Havada təhlükə- Bakıdan gələn kəskin qaz qoxusu bu xəstələr üçün risk yaradır

8 May 2018 11:56 (UTC+04:00)

Son günlər paytaxtın müxtəlif rayonlarında havada qaz qoxusu ilə bağlı məlumatlar yayılır.

Azərbaycan Ekoloji Proqnozlar Bürosunun prezidenti, ekoloq Telman Zeynalov havadan gələn kəskin qaz qoxusunun atmosfer havasında qaz qarışıqlarının norma həddindən yüksək olması ilə əlaqələndirir. Ekoloq bildirir ki,  atmosfer havasında olan qaz qarışıqları sanitar norma həddini keçdiyindən, bəzi ərazilərdə pis qoxu hiss olunur. T. Zeynalov qaz qoxusunun norma həddini keçməsinin insan orqanizmi üçün təhlükəli olduğunu da bildirir. Onun sözlərinə görə, atmosferdə qaz qarışıqlarının sanitar norma həddini keçməsi bəzi xəstələrin səhhətində təhlükə yarada bilər. Hətta ekoloq qəribə qoxu hiss edən paytaxt sakinlərinə tibbi maskalardan istifadə etməyi məsləhət görür. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsinin rəhbəri Umayra Tağıyeva isə Movqe.az-a açıqlamasında bir neçə gündür ki, ölkə ərazisində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz şəraitin yarandığını təsdiqləyir: “Ölkə üzrə bu gün həm atmosfer təzyiqi normadan aşağıdır, həmçinin də havanın temperaturu normadan yüksəkdir. 4-7 dərəcəyə qədər havada temperaturun yüksək olması müşahidə olunur. Cənub-şərq istiqamətində küləyin müşahidə olunması havada durğunluğun, inversiya qatının yaranmasına gətirib çıxardıb. Bu şəraitdə atmosferə buraxılan müxtəlif qazların səpələnməsi üçün əlverişsiz şərait yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən hər gün həmin ərazilərdə atmosfer havasının monitorinqi aparılır. Atosferdə norma həddindən yüksək olan qazların hansı qazlar olması, eləcə də miqdarı ilə bağlı təhlillər aparılır. Biz həftə sonu bununla bağlı geniş məlumat veriləcək. Bu məsələ nazirlik tərəfindən diqqət mərkəzində saxlanılır”.
U. Tağıyeva havada qaz qarışıqlarının norma həddini keçməsinin təkcə Bakıda deyil, əksər böyük şəhərlərdə müşahidə olunduğunu söyləyir. Onun sözlərinə görə, zavod və fabriklərin, müəssisələrin işləməsi nəticəsində atmosferə müxtəlif qaz qarışıqları buraxılır: “Bu  məsələ artıq qlobal problem sayılır. Atmosferə müxtəlif qaz qarışıqlarının atılması böyük şəhərlərə xas olan haldır. Biz həftə sonu keçirəcəyimiz mətbuat konfransında bunların hansı qazlar olduğu, norma həddindən nə qədər yüksək olduğu barədə ictimaiyyətə geniş məlumat verəcəyik. Hələki isə monitorinqin nəticələri təhlil edilir”. 
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı keçirdiyi monitorinq zamanı atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb. Nəticədə atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçdiyi üzə çıxıb. ETSN-in mətbuat xidmətinin son məlumatına görə, 4 may tarixində Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib. Qoxu əsasən Xətai, Səbayıl, Nizami rayonlarının ərazilərində hiss olunub. Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla normadan 3 dəfə çox qeydə alınıb və pis qoxu ilə müşayiət edilib”. 
Həkimlər isə atmosferdə qaz qarışıqlarının norma həddini keçməsinin insan səhhəti üçün zərərli olduğunu təsdiqləyirlər. Terapevt Emin Dadaşzadə deyir ki, zavod və fabriklərin işləməsi iqtisadi baxımdan ölkə üçün vacib olsa da, onların atmosferə buraxdığı qazlar norma həddini keçdikdə insan orqanizminə ziyan vurur: “Qaz qarışıqları havada norma həddini keçdikdə havada pis qoxu, kəskin qaz iyisi müşahidə olunur. Bəzən insanlar bu qoxunun fərqinə varmasalar da, ekoloqlar, həkimlər havadan gələn qoxunun müxtəlif qaz qarışıqlarının sanitar norma həddini keçməsi ilə əlaqədar olduğunu anlayırlar. Qeyd edim ki, qaz qarışıqlarının yüksək həddə olması, əsasən havada durğunluq olduğu zaman müşahidə olunur. Küləksiz hava şəraitində qaz qoxusunun səpələnməsi prosesi ləngiyir. Həmin qaz qarışıqları beləcə insanların aldıqları nəfəslə onların ciyərinə çökür. Havada olan qaz qarışıqları   
ilk növbədə  beyin mərkəzinə təsir edir. Tənəffüs mərkəzi beyində yerləşdikdən, oksigen çatışmazlığı beyin mərkəzində hiss edilir. Bu hava ağciyər, ürək çatışmazlığı olan xəstələr üçün çox təhlükəli sayılır. Çünki, sözügedən xəstələr resediv qruplar, risk qrupu sayılır. Havada qaz qarışıqlarının normadan artıq olması şəkər xəstələrinə də mənfi təsir edir. Amma bu havada ən çox zərər dəyən ürəyin işemik xəstələrindən, ağciyər xəstəliyindən əziyyət çəkən xəstələr olur. Onlarda oksigen çatışmazlığı yaranır. Ona görə də, küləksiz, durğun havada bu kateqoriyaya aid olan xəstələrə açıq havada gəzməmək tövsiyyə edilir. Onlara hava küləkli olduqdan sonra açıq havada gəzmələri məsləhət görülür”. 
E. Dadaşzadə deyir ki, havada qaz qarışıqlarının norma həddini keçməsi insanlarda baş gicəllənməsi, baş ağrıları, hava çatışmazlığı, ürək bulanmalarına səbəb olur. 
Terapevt havada olan qaz qarışıqlarının norma həddini keçməsinin digər xəstəliklər yaratma riskinin də olduğunu söyləyir. Onun sözlərinə görə, bununla bağlı ancaq rəsmi açıqlama verildikdən sonra fikir bildirmək olar: “Biz havada olan qaz qarışıqlarının norma həddini keçdiyini bilirik. Bunun başqa hansı fəsadlar yaradacağı barədə danışmaq üçün atmosferə tullanan qaz qarışıqlarının hansı qazlar olduğu barədə məlumata sahib olmaq lazımdır. Ondan sonra bu qazların təhlükəsi barədə ətraflı danışmaq, onların insan orqanizminə vura biləcəyi digər zərərlərdən bəhs etmək olar.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən aparılan monitorinq zamanı, bu qaz qarışıqlarının tərkibi bəlli olacaq”. 
Qeyd edək ki, bütün dünyada atmosferə zərərli qaz qarışıqlarının buraxılmasının norma həddini keçməməsi üçün mübarizə aparılır, ekoloji proqramlar qəbul edilir. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, havanın çirklənməsi səbəbindən hər il yeddi milyon insan həlak olur. Ətraf mühiti çirkləndirən müəsisələr içərisində neft sənayesi müəsisələri əsas yerlərdən birini tutur. Məlumatlara görə, təkcə yanacağın yandırılmasından və istehsal prosesindən 100 il ərzində atmosferə 400 milyard tondan çox karbon 4-oksid (CO2) buraxılır. Hazırda havaya hər il 200 milyon ton karbon 4-oksid, 50 milyon tondan çox azot oksidləri buraxılır. Təkcə hər il yanacağın istehsalı nəticəsində atmosferə təxminən 10 milyon tondan çox karbon qazı 700 milyon ton sulfat anhidridi, dəm qazı, kükürd qazı, azot oksidləri, karbohidrogenlər, 200-300 milyon ton aerozol, his və toz atılır. Müxtəlif sənaye müəssisələri atmosfer havasını, həmçinin çoxlu miqdarda karbon və kükürd qazları ilə zəhərləyir. Böyük şəhərlərdə havanı zəhərləyən əsas mənbələrdən biri də avtomobillərin buraxdığı tüstü qazlarıdır. Bu qazların tərkibində 2-10%-ə qədər karbon 2-oksid (CO) olur. Hal-hazırda atmosferi ən çox çirkləndirən qazlar karbon 2-oksid və kükürd qazlarıdır. Karbon 2-oksidin 77-80%-ni havaya benzinlə işləyən avtomobillər buraxır. Kükürd qazlarını isə atmosferə ən çox istilik elektrik stansiyaları və metallurgiya zavodları buraxır. 
Ətrafa buraxılan kükürd qazının miqdarını azaltmağın yollarından biri tüstü borularının mümkün qədər uca edilməsidir. 

Zülfiyyə QULUYEVA