Təcridxanaya heroin və telefon keçirmək istədilər

8 May 2018 13:35 (UTC+04:00)

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına mobil telefon aparatlarının keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Movqe.az xəbər verir ki, Xidmətdən Trend-ə verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Fətullayev Məhəmməd Hüseyn oğluna qayınatası Xaçmaz rayon sakini İmamquliyev Məmməd Alı oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilmiş sellofan bükülüdə 0,063 qram heroin aşkar edilib.

Həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 16 il müddətinə azadlıqdan məhrum edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Şahbazov Elməddin Aləddin oğluna xalası oğlu Salyan şəhər sakini Zamanov Soltan Nobil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan plastmas yağ qabının içində xüsusi üsulla gizlədilmiş 2 ədəd mobil telefon aparatları və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.

 

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Xanbabayev Zamin İsmət oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Xaçmaz rayon sakini Xanbabayev Məhəmməd İsmət oğlunun əşyalarına və üzərinə baxış keçirilən zaman şalvarının cibindən daxilində danışıq kartı olan 1 ədəd mobil telefon aparatı aşkar olunub.

Hər üç faktla bağlı araşdırma aparılır.