Azərbaycan Prezidenti Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsi mərasimində iştirak edib

4 May 2018 14:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi.

Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 3 kəndi də daxil olmaqla layihədən cəmi 6,3 min nəfər faydalanacaq. Xızı rayonunda yüksək məhsuldarlığa malik su mənbələri olmadığından yaşayış məntəqələrinin su təchizatının müxtəlif mənbələr hesabına təmin olunması layihələndirilib. Layihəyə əsasən Xızı şəhərinin və Altıağac qəsəbəsinin əsas su mənbəyi sayılan Dahardibidə məhsuldarlığı gündə 864 kubmetr, Qarsda məhsuldarlığı gündə 430 kubmetr, Şəfada məhsuldarlığı gündə 240 kubmetr və Yeddibulaqda məhsuldarlığı gündə 40 kubmetr olan sugötürücü qurğular inşa olunub. Ümumi tutumu 1400 kubmetr olan 4 anbar tikilib, mənbələrdən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə, ümumilikdə, 18 kilometr magistral su xətti çəkilib. Layihə çərçivəsində Xızı şəhərində və Altıağac qəsəbəsində 52,4 kilometr içməli su və 32,4 kilometr kanalizasiya şəbəkələrinin, həmçinin şəbəkə üzərində 1513 baxış quyusunun inşası başa çatdırılıb, hər bir evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib.

Layihənin icrası zamanı yeni yaradılmış infrastruktur, mənbədən tutmuş sonuncu istifadəçiyə qədər “Azərsu” ASC-nin Coğrafi İnformasiya Sisteminə işlənilib və bu məlumatlar rəqəmsal xəritədə öz əksini tapıb. Coğrafi İnformasiya Sisteminin bir elementi olan Bina-kimlik layihəsi isə abonent haqqında bütün məlumatların xəritə üzərindən alınmasına və çeşidli təhlillərin aparılmasına imkan verir. Buraya abonentin yaşadığı ünvan, əlaqə vasitələri, istifadə etdiyi suyun həcmi, ödənişləri və təhlil üçün lazım olan digər informasiyalar daxildir. Layihə baş vermiş qəza yerinə vaxtında müdaxilə etmək imkanı yaradır ki, bu da istismar prosesini asanlaşdırmaqla su itkilərinin minimuma endirilməsinə gətirib çıxarır. Eyni zamanda, baş verə biləcək fasilələr barədə abonentləri əvvəlcədən məlumatlandırmaq imkanları yaradır.

Hazırda Xızı şəhərində məhsuldarlığı sutkada 1500 kubmetr, Altıağac qəsəbəsində isə məhsuldarlığı sutkada 350 kubmetr olan tullantı sutəmizləyici qurğuların tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir. Yeni layihənin icrasına qədər Xızı şəhərində 1985-1991-ci illərdə yaradılmış su təchizatı sistemləri istismar edilirdi. Şəhərdə mövcud 29 kilometr su şəbəkəsi istismara yararsız vəziyyətə düşdüyündən su təchizatı normal həyata keçirilmirdi. Altıağac qəsəbəsində 1980-ci illərin əvvəllərində yaradılmış içməli su təchizatı sistemi də istismar tələblərinə cavab vermirdi. Qəsəbə sakinlərinin 60 faizi mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilirdi. Xızı şəhərində və Altıağac qəsəbələrində kanalizasiya sistemləri isə, ümumiyyətlə, mövcud olmayıb.

Sonra Prezident İlham Əliyev Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Layihə çərçivəsində Xızı Sukanal İdarəsi üçün müasir tipli inzibati bina inşa olunub. Binanın foyesində Ulu Öndərin büstü qoyulub. Burada müştəri xidmətləri və istehsalat şöbəsi fəaliyyət göstərəcək. Binada, həmçinin texnoloq, mühəndis, mühasibat otaqları, arxiv, anbar da yaradılıb. Binadakı iclas zalında qurumun fəaliyyəti ilə bağlı müxtəlif toplantılar keçirmək mümkündür.

Sonda xatirə şəkli çəkdirildi.