Firmalarla həkimlərin işbirliyinə sərt cəzalar-Qanuna dəyişiklik olacaq-Özəl

2 May 2018 10:30 (UTC+04:00)

Ötən gün Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaydı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olaraq onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əldə etdiyi siyahıda "dərman mafiyası” ilə əməkdaşlıq edən həkimlərin adları əməliyyat çəkilişi zamanı lentə alınıb. Adlarının qarşısında isə həmin şirkət əməkdaşlarının onlara ödəyəcəyi məbləğin miqdarı qeyd edilib. 

Bu fakt ölkədə hələ də həkimlərlə dərman firmaları arasında gizli sövdələşmənin olduğunu təsdiqləyir. 
Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Movqe.az-a açıqlamasında bu məsələnin yaxın günlərdə qanunla öz həllini tapacağını söyləyir. M. Quliyevin sözlərinə görə, “Dərman vasitələri haqqında” qanuna əlavə və dəyişiklərlə bu məsələnin tənzimlənməsi reallaşacaq: “Bu məsələ digərlərinə görk olmalıdır. Həkim etikasını vicdanını heç nəyə satmaq olmaz. Biz hələ bilmirik ki, o həkimlərin yazdıqları dərman preparatları xəstəyə lazım idi yoxsa yox. Bunu istintaq başa çatdıqdan sonra həkim ekspert komissiyası araşdırılmalıdır. Amma reallıq budur ki, bəzi həkimlərlə apteklər, dərman firmaları arasında qeyri-rəsmi münasibətlər var.  Düzdür, dərman firmaları dərmaların həkimlərə tanıdılması ilə bağlı təqdimat edə bilərlər. Amma bu, bu formada olmamalıdır. Ona görə də, dərman vasitələrinə  nəzarətin gücləndirilməsi ilə bağlı qanuna dəyişikliklər nəzərdə tutulub. Bu əlavə və dəyişiklərdən sonra dərman firmalarının üzərində nəzarət güclənəcək. “Dərman vasitələri haqqında” qanuna 30-a yaxın əlavə və dəyişiklik olacaq. Bu məsələyə yaxın günlərdə Səhiyyə Komitəsinin iclasında, daha sonra isə Milli Məclisdə baxılacaq”.

Zülfiyyə QULUYEVA