AŞPA-da Azərbaycan qərəzi yeni təsdiqini tapır

9 May 2018 11:00 (UTC+04:00)

"İctimai təşkilatlar məni Avropa Şurası Parlament Assambleyasında (AŞPA) bəyanatla çıxış etməyə, Azərbaycanı və ayrı-ayrı deputatları ittiham etməyə çağırırdılar". Bunu Ukrayna mətbuatına müsahibəsində AŞ PA-nın keçmiş sədri Ann Brassör qurumun korrupsiya ilə bağlı hesabatını şərh edərkən deyib.

Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Ann Brassörün həmin açıqlaması AŞPA-da ölkəmizlə bağlı səslənən əsassız

fikirlərin tamamilə böhtan və Azərbaycanın haqlı olduğunu üzə çıxartdı: “Avropa qitəsində ictimai rəydən çox çəkinir və qorxurlar. Çünki burada ictimai rəy mühüm rol oynayır. Xüsusən də siyasət adamları ümumiyyətlə, ictimai rəyin təsirini ciddi şəkildə nəzərə alır və barələrində hər hansı bir mənfi rəyin yaranmasına qarşı tədbirlər görürlər. Siyasətçilər bir qayda olaraq bir-birinə qarşı gedə bilmirlər. Amma müəyyən maraqlı qruplar, mərkəz və təşkilatlar olur ki, onlar konkret siyasət adamlarını hədəfə alaraq, onlar barəsində mənfi ictimai rəy formalaşdırmağa çalışırlar. Bu rəylərin də çox zaman əsası olmur. Hansısa böhtan və şayiələrlə insanları gözdən salırlar və nəticə etibarı ilə Avropada bu cür mənfi rəylə üzləşən siyasət adamı bitmiş olur. Yəni onun siyasi karyerasına artıq son qoyulur. Ona görə də həmin zərərli mərkəzlərin hədəfə aldığı siyasətçilər bəzən özlərini qorumaq üçün məcburiyyət qarşısında onların tələblərinə boyun əyməli olurlar. Yəni həmin mərkəzlər konkret siyasətçini ələ alır, öz tərəflərinə çəkmək üçün danışıqlar aparır, şirnikləndirici vədlər verir, yaxud bu və  ya digər şəkildə təhdid edib komandalarına qoşmaq istəyirlər. Qoşa bilməyəndə də təbii ki, hücum edib, onları guya rüşvət almaqda, kiməsə cinsi təcavüz etməkdə ittiham edərək, nüfuzdan salmağa başlayırlar.

Ann Brassörün açıqladığı məsələ də məhz o qəbildəndir.

Bu məsələləri əslinə qalanda, illərdir dilə gətirir, deyirik ki, həqiqətən də Avropa və Amerikada müəyyən mərkəzlər

siyasətlərində xüsusən də Azərbaycan kimi ölkələrə qarşı belə metodlardan geniş istifadə edirlər. Bu sözləri deyəndə əleyhdarlarımız üzərimizə gəlirlər ki, böhtan atırsınız,

Avropada, Amerikada belə şeylər mümkün deyil. Fikrimcə, Ann Brassörün indiki açıqlaması o adamların hamısına çox tutarlı bir cavabdır. Artıq onun timsalında AŞPA deputatı açıq şəkildə etiraf edir ki, ondan Azərbaycana qarşı istifadə etməyə çalışıblar. Bu da artıq dediklərimizin kifayət qədər yüksək səviyyədə təsdiqidir.

Bir daha bəlli olur ki, müəyyən mərkəzlər Azərbaycan kimi ölkələri öz buyruq qullarına çevirmək üçün belə metodlardan istifadə edir. Bu mənada Azərbaycan dövləti də həmin mərkəzlər qarşısından geri çəkilməməkdə düz edir, tələblərinə boyun əymir.

Təbii ki, yalan ayaq tutar, yeriməz. Bəlli zaman keçdikdən sonra ortaya gerçəklik üzə çıxır və məlum olur ki, əvvəl deyilənlər, səslənən fikirlər tamamilə böhtandır. Azərbaycan atılan böhtandan qorxaraq geri çəkilsə, öz marağından güzəştə getsəydi, təbii ki, hazırda bu cür dayanıqlı, kifayət qədər ləyaqətli dövlətin sahibi olmazdıq”.

Rüfət NADİROĞLU