Azərbaycan kommunistləri Mehdi Hüseynzadəni yad etdilər

10 May 2018 10:20 (UTC+04:00)

9 may 2018-ci il tarixində İkinci dünya  müharibəsində Alman faşizmi üzərində qələbənin 73-cü ildönümü münasibəti ilə Azərbaycan kommunistləri Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakı şəhərində ucaldılmış abidəsi önünə gələrək, onu ziyarət etmiş, abidənin önünə əklil və  tər qərənfil dəstələri qoymuşlar. Partiyadan movqe.az-a verilən məlumata görə, tədbirdə KPİ-Sov. İKP ( Kommunist Partiyalar Ittifaqı - Sovet İttifaqı Kommunist Partiyası) İcrayə Komitəsi, Mərkəzi Şurasının üzvü, Azərbaycan KP MK-nın sədri Rauf Qurbanov qələbənin əldə olunmasında əvəzolunmaz rolu olan həm ön, həm arxa cəbhə müharibə veteranlarını bu böyük qələbə münasibətilə təbrik etmiş, Qələbə gününün onilliklər boyunca müqəddəs bir bayram olduğunu qeyd etmişdir. O, öz nitqində söyləmişdir ki, məhz bu günün sayəsində Sovet İttifaqının xalqları faşizm köləliyindən xilas olub, bir çox Avropa və Asiya ölkələri öz müstəqilliyini əldə etmişdilər. O böyük gün haqqında söz açan partiya sədri, tədbir iştirakçılarının nəzərinə aşağıdakıları çatdırmışdır: "Bu bayram hər il bizdən daha da çox uzaqlaşır. Amma biz buna baxmayaraq heç zaman bizim babalarımızın qəhrəmanlığın təcəssümü olan azadlıq, şərəf, sabitlik uğrunda apardıqları mübarizəni unutmamalıyıq. Bu bayram günündə ilk növbədə hər kəsə sülh arzulamaq istərdim. Çünki heç nə insan həyatından, qırılmış  talelərdən, anaların gözyaşlarından dəyərli deyil. Qoy bu qələbə insanları yalnız yaxşı əməllərə, Vətənə məhəbbətə ilhamlandırsın. Qoy heç kim heç vaxt müharibə görməsin".   
    Qurbanovun çıxışından sonra bir sıra yoldaşlar söz alaraq  bu günkü sabit həyatımıza görə öz canlarını qurban vermiş  Vətənimizin igid övladlarnı  yad etmiş, onların qəhrəmanlıqlarından danışmışlar. Mərasimin sonunda 
bir necə AKP fəallarına qələbə bayramı münasibəti ilə BSZİ -nin təsis etdyi xatirə medalları və fəxri fərmanlar təqdim edilmiş, daha sonra  tədbir iştirakçıları partiya rəhbərliyi ilə birlikdə xatirə şəkili çəkdirmiş, bununla da qələbənin 73-cü ildönümünə həsr olunmuş təntənəli tədbir öz işini başa çatdırmışdır.
    Silsilə tədbirlər Azərbaycan Kommunist Partiyasının fəaliyyətdə olan bütün rayon-şəhər təşkilatlarında da keçirilmişdir.