Fermerlər daha aqrar texnika sarıdan korluq çəkməyəcəklər

8 May 2018 08:00 (UTC+04:00)

“Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-də əsaslı dəyişikliklər aparılıb". Bunu Qax rayonunda jurnalistlərə açıqlamasında yeni kənd təsərrüfatı naziri İnam Kərimov deyib. 

O qeyd edib ki, "Aqrolizinq" ASC yeni yanaşma prinsipi əsasında fəaliyyət göstərəcək: "Aqrolizinq"də düzgün idarəçiliyin bütün prinsipləri-şəffaflıq, səmərəlilik tam təmin ediləcək. "Aqrolizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin digər strukturları kimi öz işini fermer və kəndlinin yanında olması prinsipi əsasında quracaq".
Ekspertlərin fikrincə, deyilənlər reallaşarsa, aqrar sahədə həqiqətən daha böyük məhsul istehsalı gözləmək mümkündür. İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, yeni nazirin ilk ictimai çıxışlarından sahədəki mövcud sistemli problemləri artıq gördüyü məlum olur: “Yəni, sistemli yanaşmanı tətbiq etmək istəyir. Aqrar sahədə ən böyük problemlərdən biri sistemli yanaşmanın olmaması, həmçinin məhsuldarlıqla bağlı problemlərin olması, təşviq proqramlarının düzgün aparılmamasıdır. Nazir də bu istiqamətdə çıxış etdi. Bu da onu göstərir ki, daxili idarəetmədə problemlərin nə olduğunu yaxşı bilib. Bununla bağlı yeni – şəffaf idarəetmə prinsiplərinin gətirilməsi vacib amildir. 
Nəzərə alaq ki, “Aqrolizinq” ASC vacib dövlət strukturudur. Quruma bu günə qədər milyonlarla vəsait ayrılıb. Lakin onun geri dönüşü, fermerlərin problemlərinin həlli hələ də qalmaqdadır. Texnikaların vaxtında çatdırılmaması, gübrə ilə təminatdakı nöqsanlar, təşviq proqramlarının məhsuldarlıq yox, sahənin həcmi ilə ölçülməsi kimi çatışmazlıqlar düzələrsə, aqrar sahədəki problemlər öz həllini tapa bilər. 
Ən böyük problem məhz məhsuldarlıqla bağlıdır. Ölkə ərazisinin təxminən 40 faizi əkinə yararlıdır. Bu da kifayət qədər kiçik göstəricidir. Nəzərə alaq ki, suvarma, texnika ilə təminatla bağlı problemlər var idi. Hansı ki, bunlar da məhsuldarlığa təsir göstərir. Həqiqətən də nazirlik fermerin yanında olsa, mövcud əkin sahələri ilə məhsuldarlığı hər il 25 faiz artırmaq mümkündür”.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, kənd  təsərrüfatı  teknikası   istehsalının  zəif  olduğu  Azərbaycan  üçün  “Aqrolizinq” ASC  fəaliyyəti  böyük   əhəmiyyət   daşıyır: “Kənd  təsərrüfatı  ilə  əlaqədar  “Yol Xəritəsi”ndə  qurumun  fəaliyəti və  əhəmiyyəti  qeyd  edilib. 2004-cü  ildən   fəaliyyət  göstərən  “Aqrolizinq” ASC  tərəfindən  son 10  ildə fermerlər üçün  minlərlə  kənd  təsərrüfatı  texnikası,  gübrələr,  damazlıq   heyvanlar  və digər  xidmətlər  təmin  edilməsinə  baxmayaraq, bu  qurumun  işinin  təkmilləşdirilməsinə  böyük   ehtiyac  var. 
Bölgələrdə  təchizat bazaları və  xidmət  sferası    genişləndirilməli,  qurumun  şəffaflığının  təmin edilməsi  üçün     nəzarət  tədbirləri  həyata  keçirilməlidir. Fermerlərin  aqrolizinqə   marağının  artması  baxımından “Aqrolizinq”in   keçirdiyi   tenderlərin   şəffaflığı  böyük  əhəmiyyət  kəsb  edir.  Fermerlərin  real  ehtiyaclarının  yerlərdə  öyrənilməsi,  onların  arasında  müvafiq  maarfləndirmə  işlərinin  aparılması  zəruridir.  Ən əhəmiyyətlisi  isə,  fermerlər  üçün   əlçatan  qiymətlərlə  və  vaxtında  lazım olan texnika  və  materialların  təmin  edilməsidir.  Bütün  bunlar  həyata  keçirilərsə,  “Aqrolizinq”ə  güvən artar  və  bu  qurumun  fəaliyyətinin  genişləndirilməsi  və  səmərəlilyinin artırılması  mümkün ola  bilər”.
Mübariz BAYRAMOV