Bahalaşan neft qeyri-neft sektoruna yeni pul axınına rəvac verir

3 May 2018 10:00 (UTC+04:00)

Neftin qiyməti yenə yüksəlməkdə davam edir. Azərbaycan neft satışından nəzərəd tutuluduğundan daha çox gəlir əldə deir. Bu hal qeyri-neft sektorunda inkişaf üçün maliyyət təminatı baxımından əlavə üstünlüklər yaradır. Belə vəziyyətdə qeyri-neft sektoruna daha çox sərmayə yönləndirilməsi və bu sektorda daha dinamik inkişaf gözləmək mümkündürmü?

Milli Məclisin deputatı Musa Quliyev qeyd etdi ki, neftin bahalaşması fonunda sözsüz ki, qeyri-neft sektoruna da daha çox sərmayə axacaq: “Neftin qiymətinin artması şübhəsiz ki, “qara qızıl” ixrac edən ölkələrin iqtisadiyyatına müsbət təsir edir. Bu mənada neftin bahalaşan qiyməti həmçinin Azərbaycan iqtisadiyyatı üçün də müsbət mənada əhəmiyyətlidir. Bu fonda ölkəmiz həm qeyri-neft sektoru, həm insan potensialının inkişafı, həm büdcəmizin artımı, ümumdaxili məhsulun yüksəlməsi, Neft Fondunun ehtiyat kapitalının artması baxımından hərtərəfli imkanlar əldə edir. 
Qeyri-neft sektoruna maliyyə yatırılması, investisiya qoyulması ilə bağlı dövlətimizin proqramı, cənab Prezidentin təsdiqlədiyi yol xəritələri vardır. Bu əsasda da neftin qiymətindən asılı olmayaraq, bu sahə dinamik şəkildə inkişaf etdirilir. Bu istiqamətə müxtəlif mənbələrdən investisiya cəlb olunur. Həm dövlət mənbələri, həm yerli sahibkarlar, həm də xarici investorlar prosesə cəlb edilirlər. Qeyri-neft sahəsi şaxələndirilmiş sektordur. Ona görə onun maliyyələşməsi də müxtəlif mənbələr hesabına həyata keçirilir. Bütün hallarda neftin qiymətində baş verən bahalaşma təbii ki, ölkəmizin bütün sahələr üzrə iqtisadi qüdrətinin artmasına, o cümlədən qeyri-neft sektorunun da daha geniş sərmayə axını yolu ilə onun da dinamik inkişafına müsbət təsir göstərir. Bu fonda da ölkəmizin harmonik inkişafı təmin ediləcək. İnsan kapitalı və sosial sahəyə, habelə qeyri-neft sektoruna qoyulan vəsaitlər belədə tezliklə öz dividendini verəcək. 
Eyni zamanda, buradan gələn gəlirin bir hissəsi də ölkənin neft-qaz sənayesinin, nəqliyyat sahəsinin inkişafına yönələcək. Hazırda cənab Prezident elə bir siyasət aparır ki, neftdən asılı olmayan iqtisadiyyat yaradılsın. Bundan da məqsəd gələcəkdə neftin qiyməti və həcmindən asılı olmayaraq, Azərbaycanın öz iqtisadiyyatını inkişaf etdirməyə nail olmaqdır. Təbii ki, neft Azərbaycanın təbii sərvətdir və onun qiymətinin yüksəlməsi də dünya bazarlarında ölkəmizin xeyrinə olan məsələdir”. 
İqtisadçı-ekspert Yaşar Əsədov isə bildirdi ki, qeyri-neft sahəsinə daha çox sərmayə axını neftin qiymətindən tam asılı məsələ deyil: “Azərbaycanda hasil olunan neftin əsas hissəsi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən «Azəri-Günəşli- Çıraq» yatağında hasil olunur. Bu da ildə təxminən 25-30 milyon ton deməkdir. Həmin neft də ABƏŞ-in mülkiyyəti hesab olunur. Azərbaycanın isə sadəcə orada müəyyən payı var. O pay da neft şəklində deyil, onun satışından alınan gəlir şəklindədir. Həmin gəlirlər də Azərbaycan Dövlət Neft Fondunda toplanır. Neft Fondunun hesabları isə xaricdədir. Azərbaycanın payında olan gəlirlər isə ölkəmizin büdcəsinə yalnız sosial və infrastruktur layihələrin icra olunmasına görə transfer oluna bilər. Belə bir şərt Neft Fondunun nizamnaməsində öz əksini tapıb. 
Dövlət Neft Şirkəti isə ildə təxminən 9 milyon ton neft hasil edir ki, onun da 6-7 milyon tonu daxili tələbatı ödəmək üçün ölkə içində emal realizə olunur. Xaricə isə cəmi 2-3 milyon tona qədər neft satılır. Bu satışdan gələn gəlirlər də birbaşa büdcəyə daxil olur. Ona görə də qeyri-neft sektoruna sərmayə axınının yüksəlməsi neftin qiymətinin bahalaşması ilə deyərdim ki, bağlı deyil. Ölkəmizə bu fonda gələn gəlirin 80 faizindən çoxu Dövlət Neft Fondunda toplanır”.
Rüfət NADİROĞLU