Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri: “Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq”

8 May 2018 11:42 (UTC+04:00)

Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasındaDağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət müzakirə olunub.

Movqe.az-ın məlumatına görə, müzakirələr zamanı çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Ermənistan beynəlxalq hüququn Azərbaycanın lehinə olduğunu bildiyi üçün başqa yollara əl atır. S. Seyidov bu yollardan birinin işğal olunmuş ərazilərdə ticarətlə bağlı olduğunu söyləyib: “Bu münaqişə bütün Avropa üçün təhlükədir. Düzgün yanaşma vəziyyətin normallaşmasına səbəb ola bilər. Ona görə də Avropa İttifaqından bu sahədə mövqe gözləyirik”.

Avropa Parlamentinin ümumi katibliyinin nümayəndəsi Florian Karmona Avropa Parlamentinin qətnamələr qəbul etməklə siyasi mesaj verdiyini nəzərə çatdırıb: “Ancaq biz bu qətnamələri icra edə bilmirik. Biz inanan tərəfdaşa çevrilmək üçün ikili standartlara yol verməməliyik. Buna da çalışırıq. Avropa İttifaqı olaraq Dağlıq Qarabağmünaqişəsi ilə bağlı xüsusi nümayəndə də təyin etmişik. Bununla biz istəyirik ki, münaqişənin həllində aktiv olaq. Çünki bu münaqişə bizə də təsir edir. Biz başa düşürük ki, regionda sabitlik önəmlidir və Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin qorunub saxlanmasında çox önəmli tərəfdaşdır. Minsk qrupuna gəldikdə, qrupda Rusiya həmsədrdir”.

 

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Florian Karmona ilə razılaşmayıb: “Deyirsiniz ki, qətnamələriniz siyasi mesaj xarakteri daşıyır. Ancaq Avropa İttifaqı bu qətnamələrdən sonra sanksiyalar da qəbul edir. Bu halda niyə işğalçı Ermənistana qarşı sanksiya qəbul edilmir? Digər tərəfdən, Minsk Qrupunda Rusiya ilə bərabər, Fransa və ABŞ da həmsədrdir”.

 

Millət vəkili Elman Nəsirov qeyd edib ki, Azərbaycan Avropa Parlamentindən qətnamələrin icrası mexanizminin formalaşmasında dəstək gözləyir: “Siz deyirsiniz ki, biz qətnamələr qəbul etməklə siyasi mesaj veririk. Buna görə də biz bilirik ki, Avropa İttifaqı münaqişənin həllində rol oynamayacaq. Şəxsən mən hesab edirəm ki, heç vaxt bu münaqişəni ATƏTAvropa İttifaqı həll etməyəcək. Bu münaqişəni Azərbaycan xalqı, Ali Baş Komandan İlham Əliyev həll edəcək”.

 

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev bildirib ki, Dağlıq Qarabağmünaqişəsi 30 ildir davam edir: “Qaçqın və məcburi köçkün ailələrində 30 il ərzində dünyaya gələn insanlar hələ də o torpaqlara getməyiblər. Biz istəyirik ki, Azərbaycan və Ermənistan xalqları üçün məqbul sülh yolu tapılsın. Avropa Parlamentindən də bu istiqamətdə dəstək gözləyirik. Hazırda Azərbaycan əhalisi səbirsizliklə Ermənistanda gedən prosesləri izləyir. Bu proseslər Ermənistanda sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa, sülh danışıqları nəticə verə bilər. Əgər bu münaqişə sülh yolu ilə həll olunmasa, işğal olunmuş torpaqlarımız müharibə yolu ilə azad ediləcək. Buna Azərbaycanda heç kəs şübhə etmir. Yəqin ki, Ermənistanda da buna heç kəs şübhə etmir. Bu münaqişə Avropa üçün də təhlükədir. Ona görə də belə görüşlərdə təkliflərimizi verməyə çalışırıq ”.

 

Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, britaniyalı Sayyad Kərim deyib ki, Avropa Parlamenti həmişə rəsmi mövqeyini bəyan edib: “Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımağa da bəyan edəcəyik. Ermənistan anlamalıdır ki, mövqeyini dəyişən zaman regional əməkdaşlıqda iştirak edə bilər. Rusiyanın münaqişədə roluna gəlincə, bu məsələ müzakirələrdə qeyd olundu. Ermənistanın təhlükəsizliyinə gəlincə, bu, ermənilərin düşündüyü birinci məsələdir. Biz Ermənistanda dəyişiklikləri izləyirik. Regionda sabitliyi təmin edən dinamikanı dəstəkləyəcəyik”. 

APA