Ermənistanda Qarabağ danışıqlarını aparmağa adam tapılmır

5 May 2018 09:00 (UTC+04:00)

Ermənistanda vəziyyət qeyri-müəyyən istiqamətdə inkişaf edir.  Siyasilərin fikrincə, mövcud qeyri-sabit vəziyyətin yaxın tezlikdə düzəlməsi gözlənilmir. Əksinə, xaosun böyüməsi qaçılmaz sayılır. Bu fonda bizim üçün proseslərin Qarabağ münaqişəsinə təsiri önəmlidir. 

Millət vəkili Fazil Mustafa hesab edir ki, Ermənistanda yaşanan gərginliyin Dağlıq Qarabağ proseslərinə təsiri olmayacaq: “Ermənistanda yeni baş nazirin seçilməsi həmin ölkənin Qarabağ siyasətinə dəyişiklik gətirməyəcək. Çünki Qarabağ bilavasitə Rusiyaya bağlı olan məsələdir. Rusiyanın bu siyasətində dəyişiklik olamayacaqsa, Ermənistan heç bir addım atmayacaq. Ermənistanın daxili siyasətində hansısa dəyişiklik ola bilər. Ancaq bu dəyişikliyi onun xarici siyasətində müşahidə edilməyəcək. Bu fonda isə Azərbaycan hər zaman hərbi və diplomatik addımlarını davam etdirməlidir. Lazım gələndə hücumlarını artırmalıdır. Öz ərazilərini fürsət düşən anda azad etməyi düşünməlidir. Ermənistanda hakimiyyətin dəyişilməsi bizi maraqlandırılmamalıdır”.
Millət vəkili əlavə etdi ki, indi fürsətin yaranıb- yaranmadığını deyə bilmərik: “Hansı imkanlara malik olmağımız barədə də bilgimiz yoxdur. Çünki Qarabağ məsələsi Milli Məclisdə müzakirə edilmədiyinə görə, bizə hansısa informasiya verilmir. Ona görə də avantüraya getmək olmaz. Konkret gücümüzü hesablayıb addım atmaq lazımdır”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanda davam edən siyasi böhran, etirazların lideri Nikol Paşinyanın baş nazir seçilməməsi bu ölkədə siyasi vəziyyəti mürəkkəbləşdirir: “Hazırda isə etirazçılar prezident Armen Sarkisyanın istefası haqqında şüarlar səsləndirirlər. Belə olan təqdirdə bu ölkədə yaxın günlərdə siyasi sabitliyin təmin olunmasından söhət gedə bilməz. 
Ermənistanda siyasi situasiyanın gərgin olması Qarabağ danışıqlarının aparılmasına ciddi təsir göstərir. Aprel ayından etibarən danışıqların aparılması gözlənilirdi. Ölkəmiz hücum diplomatiyası ilə danışıqlara impuls verəcəkdi. İrəvanda hakmiyyət böhranı, Serj Sarkisyanın istefası danışıqları müvəqqəti dayandırıb. Nikol Paşinyan isə baş nazir seçilərsə, onun Qarabağla bağlı siyasəti S. Sarkisyandan fərqlənməyəcək”.   
Politoloq əlavə etdi ki, Ermənistan silahlı qüvvələri cəbhədə vəziyyəti gərginləşdirməkdədir: “Atəşkəsi mütəmadi olaraq pozur. Ordumuz baş verənləri nəzarətdə saxlamalıdır. Amma işğalçının təxribatları davam edərsə, əks həmlə edib, ən azından üç rayonu nəzarətə götürülməlidir. Bundan sonra danışıqların formatı dəyişər, konflikt ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilər. Hazırda danışıqların dayanması, bundan sonra hansı istiqamətdə gedəcəyi sual altındadır. Ermənistan tərəfindən kimlərin danışıqlar aparacağı məlum deyil.  Azərbaycan bir daha daxili siyasi vəziyyəti normallaşdırması üçün Ermənistana şans verib. Bu, Ermənistan üçün kompromis sayıla bilər”.
Mübariz BAYRAMOV