DİM qabiliyyət imtahanına qeydiyyatdan keçən bakalavrlara müraciət edib

3 May 2018 17:11 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) Jurnalistika üzrə magistratura ixtisaslaşmalarna qəbul üçün keçiriləcək qabiliyyət imtahanına qeydiyyatdan keçən bakalavrlara müraciət edib.
Mərkəzdən Movqe.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar mayın 4-dən 6-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və mayın 7-də vərəqədə göstərilən vaxtda Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında qabiliyyət imtahanında iştirak etməlidirlər.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilmişdi. Həmin bakalavrlar aprelin 20-dən 30‑dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 10 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmişdi ki, onlardan 9 nəfəri Azərbaycan bölməsinin, 1 nəfəri isə rus bölməsinin bakalavrlarıdır.
Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə aşağıdakı sənədləri mütləq gətirməlidirlər:
– şəxsiyyətini təsdiq edən sənədi;
– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;
– dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda);
– təqdim edilən materialların və çıxışların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.
Yuxarıda sadalanan sənədlərdən hər hansı birini gətirməyən bakalavrlar qabiliyyət imtahanına buraxılmırlar.
Qabiliyyət imtahanında hər bir bakalavra, təxminən, 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Mətbuat materialının təhlili yazılı formada yerinə yetirilir.
Hər bir biletin quruluşu, təxminən, aşağıdakı kimidir:
1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;
2. Şifahi müsahibə;
3. Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə etməsi.
İmtahanda hər bir bakalavrın cavabları müvafiq şəkildə protokollaşdırılır.
Qeyd edək ki, təhlil üçün materiallar tədris bölmələrinə müvafiq olaraq Azərbaycan və rus dillərində, tədrisi ingilis dilində olan jurnalistika ixtisaslaşmalarını seçmək istəyən bakalavrlara həmçinin ingilis dilində təqdim olunur.
Bakalavrın biletin hər bir bəndi üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Biletin hər bir bəndi üzrə ən azı 3, bilet üzrə ümumilikdə isə 9 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər və proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanırlar. Onlar magistraturaya qəbul imtahanının ikinci mərhələsində həmin proqram üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

Zülfiyyə QULUYEVA