Azərbaycan düşünməlidir ki, həmin məkana hansı məhsullarla çıxa bilər. Yəni, bu bazara kənd təsərrüfatı məhsulları və şərabçılıqla çıxmaq çətin olacaq. Çünki, Latın Amerikası ölkələrinin  özlərində aqrar sahə məhsulları geniş yayılıb. Bu mənada həmin məhsullarla bazar kifayət qədər sıxdır. Şərabçılıq sahəsində isə həmin bölgədə onu istehsal edərək satan əsas ölkə rolunda Çili çıxış edir. Ona görə də sadaladığım məhsullar üzrə Latın Amerikasına daxil olmaq Azərbaycan üçün müəyyən qədər çətin olacaq.
Azərbaycan bu mənada daha çox neft-kimya məhsulları, neftdən hazırlanan son məhsullarla çıxa bilər. Bildiyiniz kimi, Sumqayıt və Ələt qəsəbəsində belə müəssisələr yaradılır. Ona görə də düşünürəm ki, neft-kimya məhsullarımız Latın Amerikası bölgəsində özünə kifayət qədər bazar tapa bilər. Bu yöndə Azərbaycan ciddi addımlar atmalıdır. Yəni, ilk öncə hədəf düzgün müəyyən olunmalıdır ki, Latın Amerikasına nə sata bilərik. Ardınca da müəyyənləşən doğru hədəf yöndə addımlar atmalıyıq”.
Rüfət NADİROĞLU