Düşmən ölkə siyasi kataklizmlər burulğanında çabalayır

3 May 2018 09:50 (UTC+04:00)

İşğalçı ölkə Ermənistanda daxili vəziyyət gərgin olaraq qalır. Ermənistan parlamenti ilk turda Serj Sarkisyanın hakimiyyətdən devrilməsində əsas rol oynayan Nikol Paşinyanın baş nazir olmasına “yox” dedi. Bu fonda isə Paşinyan etirazlara qoşulan xalqı vətəndaş itaətsizliyinə çağırıb. 
Qeyd edək ki, Paşinyan etiraz aksiyasının əvvəlində baş nazir olmağa çalışan Sarkisyanın fəaliyyətinə əngəl ola bildi. İndi isə Sarkisyanın parlamentdə çoxluq təşkil edən Respublika Partiyası sanki Paşinyandan əvəz çıxaraq, onun da baş nazir kürsüsündə oturmasına ilk cəhddə maneə yaradıb. Bir sözlə, hazırda Ermənistan siyasi kataklizmlər burulğanında çabalayır. Ölkədə sanki ikihakimiyyətlilik hökm sürür. Bir tərəfdən, səlahiyyətləri azalsa da, ən azından prezidentin timsalında hakimiyyət mövcud olsa da, digər tərəfdən etirazçıların timsalında küçə hakimiyyəti də mövcuddur. Maraqlıdır, Ermənistanda hakimiyyətlə bağlı cərəyan edən son proseslər fonunda Qarabağ məsələsində nələri gözləmək olar?
Politoloq Qabil Hüseynlinin fikrincə, Ermənistanda cərəyan edən proseslər fonunda Qarabağ ətrafında vəziyyət bir müddət dondurulacaq: “Hazırda Dağlıq Qarabağ prosesi donmuş vəziyyətdədir. Bu məsələ ətrafında yalnız bəyanatlar səsləndirilir. Həm də Ermənistan tərəfindən səslənən bəyanatlar çox aqressiv və qəbuledilməzdir. Paşinyanın bu istiqamətdə səsləndirdiyi fikirlər də bu mənada həm avantürizmi, həm də beynəlxalq hüquq normalarına zidd olması ilə diqqəti çəkib.
Ermənistan dərin böhran içindədir. Bu böhran dövrü isə cəmiyyəti xeyli dərəcədə sarsıdacaq. Milləti öz ovqatından çıxaracaq. Ermənistanda hakimiyyətlə bağlı cərəyan edən proseslərlə əlaqədar olaraq Qarabağ məsələsində nələri gözləməyimizə gəlincə, bu asılıdır həmin istiqamətdə Azərbaycan hansı mövqeni tutacaq. Hər hansı bir mövqeni tutarkən də Azərbaycan Rusiyanın hərəkətlərinə diqqət etmək məcburiyyətindədir. 
Moskva Ermənistanda baş verən hadisələri qan içində boğsa, onda fikrimcə, Qarabağla bağlı məsələlər də bir müddətə təxirə salınacaq. Çünki, «ağ ayı»nın qəzəbli dövründə Ermənistanla müharibəyə girmək Rusiyanın əlinə yeni fürsətlər verə və ona Ermənistanda törədə biləcəyi və ehtimal edilən vəhşiliyi kompensasiya etmək imkanı yarada bilər. Bu nöqteyi-nəzərdən regionda vəziyyətin bir müddət dondurula biləcəyini təxmin edirəm”. 
Politoloq Rasim Ağayev də baş verən hadisələr fonunda belə Qarabağ probnleminin həlli istiqamətində hansısa nəticəli prosesin gedəcəyini düşünmür: “Ermənistanda hakimiyyət uğrunda gedən mübarizə fonunda Qarabağ məsələsində hansısa bir ciddi irəliləyişin olacağını gözləmirəm. Qarabağ məsələsində irəliləyiş ancaq o zaman ola bilər ki, Ermənistan ümumiyyətlə, xəritədən silinsin. 
Ermənistanda yaranmış vəziyyət həm erməni diasporasını, həm İrəvanı, həm də Moskvanı ciddi narahat edir. Moskvada qorxurlar ki, müəyyən siyasi mərhələdə Qarabağ məsələsinin həllində hansısa irəliləyiş gözə dəyər. Bu mənada 
onlar çalışacaq ki, hər şey həm Ermənistan daxilində, həm də Qarabağ məsələsində əvvəlki vəziyyətində qalsın. Çünki, Kreml üçün indiki situasiya daha rahatdır, nəinki problemin həlli. Hiss edirəm ki, erməni diasporası əvvəlki illərdən fərqli olaraq, bu dəfə Ermənistandakı proseslərdən ciddi təşvişə düşməyib. Bu da onu göstərir ki, onlar mövcud hakimiyyətdən yorulublar. Ermənistan əhalisi isə ölkədə hansısa ictimai dəyişikliklərin həyata keçirilməsini istəyir. Çin xalqının bir atalar misalı var: “Hər şeydə hövsələn olmalıdır. Oturub dağ başında sakit gözləsən, bir gün görəcəksən ki, düşməninin cəsədini aparırlar”. 
Ermənistanda hazırda böhran vəziyyəti yaranıb. Onu da çubuqları dəyişməklə düzəltmək mümkün olmayacaq. Ölkədə ciddi ictimai-siyasi dəyişiklik olmalıdır”. 
Rüfət NADİROĞLU