Rusiya Ermənistana müdaxilə edəcək

8 May 2018 07:00 (UTC+04:00)

Rusiyada indi böyük əksəriyyət bu fikirdədir ki, Ermənistanda baş verənlər dövlət çevrilişidir. Belə ki, Kremlə yaxın əksər politoloqların açıqlamaları məhz bu fondadır. Onlar öz təhlillərində Ermənistanda Nikol Paşinyanın rəhbərliyilə baş verən proseslərin dövlət çevrilişi olduğunu bəyan edirlər. Bu çevriliş isə Moskvanın maraqlarına cavab vermir. Belə olan təqdirdə aydın məsələdir ki, Rusiya özündən asılı olan bir ölkədə hadisələrin nəzarətdən çıxmasına imkan verməyəcək. Rusiya bu fonda istəyinə nail olmaq üçün heç kimə sirr deyil ki, Ermənistanla münasibətlərdə hər cür addımlara gedə bilər.

Politoloq Elşən Manafov Rusiyanın öz təsiri altında saxladığı Ermənsitana münasibətdə təzyiqləri artıracağını düşünmür: “Ermənistanda mayın 8-nə təyin olunmuş baş nazir seçkisini iqtidar konstitusiya müstəvisində keçirməkdə israrlı olacaq. Əslində, ABŞ-ın, Rusiyanın və bölgədə marağı olan digər dövlətlərin də mövqeyi ondan ibarətdir ki, Ermənistandakı hadisələr bütün hallarda öz həllini qanunvericilik müstəvisində tapsın. Mayın 1-dəki seçkilərdə hakim partiyadan olan deputatlar bildiyiniz kimi, Paşinyanın namizədliyini dəstəkləmədi. Bu da anlaşılan idi. Hakim partiya bilərəkdən buna getmədi. Düşünürəm ki, mayın 8-də olacaq ikinci turda da hakim partiya Paşinyan əleyhinə olacaq. 
Mahiyyət etibarı ilə belədə növbədənkənar parlament seçkilərinin keçirilməsi qaçılmaz olacaq. Lakin növbədənkənar seçkilər zamanı heç şübhəsiz Serj Sarkisyanın rəhbərlik etdiyi iqtidar partiyası inzibati resurslardan istifadə edib seçkilərin aqibətini həll edəcək. Bunu Paşinyan və tərəfdarları da bildirirlər. 
Paşinyanın arxasında Qərb tərəfdən birmənalı dəstəyi də görmürük. Dəstək yalnız siyasi bəyanatlar kontekstindədir. Yəni, dekorativ kontekstdən kənara çıxmır. Bu mənada Ermənistanda baş verən hadisələrin Ukraynada olduğu kimi dövlət çevrilişinə gətirib çıxaracağını düşünmürəm. Bir məqamı da unutmayaq ki, Paşinyanın müxalifət lideri olaraq verdiyi açıqlamalara onun iqtidara gələrkən edəcəyi addımlarla eyni müstəvidə yanaşmaq lazım deyil. Çünki bütün hallarda müxalifət liderlərinin açıqlamaları iqtidardan fərqli olaraq ciddi məsuliyyət doğurmur. Çıxışlarının əvvəlində Rusiyaya münasibətdə kardinal mövqe sərgiləyən Paşinyan sonradan Moskva ilə münasibətlərdə ciddi kordinal dəyişikliklər baş verməyəcəyini, onların müttəfiqi olaraq qalacaqlarını bəyan etdi. Lakin söhbət ondan gedir ki, Paşinyan baş nazir olacağı təqdirdə, gerçəkdənmi verdiyi bəyanatlara sadiq qalacaq və Rusiya ilə münasibətlərdə disbalans yaratmayacaq? 
Bildiyiniz kimi, Paşinyan baş nazir olacağı təqdirdə Qərbin bütün institutları Ermənistanla münasibətləri fərqli müstəvi üzərinə gətirməyə çalışacaq və bunu Kremldə də gözəl başa düşürlər. Onsuz da indiki situasiyada belə Moskvanın İrəvana təzyiqləri kifayət qədərdir. Bu təzyiqlər hərbi, siyasi, iqtisadi sahələr üzrədir.
 Amma bununla belə, Paşinyan hakimiyyətə gələcəyi təqdirdə Moskvanın İrəvanla münasibətlərini 180 dərəcə dəyişəcəyini güman edirsinizsə, fikrimcə, bu olmayacaq. Tarixən erməni xalqı heç zaman Rusiya ilə vuruşmayıb, onun forpostu rolunda olub. Rusiyanın imperiya maraqları Ermənistanın dövlətçilik maraqları ilə hər zaman üst-üstə düşüb. Ermənistan elektoratının 80 faizi referendum keçirilsə belə, Rusiya ilə münasibətlərin dəyişdirilməsinə tərəfdar olmayacaq.  Bu mənada düşünürəm ki, Rusiyanın bundan sonra da Ermənistandakı hadisələrə münasibəti məhz qanunvericilik müstəvisində olacaq. Paşinyan verdiyi vədlərə xilaf çıxıb fərqli addımlar atacağı təqdirdə isə, unutmayaq ki, Ermənistan ərazisində Gümrüdə rus hərbi bazası var. Rusiya həmin bazalar ətrafında kiçik bir qalmaqal yaratmaqla Ermənistanda baş verən hadisələri keçən əsrin 68-ci ilində Praqada olduğu kimi boğacaq. 
Qarabağla bağlı məsələyə gəldikdə, Rusiya tərəfdən bir mesaj olmayacaqsa, Ermənistan o dövlət deyil ki, Azərbaycanla savaşa qalxmaq iqtidarında olsun. Rusiya tərəfdən də belə bir mesaj olmayacaq”.
Ambartsum K. adlı erməni müəllifin yazdıqları bu kontekstdə diqqət çəkir.
Erməni müəllif yazır ki, Rusiya prezidenti Vladimir Putin inaqurasiyasından sonra Ermənistanda nəzarəti ələ almaq üçün hərəkətə keçəcək: “Nikol Paşinyan Rusiya ilə münasibətləri saxlayacağını desə də, Kremldə buna inanmırlar və Ermənistanda baş verənləri dövlət çevrilişi olaraq qəbul edirlər. Və bu qiyamı boğmaq üçün Putinin andiçmə mərasimindən sonra Rusiya Ermənistana müdaxilə edəcək”. 
Erməni şərhçi Sarqis Artsruni bu fikirdədir ki, Moskva əslində Ermənistanı qanda batırmaqla hədələyir. O, “Birinci İnformasiya” saytında dərc etdiyi məqaləsində son günlər ərzində Rusiyanın aparıcı KİV-lərinin Ermənistana qarşı görünməmiş təbliğatı həyata keçirdiyini yazıb. Siyasi şərhçi qeyd edib ki, Rusiya səfirliyi, faktiki olaraq, qaçılmaz anti-Rusiya əhval-ruhiyyəsinin qarşısını almağa çalışır.
Sarqis Artsruni bundan başqa, xatırladır ki, Rusiyanin Birinci kanalında uzun müddət əsas fiqur olan, daha sonra ölkə iqtisadiyyatının sütunlarından biri sayılan “Rosneft”in birinci-vitse-prezidenti vəzifəsinin icrasına başlayan Mixail Leontyev 3 gün əvvəl “Komsomolskaya Pravda” radiosunun studiyasında Ermənistanda baş verənləri ən azından fahişəlik kimi xarakterizə etdi.
“Və indi səfirliyin izahını ciddi qəbul etmək və saymaq olarmı ki, dövlətin neft nəhənginin vitse-prezidenti özünün şəxsi və qeyri-rəsmi fikirini ifadə edirdi? Yeri gəlmişkən, Leontyevlə birlikdə eyni studiyada Kremlin başqa bir təbliğatçısı Mixail Yuryev var idi. O, təhqirlərlə kifayətlənmədi. Yuryev Ermənistanı müstəqil ölkə hesab etmir, üsyançı quberniya hesab edir. Hesab edir ki, Rusiya daha az inkişaf etmiş xalqları tabe etmək hüququna malikdir. Onun Ermənistanda siyasi böhranın qarşısını almaq üçün öz “resepti” var: o İrəvana iki alay göndərməyi və “məxmər inqilab”ı qanda batırmağı təklif edir”, - erməni siyasi şərhçi qeyd edib. Onun sözlərinə görə, şübhəsiz ki, Rusiyanın iki alayı bu dramatik günlərdə Ermənistana gələcək: “Serj Sarkisyan getməyi üstün tutdu və meydanda toplaşmış xalq Karen Karapetyanı oyundan çıxardı. Rusiyanın qisas təhlükəsi neytrallaşdırılıbmı? Tamamilə yox. Və hələlik məlum deyil ki, Rusiya futbol üzrə dünya çempionatını qəbul etməsəydi, hansı davranışı göstərərdi. Biz düşünməyə meyilliyik ki, Moskvada daim qisas haqqında fikirləşəcəklər və yalnız əlverişli fürsəti gözləyirlər. Erməni “məxməri inqilab”ı geosiyasi kontekstə malik deyil, ancaq Ermənistanın müstəqilliyi məsələsində maksimum prinsipial və ardıcıl olmalıdır. Çünki azad vətəndaşlar Rusiyanın quberniyasında yaşamaq istəmirlər”.

Rüfət NADİROĞLU