Üç ölkənin beynəlxalq enerji təhlükəsizliyinə böyük zəmanəti

3 May 2018 09:30 (UTC+04:00)

“Azərbaycan, Gürcüstan və Türkiyə strateji tərəfdaş olaraq irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələri həyata keçirirlər. Bu layihələr təkcə bu üç ölkənin deyil, Avropanın və Asiyanın inkişafında mühüm rol oynayır”. Bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çerkezişvili jurnalistlərə açıqlamasında deyib. 

Bu yaxınlarda Azərbaycanda şöbəsi çoxdan fəaliyyət göstərən Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Gürcüstan şöbəsi fəaliyyətə başlayıb və üç ölkənin iqtisadi maraqlarına cavab verən layihələrin icrası xeyli güclənib. Cənubi Qafqazda iqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın səmərəsi çox yüksəkdir. İqtisadi və ticari əməkdaşlığın irəliləməsi, sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsi, birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman sahəsində əməkdaşlığı daha da gücləndirmək Azərbaycan, Türkiyə və Gürcüstanın əlaqələrinin spektrini müəyyənləşdirir.
Enerji sahəsində strateji tərəfdaşlığı ehtiva edən layihələrin həyata keçirilməsi nəinki regionun, həm də beynəlxalq birliyin marağında olan işlərdir. Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP və onun davamı kimi TAP layihələri, həmçinin Xəzər hövzəsindən Avropaya karbohidrogen ehtiyatlarının nəqlinə yönəlmiş və Azərbaycan, Gürcüstan və Türkiyənin bu layihələrin uğurlu fəaliyyət göstərməsinə imkan yaradan enerji layihələrinə tam siyasi dəstək var. Çünki, bu layihələr bu üç ölkəyə valyuta qazandırmaqla bərabər Avropa İttifaqının enerji təhlükəsizliyinə böyük zəmanətdir.
İqtisadi əməkdaşlıqdan başlayan üçtərəfli əlaqələr tarixi irsin dirçəldilməsin böyük təsir edib və Böyük İpək Yolunun bərpası və qorunub-saxlanılması məqsədilə həyata keçirilən tədbirlər, habelə yol boyunca nəqliyyat, enerji, ticarət, mədəniyyət, turizm və insanlararası təmaslar sahəsində ünsiyyət daha da genişlənib. Başlanmış işlər əlbir fəaliyyətin üfüqlərini genişləndirib və nəticə etibarı ilə strateji müstəviyə keçirib. Bu mənada  strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələri bu ölkələri bir-birinə daha sıx bağlayıb. Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi ölkələrarası münasibətlərin daha da möhkəmlənməsini stimullaşdırıb. Çünki, bu yolun dövlət səviyyəsində güclü əleyhdarlarş vardı. Lakin Azərbaycanın dövlət rəhbərliyinin güclü siyasi iradəsi sayəsində bu layihəni gerçəkləşdirmək mümkün oldu. Həm də gedişində Gürcüstanın imkansızlığını məhz Azərbaycan başqalarının etmədiyi bir səviyyədə qardaşlıq yardımı ilə aradan qaldırdı. BTQ-nın indi gündən-günə yüksələn əhəmiyyəti Azərbaycanın uzaqgörən siyasətinin real bəhrəsidir. 
Ticarət və iqtisadi inkişaf üçün münbit şərait yaradılması, habelə beynəlxalq sərnişin və yük daşımalarının həcminin artırılması məqsədilə Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Çindən Avropaya yük daşımalarının asanlaşdırılması, Asiya və Avropa arasında nəqliyyat əlaqələndirməsinin artırılması üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Yolunun böyük inkişaf potensialının gerçəkləşdirilməsi yolunda hazırda gərgin iş gedir.
Regionda rəqəmsal bərabərsizliyin azaldılması məqsədilə üç dövlət arasında informasiya strukturlarının yaradılması və fəaliyyətə başlaması istiqamətində sıx və davamlı əməkdaşlıq uğurla davam edir. Bu xüsusda Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin, Magistralın Trans-Xəzər yolunun inkişaf etdirilməsi üzrə işlər sürətlə aparılır. Dəniz və su nəqaliyyatı kimi davamlı nəqliyyat vasitələrinin effektiv inteqrasiyası, regionda ekoloji tarazlığın saxlanılması, meşəçilik və torpaq və su resurslarından səmərəli istifadə sahəsində də əməkdaşlıq ildən-ilə genişlənir. 2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Faəliyyət Planı bu əlaqələrin məqsədyönlü inkişafını təmin edən dolğun proqramdır.
N.NOVRUZ