Müğənni Aygün Bəylərin qardaşı və digərlərinə hökm oxunub

3 May 2018 20:30 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Abbas Hümbətov, Fuad Məmmədzadə, Elmur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 
APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub.  Hökmə əsasən, Fuad Məmmədzadə 15 il, Ramil Əsirov 15 il, Elnur Alxazov 15 il, Abbas Hümbətov 5 il, Cavid Alxazov isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. 
 
Təqsirləndirilən Elnur Əsirova isə bəraət verilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.
Narkotik ittihamı ilə irəli sürülmüş ittihamlar təsdiqini tapmadığından, təqsirləndirilən şəxslərə bu maddə ilə bəraət verib.
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2016-cı il avqustun 29-da yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümbətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyənləşdirilib.
 
E.Hümbətovun meyiti eksqumasiya edilib. İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb.
 
Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümbətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümbətov isə əmisi nəvəsidir.