Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən konfrans keçirilib

3 May 2018 15:06 (UTC+04:00)

Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar" mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
Movqe.az xəbər verir ki, tədbir AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, Konstitusiya Məhkəməsi və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Konfransı İnstitutun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə açaraq tədbirin ənənəvi hal aldığını və bu il ulu öndərin anadan olmasının 95-ci ildönümünə təsadüf etdiyini bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra aparılan məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq, hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanı verilib. Ulu öndərin Azərbaycan dövlətinin ali məqsədi kimi insanların və vətəndaşların hüquqlarının qorunmasına böyük önəm verdiyini deyən A.Mustafazadə ümummilli liderin təşəbbüsü və səyləri nəticəsində 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbul olunduğunu xatırladıb. Alim ötən illər ərzində keçirilən referendumlar nəticəsində Konstitusiyaya bir neçə dəyişikliyin edildiyini və yeni maddələrdə də insan hüquq və azadlıqlarının təmininə böyük önəm verildiyini vurğulayıb. A.Mustafazadə konfransda müzakirə olunacaq mövzuların problemlərin aşkarlanmasında və həllində, o cümlədən gələcək strategiyanın müəyyənləşdirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransın ənənəvi xarakter daşıdığını, hər il təşkil olunduğunu bildirib. O, Azərbaycanın bu gün öz inkişaf dövrünü yaşadığını diqqətə çatdırıb.
Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycanın stabil və inkişaf edən bir ölkə olduğunu qeyd edib. O, parlamentdə insan haqlarının qorunması istiqamətində daim qanunlar qəbul edildiyini, bu prosesin gələcəkdə də davam etdiriləcəyini söyləyib. Vitse-spiker Azərbaycanın insan hüquqlarının qorunması sahəsində nümunəvi ölkələrdən biri olduğunu də vurğulayıb.
Tədbirdə həmçinin Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri, hüquq üzrə elmlər doktoru, professor İlham Rəhimov və digərləri çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqlarının təmini və inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən, Konstitusiyanın qəbulundan, qanun və məcəllələrin beynəlxalq normalara uyğunlaşdırılmasından danışıblar. Bundan əlavə, 2018-ci ilin əlamətdar il olduğu, Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Məclisin, Silahlı Qüvvələrin və digər dövlət orqanlarının 100 illik yubileylərinin keçiriləcəyi bildirilib.