Mariana Vasileva: "Mehriban Əliyevanın etimadı gücümüzə olan inamımızı artırır"

30 Aprel 2018 18:02 (UTC+04:00)

Movqe.az bildirir ki, bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Baş məşqçi ötən gün Bakıda başa çatmış və Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siana Vasilevadan ibarət Azərbaycan komandasının beş halqa ilə qrup hərəkətlərində bürünc medal qazandığı bədii gimnastika üzrə Dünya Kuboku mərhələsinin yekunları barədə danışıb:

"Hər şey yaxşı qurtaranda sən nələrdən keçdiyini, axıtdığın göz yaşlarını, xoşagəlməz məqamları unudursan. Mən çox şadam ki, ötən gün biz yarışı bu cür başa vurduq. Evdə çıxış etmək çox çətindir. Bizdə hər il azarkeşlərin sayı artır, xüsusilə final günü zal tam dolu idi. Bu isə bizim üzərimizə azarkeşləri sevindirmək öhdəliyi qoyur. Qızlar hər gün maksimum bacarıqlarını göstərməyə çalışırdılar və nəhayət, biz azarkeşlərimizi sevindirə bildik. Bu, Rusiyanın qrup hərəkətləri yığması istisna olmaqla ən güclü komandaların iştirakı ilə baş verdi".

M.Vasileva bu uğuru Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın fəaliyyəti ilə bağlıyıb:

"Bu uğur Azərbaycan Gimnastika Federasiyasının prezidenti, həm də ölkənin Birinci vitse-prezidenti olan Mehriban Əliyevanın rəhbərliyi ilə kollektivimizin sıx birliyi sayəsində əldə olundu. Bizim üçün yaradılan bütün şəraitə, göstərilən dəstəyə görə Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Nəticələrin necə olmasından asılı olmayaraq, o, hər zaman yanımızdadır. Bu, bizə olan inamın, etibarın göstəricisidir və bizim ən yaxşı olduğumuza inamımızı daha da möhkəmləndirir. Biz dünən bunu nümayiş etdirdik. Mehriban xanıma demək istəyirəm: "Minnətdarıq, qarşınızda baş əyirik, bizi indiyə qədər sevdiyiniz kimi sevməkdə davam edin".