Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan xüsusi iclas keçirilib

10 May 2018 14:36 (UTC+04:00)

Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan xüsusi iclas keçirilib.

Movqe.az-ın məlumatına görə, iclasda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın ideoloji əsaslarını yaradıb.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizin bəlalardan qurtulduğunu dilə gətirən komitə sədri söyləyib ki, həmin dövrdə Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı:

“Bu gün Ulu Öndər Heydər Əliyevin siyasəti etibarlı əllərdədir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müstəqil Azərbaycan adı yaşadıqca, Heydər Əliyev dühası Azərbaycanı işıqlandıracaq”.

İclasda çıxış edən deputat Aydın Mirzəzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev çox böyük təcrübəyə malik idi: “Lakin onun fəaliyyətinə nəzər salanda dahi şəxiyyətin eyni zamanda güclü nəzəriyyəçi olduğunu görmək mümkündür. Bir insanın hər iki xüsusiyyətə sahib olması dünyada nadir hallardan hesab olunur”.

A.Mirzəzadə deyib ki, Ümummilli Lider Heydər Əliyev hər kəsə Azərbaycanı sevmək yolunu öyrətdi: “Ulu Öndər Azərbaycanın gələcək inkişaf yolunu göstərdi. Hazırda bu inkişaf Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan quruculuğunda atılan addımlar Ulu Öndər Heydər Əliyevin hər zaman qələbə çalacaq dühaya malik olduğunu göstərir”.

Millət vəkili Rafael Hüseynov isə bildirib ki, Heydər Əliyev Azərbaycanı bəlalardan xilas edib: "Ulu Öndər Azərbaycana dünya kontekstdən baxırdı. O, Azərbaycanın varlığı ilə öyünürdü. Ulu Öndər Heydər Əliyev həm də ona görə böyük şəxsiyyətdir ki, onun qurduğu yol yarımçıq qalmadı, bu yol davam edir. Təbii ki, bu yolu yaşadanın da rolu çox böyükdür. Belə ki, Ulu Öndər yolunu yaşatmaq ikinci hünərdir və bu yol Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır”.

Daha sonra çıxış edən millət vəkili Jalə Əliyeva vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev müstəqil, qüdrətli Azərbaycan kimi əsər yaradıb: “Ulu Öndərin xalqı qarşısında xidmətləri çox böyükdür. Onları sadalamağa vaxt çatmaz. Ümummilli Lider Heydər Əliyev bir günəşdir. Günəş daim yeri aydınlatdığı kimi, Ulu Öndərin ideyaları da bir ömür boyu yaşayacaq”.