“Qarabağ klanı”nın devrilməsi Qarabağ münaqişəsinin həllində yeni ümidlər yaradır

8 May 2018 09:15 (UTC+04:00)

Ermənistan mayın 8-də növbəti baş nazirini seçəcək. Bununla da 10 illik “Qarabağ klanı”nın iqtidarlığı rəsmi olaraq sona çatır. Yeni rəhbər isə yeni siyasət deməkdir. Bu yenilik özünü Qarabağ siyasətində də göstərməlidir. 

Siyasi şərhçi İlqar Vəlizadə bildirir ki, “Qarabağ klanı”nın devrilməsinin münaqişəyə birbaşa təsirindən danışmaq çox çətindir: “Çünki Qarabağ münaqişəsinə daha sərt və ya konstruktiv münasibət bəsələyən qruplar var. Düzdür, hazırki etirazlar mövcud hakimiyyətin siyasətinə qarşıdır. Onun içində Qarabağ siyasəti də var. 
Fərqli dairələr hakimiyyətə gəlsələr, bütün sahələrdə vəziyyət dəyişəcək. Odur ki, Qarabağ məsələsində yaxşılığa doğru dəyişmə istiqamətində ümidlər var. Bununla belə zamanı gözləmək lazımdır. Çünki hakimiyyətin kimlərin gələcəyi dəqiq məlum deyil. Xüsusən də baş nazirin siyasətinin necə olacağını bilmirik. Yəni, proseslərin sonunu gözləmək lazımdır”.
Türkiyəli politoloq Hasan Oqtay Ermənistanda baş verən nümayişləri iki fərqli şəkildə dəyərləndirir: "Bunlardan biri, Ermənistanın daxilində yaşanan sosial-iqtisadi şərtlərdirsə, digərində isə xarici müdaxiləni görmək mümkündür. Nəticədə "Qarabağ klanı"nın Ermənistan rəhbərliyindən çəkiləcəyi  kimi görünür. Lakin hələ proseslərin başlanğıcıdır. İndidən bu mövzuda dəqiq və açıq bir şey söyləmək mümkün deyil. Bununla belə, Nikol Paşinyan yürütdüyü iqtidar mübarizəsində daha sağlam bir nəticə əldə edə bilmək üçün Qarabağ mövzusunda daha çevik  hərəkət etməsini gözlənilir. İqtidarını möhkəm başladıqdan sonra Qarabağ mövzusunda irəliləyişin olması mümkündür”.
Digər politoloq Tofiq Abbasov da Qarabağ məsələsində böyük dəyişikliklərin olacağını düşünür: “Ermənistanda qarışıqlıq yaranandan sonra qondarma "Dağlıq Qarabağ roespublikasının prezidenti" Bako Saakyan İrəvanda peydə oldu. Bir neçə danışıqlar keçirdikdən sonra İrəvanı tərk edib, Qarabağda artilleriya təlimlərinə başlamasına icazə verdi. Bu, ondan xəbər veriri ki, Bako Saakyan İrəvanda istədiyini ala bilmədi. Ona görə də qayıdan kimi əzələ nümayişinə başladı. 
Düzdür, Qarabağa məsələsinə görə, müəyyən hərbi-siyasi xunta varlandı. Amma Ermənistan anlayır ki, Qarabağ layihəsi onun üçün çox baha başa gəlib. Artıq Qərb, həm də Rusiya mətbuatı Serj Sarkisyanın, Robet Köçəryanın xaricdə bank hesablarının, daşınmaz əmlaklarının olması barədə məlumatlar verirlər. Yəni, özləri varlanmaqla xalqın bütün maraqlarını təhlükə altına qoydular”.
Politoloq əlavə etdi ki, hazırda Ermənistanda baş verənlər Ukraynadakı Maydan hərəkatının təkrarıdır: “Bu baxımdan Qarabağ cəbhəsində siyasi dəyişiklər mütləq olacaq. Azərbaycanın gözləntiləri özünü doğrultmaldır. Azərbaycan sülh yolu təklif etsə də, erməni hərbi xuntası bunu istəmirdi. İndi isə vəziyyət dəyişib. Həmsədrlər də anlayırlar ki, Azərbaycanın tələb etdiyi məsələlər yenidən aktuallaşır”.
Mübariz BAYRAMOV