Azərbaycan tezliklə Dağlıq Qarabağı qaytaracaq

9 May 2018 09:30 (UTC+04:00)

Ermənistanda etirazçıların lideri Nikol Paşinyanın “məxməri inqilab” adlandırdığı proseslər başlayandan sonra tez-tez Dağlıq Qarabağın erməni hərbi birləşmələrindən təmizlənəcəyinə dair fikirlər səslənir. Rusiyalı ekspert  Aleksandr Qrişin isə hətta bildirir ki, əgər hər şey bu ssenari üzrə davam edəcəksə, o zaman, Azərbaycan tezliklə Dağlıq Qarabağı qaytaracaq.

Politoloq Natiq Miri  bildirdi ki, proseslərin gedişatı Azərbaycanın geosiyasi maraqlarına cavab verəcək səviyyədədir: “Ermənistanda yaşanan hazırkı proseslər fonunda tez-tez Dağlıq Qarabağın erməni hərbi birləşmələrindən təmizlənəcəyinə dair iddiaların səslənməsi son zamanlar bir çox siyasi və hərbi ekspertlərin Azərbaycanın yaranmış fürsətdən istifadə edərək dərhal hərbi əməliyyatlar keçirməsinə bir cavabdır. İddia edirik ki, mövcud situasiya Azərbaycanın maraqlarına xidmət edəcək istiqamətdə inkişaf edir. Bu gün əslində görünən də odur. Fikir verirsinizsə, artıq Rusiya mediası, siyasi müstəvisi və rəsmi çevrələrdə antierməni ovqatı köklənməkdədir. Təkcə çap mediasında deyil, elektron kütləvi informasiya vasitələrində də Ermənistan ciddi şəkildə ittiham və təhqir olunur. Belədə Ermənistanın rədd olaraq Rusiya orbitindən çıxması tələb olunur. Bütün bunlar onu göstərir ki, Rusiya müəyyən müddət keçəndən sonra baş verən olayların revanşını, əvəzini Ermənistanın yeni hökumətindən alacaq.

Bir məsələni diqqətdən qaçırmaq olmaz. Rusiya belə işləri heç zaman unutmur. Ermənistanda köklənən anti-Rusiya ovqatı müqabilində Moskva Suriyanın şimalında Afrin əməliyyatını keçirmək üçün Türkiyəyə imkan haqqını tanıdığı kimi, müəyyən müddətdən sonra eynən Dağlıq Qarabağ və ətraf rayonlarda hərbi əməliyyat keçirmək üçün Azərbaycana da yardım edə bilər. Məhz bu cür şərait yarandığı üçün Azərbaycan hakimiyyəti nisbətən tədbirli davranır. Çünki proseslərin gedişatı Azərbaycanın geosiyasi maraqlarına xidmət edəcək səviyyədədir. Azərbaycan hakimiyyəti də düşünür ki, Ermənistanda cərəyan edən son proseslər bir növ ölkəmizin maraqları kontekstində baş verir. Hadisələrin bundan sonrakı inkişafı da inşallah ölkəmizin geosiyasi maraqları kontekstində baş verəcək. Yəni, Rusiya ilə Ermənistan arasında arxa səhnədə gizli bir qarşıdurmanın olduğu hiss olunur. Bunu da adi baxışla Rusiya mediası və elektron kütləvi informasiya vasitələrində də rahat şəkildə müşahidə edə bilərik. Ona görə düşünürəm ki, ola bilsin. Dağlıq Qarabağ probleminin həlli istiqamətində çox yaxın zamanlarda Azərbaycanın xeyrinə olacaq hansısa hadisələr yaşana bilər. Bu ehtimal çox böyükdür. Hər bir halda, bütün məsələlərin çözümü mütləq mənada hansısa hadisələrin qəfləti yaşanmasından asılı olaraq baş verir. Ermənistandakı məxməri inqilab da inşallah, Qarabağın azad edilməsilə müşayiət olunar”.

Rüfət NADİROĞLU