Moskvada Ermənistan üçün «ölüm hökmü» çıxarılır

9 May 2018 08:00 (UTC+04:00)

Məlumdur ki, Nikol Paşinyan Ermənistanın baş naziri seçildi. Bundan sonra Ermənistanda hadisələrin necə cərəyan edəcəyi barədə müxtəlif proqnozlar irəli sürülür. Məsələn, məşhur amerikalı politoloq Pol Qoblun fikrincə, Kreml Nikol Paşinyanı üzdə “tanıyır”, lakin kulislərdə onun mövqeyini zəiflətməyə çalışacaq: “N. Paşinyan Moskva üçün münasib deyil. Çünki Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanı Rusiyadan uzaqlaşdıracaq. Lakin Kreml etirazçıları yatırmaq üçün birbaşa hücum etməyəcək. Daha effektli olması üçün yeni hökuməti devirəcək. Görünür, Putin Ukraynadan dərs çıxarıb”.

Ermənistandakı hadisələrin necə cərəyan edəcəyi dəqiq proqnoz olunmasa da, siyasilər istənilən variantı istisna etmirlər. Yenə də Rusiyayanın əsas rol alacağı görülür.  Politoloq Nəzakət Məmmədova Pol Qoblun fikirləri ilə müəyyən dərəcədə razı olduğunu qeyd edir: “Bəli, N.Paşinyan Rusiyaya münasibətdə əvvəlki hakimiyyətdən xeyli dərəcədə fərqlənir. O, iqtidara gələcəyi təqdirdə Rusiya ilə münasibətləri əvvəlki qaydada saxlayacağını desə də, lakin gün keçdikcə aydın olur ki, bu, heç də belə olmaya bilər. 
Hazırda nə Rusiya, nə N.Paşinyan bir- birlərinə qarşı açıq bəyanatlar vermirlər. Ancaq onların əks qütblərdə dayandığı məlum olur. Heç şübhəsiz ki, Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyən qüvvələr onun və təmsil etdiyi komandasının simasında Rusiyanın Ermənistandan çıxarılmasını ilk məqsəd olaraq görürlər. Daha çox ehtimallar burada ABŞ və ya Fransanı göstərir. Hər bir halda məqsəd, Rusiyanı buradan çıxarmaq, eyni zamanda İrana ABŞ təzyiqlərini artdığı şəraitdə bu ölkənin Ermənistan vasitəsilə Rusiya ilə olan əlaqəsini kəsmək və dünyaya çıxışının qarşısını almaq ola bilər. Lakin heç şübhəsiz ki, Rusiya buradan sakit getmək fikrində deyil və ümumiyyətlə, getmək fikrində deyil. Ermənistan onun üç əsrə yaxındır ki, təsir dairəsinə daxil etdiyi Cənubi Qafqaz siyasətində mühüm yer tutur, onun üçün cənub cinahında forpost dövlətdir. Rusiya ona qarşı 1956-cı ildə Macarıstan, 1968-ci ildə Çexoslovakiya, eləcə də 1990-ci illərdə bəzi müttəfiq respublikalarda olan sessesiya prosesləri cəhdlərini bir qayda olaraq hərbi müdaxilə yolu ilə yatırıb. Ermənistan da istisna ola bilməz. Sadəcə, görünür, Ukrayna və Suriyadakı birbaşa hərbi qarşıdurmadan sonra Rusiya üçüncü cəbhə açmağı hələ ki istəmir. Lakin unutmayaq ki, Rusiyanın Ermənistanda hərbi, siyasi, iqtisadi mövqeləri çox güclüdür. Heç bir digər dövlət bu dərəcədə Rusiya ilə rəqabət aparmaq gücündə deyil, hətta ABŞ və Fransa. Baxmayaraq ki, orada güclü erməni diapsorları var. Qərb siyasi texnoloqları da Rusiyanın buradakı gücünü yaxşı bilir. Bu proseslər Rusiya və İrana qarşı yönəlib. 
İrana ABŞ-ın yenidən sanksiyalar tətbiq etmək istədiyi və Rusiyanı Yaxın Şərqdən çıxarmaq istədiyi bir dövrdə Ermənistanda bu proseslərin baş verməsi təsadüfi deyil. Lakin Rusiya buradan getməyəcək. Rusiya dövləti var olduqca, öz gücünü saxlamaq imkanı olduğu qədər Ermənistanda qalacaq. Hətta ABŞ, İngiltərə və Fransa birləşsə belə, Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq mümkün olmayacaq”.
Politoloq xanım əlavə etdi ki, Respublika Partiyası baş nazir seçkilərində parlamentdə uduzsa, müxalifətə keçəcəyini bəyan edib: “Demək, o zaman Ermənistanda rusiyapərəst çox güclü müxalifət meydana gəlmiş olacaq. Bu müxalifət vasitəsilə də Rusiya yenidən hakimiyyətə iddia edə bilər və o zaman N.Paşinyan baş nazir seçilmiş olsa belə, hakimiyyəti əldə saxlaya bilməsi çox çətin məsələdir. N. Paşinyanın üzv olduğu "Yelk" bloku ötən il parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyindən və KTMT-dən çıxması barədə müzakirələr aparmışdı. Əlbəttə ki, bu hadisələr Rusiyanın yadındadır. Rusiyanın razılıq vermədiyi bir lider Ermənistanda hakimiyyətə gələ bilməz, gəlsə də uzun müddət qala bilməz”.
Nəzakət Məmmədova qeyd etdi ki, bizlər üçün əsas Paşinyanın Qarabağ məsələsinə yanaşmasıdır: “O bildirib ki, Dağlıq Qarabağ erməniləri danışıqlarda tərəf kimi iştirak etməlidir. Bundan başqa m Qarabağa gəlməyi planlaşdırır. Bu da onu göstərir ki, hələ baş nazir kimi o, bu məsələlərdə Serj Sarkisyandan fərqlənmir. Lakin proseslərin sonrakı gedişatını əlbəttə ki, onu küçələrdən hakimiyyətə gətirən mərkəzlər müəyyən etməyə çalışacaq. Onların mövqeyi də gələcək danışıqlar prosesinə müəyyən qədər təsir göstərəcək. Lakin əsası dönüş olacağı inandırıcı deyil. Çünki Ermənistandakı hadisələri təşkil edən ATƏT Minsk qrupu həmsədrlərindən başqası deyil. Əgər həmsədrlər indiyədək irəliləyiş əldə etməyiblərsə, bundan sonra çətin ki, nəsə mühüm yenilik baş versin. Hətta olsa belə, bunun yaxın zamanlarda olması çətin məsələdir. Çünki hələ ki, Paşinyan status-kvonu saxlamaq fikrindədir. Onun mayın 14-də Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etməkdən  imtina etməməsi də bunu sübut edir”. 
Digər siyasi şərhçi Sədrəddin Soltanın fikrincə, Ermənistanda söz sahiblərindən ikisi ölkə xaricindədir: “Bunlardan biri diaspor, digəri isə Moskvadır. 2008-ci il martın 1-də prezident seçkisinin nəticələrinə etiraz edənləri güllələyib öldürən Ermənistan hakimiyyətinin bu dəfə aksiyaçılarla yumşaq davranışı şübhə yaradır. Görünür, xaricdəki söz sahibləri zorakılığa qarşı çıxıblar, yaxud yeni baş nazirin Nikol Paşinyan olması məsələsində razılaşıblar. Çox güman ki, mayın 2-də etiraz dalğası əhatəsinin genişlənməsi, xüsusilə Gümrüdə hakimiyyətin müxalifət tərəfindən ələ keçirilməsi Moskvanı ehtiyatlı olmağa vadar edib. Çünki bu şəhərdə Rusiyanın 102 saylı hərbi hissəsi yerləşir. Həmin hərbi bazanın hərbçilərinə isə Ermənistanda münasibət, birmənalı olaraq, yaxşı deyil. Yerli əhali ilə rusiyalı hərbçilər arasında tez-tez xoşagəlməz hadisələr yaşanır. Düzdür, problem müvəqqəti xarakter daşısa da, ancaq yenə də Rusiyanın düşünməsi üçün amildir”.
Politoloq əlavə etdi ki, Serj Sarkisyanın hakimiyyəti illərində və ondan da əvvəl keçirilən etiraz aksiyalarında anti-Rusiya şüarları səslənib: “Rusiyaya qarşı eyni münasibət yenə də təbliğ olunmaqdadır. Sosial şəbəkələrdə də Ermənistanda baş verənlərlə bağlı müxtəlif fikirlər var.  Ancaq N. Paşinyanın açıqlamalarından görmək olur ki, yeni qüvvələr Rusiyanı Ermənistanın daxili işlərinə müdaxilə etməsinə qarşı çıxacaq. Yəni,  mayın 8-dən sonra Rusiya bu ölkəyə yönəlik siyasətinə dəyişiklik edəcək. Hadisələr sübut edir ki, artıq Ermənistan ictimaiyyəti də Rusiyaya çox etibar etmir. Müstəqillik illərində Ermənistan əhalisinin sayı 3 milyon 574 min nəfərdən 2 milyon 982 nəfərədək azalıb. Onların əksəriyyəti rahat həyat dalınca Qərb dövlətlərinə üz tutublar. Nəhayət, Ermənistanın Rusiyanın əlindən çıxarılması uğrunda mübarizə davam edir. Bu baxımdan, “Mənim addımım” hərəkatının addımlarından birinin Rusiyadan uzaqlaşmağa atılacağı da ehtimal olunur”.
Mübariz BAYRAMOV